segunda-feira, 20 de abril de 2015

1,2 PETER: AZERBAIJAN


1 Peter 1
1 İsa Mәsihin hәvarisi mәn Peterdәn seçilmiş, Pont, Qalatiya, Kappadokiya, Asiya vilayәti vә Bitinyaya yayılmış qәriblәrә salam! 2 Ata Allahın qabaqcadan bilmәsinә görә siz Ruh tәrәfindәn tәqdis olunaraq İsa Mәsihә itaәt etmәniz vә Onun qanının üzәrinizә sәpilmәsi üçün seçilmisiniz. Qoy lütf vә sülh sizә bol-bol verilsin! 3 Rәbbimiz İsa Mәsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mәrhәmәtinә görә yenidәn doğulmamızı tәmin etdi. İsa Mәsihin ölülәr arasından dirilmәsi ilә bizi canlı ümidә, 4 çürümәz, lәkәsiz, solmaz bir irsә qovuşdurdu. Bu irs sizin üçün göylәrdә saxlanılır. 5 Siz Allahın qüdrәti ilә axır zamanda aşkar olunmağa hazır olan xilas üçün iman vasitәsilә qorunursunuz. 6 Buna görә hal-hazırda qısa bir müddәt cürbәcür sınaqlarda kәdәrә düşmәyә mәcbur olsanız da, hәdsiz sevinirsiniz; 7 belә ki imanınızın sınaqdan keçmәsi İsa Mәsihin zühurunda sizә tәrif, izzәt vә şәrәf gәtirsin. Bu imanınız odla tәmizlәnsә belә, fani qızıldan daha çox dәyәrlidir. 8 Siz İsa Mәsihi görmәmisiniz, amma Onu sevirsiniz. Hәtta siz Onu indi dә görmürsünüz, lakin Ona iman edib tәsvirolunmaz vә izzәtli sevinclә hәdsiz sevinirsiniz. 9 Çünki imanınızın nәticәsindә canınızın xilasına nail olursunuz. 10 Sizә göstәrilәcәk lütf barәsindә әvvәlcәdәn xәbәr verәn peyğәmbәrlәr bu xilasa dair araşdırma vә tәdqiqatlar aparardı. 11 Onların daxilindә olan Mәsihin Ruhu Mәsihin әzabları vә onlardan sonrakı izzәti barәdә әvvәlcәdәn şәhadәt edirdi. Bunların necә vә nә vaxt gәlәcәyi barәdә Ruhun nә göstәrdiyini araşdırdılar. 12 Bu şeylәri elan edәrәk özlәrinә deyil, sizә xidmәt etdiklәri onlara açıqca göstәrildi. Müjdәni göydәn göndәrilmiş Müqәddәs Ruh vasitәsilә sizә yayanlar indi hәmin xәbәri sizә bildirdi. Mәlәklәr dә bu şeylәri yaxından tanımaq arzusundadır. 13 Buna görә ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklә İsa Mәsihin zühurunda sizә verilәcәk lütfә bağlayın. 14 İtaәtkar uşaqlar kimi cahil ikәn qapıldığınız әvvәlki ehtiraslara uymayın. 15 Amma sizi çağıran Allah müqәddәs olduğuna uyğun olaraq siz dә bütün hәyat tәrzinizdә müqәddәs olun, 16 necә ki yazılıb: "Müqәddәs olun, çünki Mәn müqәddәsәm". 17 Tәrәfkeşlik etmәdәn öz әmәlinә görә hәr kәsi mühakimә edәn Allahı "Ata" deyә çağırdığınız üçün bu qürbәt dünyadakı vaxtınızı Allah qorxusunda keçirin. 18 Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç hәyat tәrzindәn qızıl ya gümüş kimi fani şeylәrlә deyil, 19 qüsursuz vә lәkәsiz quzuya bәnzәyәn Mәsihin qiymәtli qanı bahasına satın alınmısınız. 20 Dünya yaranmazdan әvvәl tanınmış Mәsih bu axır zamanda sizә görә zühur etdi. 21 Mәsih vasitәsilә siz Onu ölülәr arasından dirildib izzәtlәndirәn Allaha iman edirsiniz. Belәliklә, imanınız vә ümidiniz Allaha bağlıdır. 22 Hәqiqәtә itaәt edәrәk ürәklәrinizi saflaşdırıb riyasız qardaşlıq mәhәbbәtinә sahib oldunuz. Buna görә bir-birinizi var gücünüzlә sәmimi qәlbdәn sevin. 23 Çünki siz çürüyәn toxumdan deyil, çürümәzdәn, Allahın canlı, davamlı olan kәlamı vasitәsilә yenidәn doğulmusunuz. 24 Ona görә ki "Bütün bәşәr ota bәnzәr, Onun bütün gözәlliyi çöl çiçәyi kimidir. Ot quruyar, çiçәk tökülәr, 25 Amma Rәbbin sözü әbәdi qalar". Sizә vәz olunan Müjdә sözü budur.
1 Peter 2
1 Belәliklә, hәr cür pisliyi, hiylәni, ikiüzlülüyü, paxıllığı vә hәr cür böhtançılığı üzәrinizdәn atın. 2 Anadan tәzә olmuş çağalar kimi pak ruhani südә susayın ki, bununla bәslәnib böyüyәrәk xilasa nail olasınız. 3 Çünki siz daddınız ki, Rәbb nә qәdәr xeyirxahdır. 4 İnsanların rәdd etdiyi, amma Allahın qiymәtli sayıb-seçdiyi diri Daşa, Rәbbә yaxınlaşaraq 5 özünüz dә diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqәddәs kahin dәstәsi olasınız vә İsa Mәsih vasitәsilә Allaha mәqbul olan ruhani qurbanlar tәqdim edәsiniz. 6 Çünki Müqәddәs Yazıda yazılıb: "Budur, Sionda bir daş, Seçilmiş, qiymәtli bir guşәdaşı qoyuram. Ona iman edәn kәs әsla utandırılmaz". 7 Belәliklә, iman edәn sizlәr üçün bu daş qiymәtlidir, amma iman etmәyәnlәr üçün "bәnnaların rәdd etdiyi daş guşәdaşı olub", 8 "büdrәmә daşı vә yıxıdan qaya" da oldu. Onlar kәlama itaәt etmәdiklәri üçün büdrәyir vә onların tәyinatı budur. 9 Amma siz seçilmiş nәsil, Padşahın kahin dәstәsi, müqәddәs millәt, Allaha mәxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrәtamiz nuruna çağıran Allahın çox gözәl işlәrini elan etmәk üçün seçilmisiniz. 10 Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mәrhәmәt tapmamışdınız, indi isә mәrhәmәt almısınız. 11 Sevimlilәr, sizә yalvarıram, cana qarşı mübarizә aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qәrib vә gәlmәsiniz. 12 İmanlı olmayanların arasında yaxşı hәyat tәrzi sürün ki, sizi pislik edәn adamlar kimi tәqsirlәndirib böhtan atsalar da, yaxşı işlәrinizi müşahidә edib Allahın onlara yaxınlaşdığı gündә Onu izzәtlәndirsinlәr. 13 İnsanın yaratdığı hәr quruma Rәbb naminә tabe olun; hәm ali hakimiyyәt olduğuna görә padşaha, 14 hәm dә pislik edәnlәri cәzalandırmaq, yaxşılıq edәnlәri dә tәriflәmәk üçün onun tәrәfindәn göndәrilәn valilәrә tabe olun. 15 Çünki Allahın iradәsi yaxşılıq edәrәk axmaqların cahilliyini susdurmanızdır. 16 Azad insanlar kimi yaşayın. Ancaq azadlığınızı pislik etmәk üçün bәhanә saymayıb Allahın qulları olaraq yaşayın. 17 Hamıya hörmәt edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun, padşaha hörmәt edin. 18 Ey xidmәtçilәr! Yalnız xeyirxah vә mülayimlәrә deyil, zalım ağalarınıza da tam ehtiramla tabe olun. 19 Әgәr biri Allah qarşısındakı vicdan naminә, haqsız yerә әzab çәkib kәdәrә tab gәtirirsә, bu, tәrifә layiqdir. 20 Axı etdiyiniz günahlara görә döyülsәniz vә buna dözsәniz, bu sizә nә şәrәf gәtirәr? Amma siz yaxşılıq etdiyiniz üçün әzab çәkib dözsәniz, bu Allah qarşısında tәrifә layiqdir. 21 Siz mәhz bunun üçün çağırıldınız. Çünki Mәsih dә sizin üçün әzab çәkdi vә sizә nümunә oldu ki, siz dә Onun izi ilә gedәsiniz. 22 O heç bir günah etmәdi, Ağzından hiylә sözü çıxmadı. 23 Onu söydülәr, O isә cavabında söymürdü, Әzab çәkәrәk heç kimi hәdәlәmirdi, Әksinә, әdalәtli Hakimә Özünü tәslim etdi. 24 O, bәdәni çarmıxa çәkilәrәk bizim günahlarımızı Öz üzәrinә götürdü ki, biz günaha münasibәtdә ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilә siz şәfa tapdınız. 25 Hamınız qoyun kimi yolunuzu azmışdınız, indi isә canınızın Çobanına vә Nәzarәtçisinә tәrәf döndünüz.
1 Peter 3
1 Ey arvadlar, siz dә eyni tәrzdә öz әrlәrinizә tabe olun. Әgәr onlardan bәzisi Allahın kәlamına itaәt etmәzsә, siz arvadların ismәtli, ehtiramlı hәyat tәrzinizi müşahidә etsinlәr; belәcә onları dinmәz-söylәmәz qazana bilәrsiniz. 3 Qoy sizin bәzәyiniz saçlarınızı hörüb qızıl bәr-bәzәk taxmaq vә gözәl geyimlәr geymәklә zahiri şeylәr deyil, 4 gizli olan daxili varlığınız, hәlim vә sakit ruhun solmayan gözәlliyindәn ibarәt olsun. Bu, Allahın qarşısında çox dәyәrlidir. 5 Çünki qәdim zamanlarda Allaha ümid bağlayan müqәddәs qadınlar öz әrlәrinә tabe olaraq belә bәzәnәrdilәr. 6 Mәsәlәn, Sara İbrahimi "ağam" deyә çağıraraq ona itaәt edirdi. Siz dә yaxşılıq edib heç bir qorxuya qapılmasanız, Saranın övladları olursunuz. 7 Ey әrlәr, siz dә bunun kimi arvadlarınızla әdәblә, onların daha zәrif varlıqlar olduğuna uyğun davranın. Sizinlә birlikdә Allahın lütf etdiyi hәyatı irs olaraq aldıqlarına görә onlara hörmәt göstәrin ki, dualarınıza maneçilik törәdilmәsin. 8 Nәhayәt, hamınız hәmfikir olun. Başqalarının hәr bir hissinә şәrik olun, bir-birinizi qardaşlıq mәhәbbәti ilә sevin, rәhmli vә itaәtkar olun. 9 Pisliyә pisliklә, söyüşә dә söyüşlә cavab vermәyin, әksinә xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız. 10 Çünki: "Kim hәyatdan kam almaq, Xoş gün görmәk istәyirsә, Qoy dilini şәrdәn, Ağzını hiylә danışmaqdan qorusun, 11 Qoy şәrdәn çәkinib yaxşılıq etsin, Qoy sülhü axtarıb ardınca getsin! 12 Çünki Rәbbin gözü salehlәrin üzәrindәdir, Qulaqları onların fәryadlarına açıqdır. Amma Rәbbin üzü şәr işlәr görәnlәrә qarşıdır". 13 Әgәr yaxşılıq etmәyә sәy göstәrsәniz, sizә kim pislik edәr? 14 Amma әgәr salehlik uğrunda әzab çәksәniz belә, siz bәxtiyarsınız. İnsanların hәdә-qorxu gәlmәsindәn qorxmayın vә lәrzәyә düşmәyin. 15 Lakin Mәsihi Rәbb kimi ürәyinizdә müqәddәs tutun. Daxilinizdә olan ümid barәsindә sizdәn hesabat istәyәn hәr kәsә cavab vermәk üçün hazır olun. 16 Vicdanınızı tәmiz tutaraq bunu hәlimliklә vә ehtiramla edin ki, Mәsihdә olan yaxşı davranışınızı tәhqir edәnlәr sizә atdıqları böhtandan utansınlar. 17 Әgәr Allahın iradәsi budursa, yaxşılıq etdiyi üçün әzab çәkmәk pislik etdiyi üçün әzab çәkmәkdәn yaxşıdır. 18 Çünki saleh olan Mәsih dә saleh olmayanlar uğrunda, onların günahları üçün bir dәfә әzab çәkdi ki, sizi Allahın hüzuruna gәtirsin. O cismәn edam edilmiş, amma ruhәn hәyata qovuşmuşdur. 19 O ruhәn gedib zindandakı ruhlara da vәz etdi. 20 Bunlar bir vaxtlar, Allah Nuhun gәmi düzәltdiyi dövrdә sәbirlә gözlәdiyi vaxt itaәtsiz idi. O gәmidә isә az adam, başqa sözlә, sәkkiz nәfәr sudan sağ-salamat çıxdı. 21 Bu nümunәyә uyğun olaraq vәftiz indi sizә İsa Mәsihin dirilmәsi ilә xilas gәtirir. Vәftiz cismani çirki yumaqdan ötrü deyil, tәmiz vicdanla Allah qarşısında söz vermәk üçündür. 22 İsa Mәsih göyә qalxıb vә Allahın sağındadır. Mәlәklәr, hakimlәr vә qüvvәlәr dә Ona tabedir.
1 Peter 4
1 Belәliklә, Mәsih cismәn әzab çәkdiyinә görә siz dә eyni düşüncәlәrlә silahlanın. Çünki cismәn әzab çәkәn günahdan vaz keçmişdir. 2 Nәticәdә cisimdә qalan vaxtını isә artıq bәşәri ehtiraslara görә deyil, Allahın iradәsinә görә yaşayır. 3 Siz keçmiş vaxtlarda imanlı olmayanların istәklәrini yerinә yetirib hәyatınızı әxlaqsızlıqla, ehtirasla, әyyaşlıqla, eyş-işrәtlә, içib azğınlıq etmәklә, iyrәnc bütpәrәstliklә keçirdiyiniz yetәr! 4 İmanlı olmayanlar onlarla birlikdә eyni cür pozğunluğa uymadığınıza görә tәәccüb edir, sizә şәr atırlar. 5 Onlar dirilәri vә ölülәri mühakimә etmәyә hazır olan Allaha cavab verәcәklәr. 6 Çünki bu sәbәbә görә Müjdә ölülәrә dә yayıldı ki, cismәn onlar bütün insanlar kimi mühakimә olunduğu halda, ruhәn Allah kimi yaşasınlar. 7 Hәr şeyin sonu yaxındır. Belәliklә, ağıllı-kamallı olun vә dua etmәk üçün ayıq durun. 8 Hәr şeydәn әvvәl, bir-birinizi cani-dildәn sevin, çünki "mәhәbbәt çox günahı örtәr". 9 Şikayәt etmәdәn bir-birinizә qonaqpәrvәrlik göstәrin. 10 Hәr kәs Allahın çoxcәhәtli lütfünün yaxşı idarәçilәri kimi aldığı әnama görә bir-birinә xidmәt etsin. 11 Kim danışırsa, Allahın sözlәrini danışan kimi danışsın. Kim xidmәt edirsә, Allahın verdiyi qüvvәtlә xidmәt etsin. Belәcә Allah hәr şeydә İsa Mәsih vasitәsilә izzәtlәnәcәk. İzzәt vә qüdrәt әbәdi olaraq İsa Mәsihindir. Amin! 12 Sevimlilәr, sizi sınamaq üçün aranızda baş verәn odlu imtahana sanki başınıza gәlәn qәribә bir iş kimi tәәccüb etmәyin. 13 Әksinә, Mәsihin әzablarına nә qәdәr şәrik olursunuzsa, o qәdәr sevinin ki, Onun izzәtli zühurunda hәdsiz sevinәsiniz. 14 Mәsihin adına görә tәhqir olunsanız, siz nә bәxtiyarsınız! Çünki Allahın izzәtli Ruhu üzәrinizdә qalır. 15 Amma heç biriniz qatil, oğru ya başqa cür cinayәtkar kimi yaxud başqalarının işinә qarışan şәxs kimi әzab çәkmәsin. 16 Lakin әgәr bir insan mәsihçi kimi әzab çәkirsә, qoy bundan utanmasın, bu adı daşıyaraq Allahı izzәtlәndirsin. 17 Çünki mühakimәnin Allahın ev xalqından başlandığı vaxt gәlir. Әgәr mühakimә әvvәl bizdәn başlanarsa, Allahın Müjdәsinә itaәt etmәyәnlәrin sonu necә olacaq? 18 Әgәr saleh belә, çәtinliklә xilas olursa, bәs allahsız vә günahkar necә olacaq? 19 Bunun üçün qoy Allahın iradәsinә görә әzab çәkәnlәr yaxşılıq edәrәk hәyatlarını sadiq olan Yaradana hәvalә etsinlәr.
1 Peter 5
1 Ey aranızda olan ağsaqqallar! Mәn dә sizin kimi ağsaqqal vә Mәsihin әzablarının şahidiyәm, zühur edәcәk izzәtә dә şәrikәm. Sizә yalvarıram, 2 Allahın sizә hәvalә etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü vә Allahı razı salan tәrzdә, haqsız qazanca hәris olmadan, hәvәslә nәzarәt edin. 3 Sizә tapşırılanlar üzәrindә ağalıq etmәyin, amma sürüyә nümunә olun. 4 Baş Çoban zühur etdiyi zaman siz solmayan izzәt tacı alacaqsınız. 5 Eyni ilә, siz dә, ey gәnclәr, ağsaqqallara tabe olun. Hamınız bir-birinizә itaәtkarlıq göstәrin. Çünki "Allah mәğrurlara qarşıdır, itaәtkarlara isә lütf göstәrәr". 6 Allahın qüdrәtli әli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq. 7 Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır. 8 Ayıq durun, oyaq olun. Çünki düşmәniniz olan iblis nәrildәyәn vә kimisә aşırmaq istәyәn aslan kimi dolaşır. 9 Möhkәm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür әzab çәkirlәr. 10 Siz qısa bir müddәt әzab çәkdikdәn sonra sizi İsa Mәsihdә Özünün әbәdi izzәtinә çağırmış, hәr cür lütf verәn Allah Özü sizi bәrpa edәcәk, möhkәmlәdәcәk, qüvvәtlәndirәcәk vә sarsılmaz tәmәlә oturdacaq. 11 Qüdrәt әbәdi olaraq Onun olsun! Amin. 12 Bu qısa mәktubu etibarlı saydığım qardaşımız Sila vasitәsilә sizә yazıram. Sizi hәvәslәndirәrәk şәhadәt etdim ki, Allahın hәqiqi lütfü budur. Ona bağlı qalın. 13 Sizin kimi seçilmiş Babildәki cәmiyyәt vә oğlum Mark da sizi salamlayır. 14 Bir-birinizi mәhәbbәtlә öpәrәk salamlayın. Mәsihdә olan hamınıza sülh olsun!

2 Peter 1
1 İsa Mәsihin qulu vә hәvarisi mәn Şimon Peterdәn Allahımız vә Xilaskarımız İsa Mәsihin salehliyi sayәsindә bizimlә bәrabәr qiymәtli iman әldә etmiş olanlara salam! 2 Allahı vә Rәbbimiz İsanı tanıdıqca lütf vә sülh sizә bol-bol verilsin! 3 Bizi Öz izzәti vә alicәnablığına Çağıranın ilahi gücü Onu tanımağımız vasitәsilә yaşamağımız vә mömin olmağımız üçün lazım gәlәn hәr şeyi bizә bәxş etdi. 4 Belәliklә, O bizә çox böyük vә dәyәrli vәdlәr verdi ki, bunlar vasitәsilә ehtirasın nәticәsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi tәbiәtә şәrik olasınız. 5 Elә buna görә dә siz bütün sәylә imanınıza alicәnablıq, alicәnablığınıza bilik, 6 biliyinizә nәfsә hakim olmaq, nәfsә hakim olmağınıza dözüm, dözümünüzә möminlik, 7 möminliyinizә qardaşlıq sevgisi vә qardaşlıq sevgisinә mәhәbbәt әlavә edin. 8 Çünki әgәr bunlar sizdә varsa vә artırsa, sizi Rәbbimiz İsa Mәsihi tanımaqda fәaliyyәtsiz vә sәmәrәsiz olmaqdan qoruyacaq. 9 Bunlar kimdә yoxdursa, o kordur, uzağı görә bilmәz vә әvvәlki günahlarından tәmizlәndiyini unutmuşdur. 10 Belәliklә, ey qardaşlar, çağırıldığınızı vә seçildiyinizi tәsdiq etmәk üçün daha da sәy göstәrin. Çünki әgәr bunu etsәniz, heç vaxt büdrәmәzsiniz. 11 Belәcә Rәbbimiz vә Xilaskarımız İsa Mәsihin әbәdi Padşahlığına girmәk sәlahiyyәti sizә bol-bol ehsan edilәcәk. 12 Ona görә dә bunları bilsәniz vә sahib olduğunuz hәqiqәtlә möhkәm dursanız da, daima bunları sizә xatırladıram. 13 Bu bәdәndә yaşadığım müddәtdә xatırlatmaqla sizi oyandırmağı doğru hesab edirәm. 14 Çünki Rәbbimiz İsa Mәsihin mәnә bildirdiyi kimi, bu bәdәndәn ayrılmağımın yaxın olduğunu bilirәm. 15 Buna görә dә çalışıram ki, mәn bu dünyadan köçdükdәn sonra da siz bunları hәmişә yada salasınız. 16 Rәbbimiz İsa Mәsihin qüdrәtini vә zühurunu sizә bildirәrkәn uydurma әfsanәlәrә әsaslanmadıq. Amma öz gözümüzlә Onun ululuğunun şahidlәri olduq. 17 Çünki Böyük Ehtişamı Olandan Ona belә bir sәs gәldi: "Bu Mәnim sevimli Oğlumdur, Ondan razıyam".O vaxt Ata Allahdan izzәt vә şәrәf qәbul etdi. 18 Müqәddәs dağda Onunla birgә olduğumuz üçün göydәn gәlәn bu sәsi biz dә eşitdik. 19 Hәmçinin bizdә daha әmin olan peyğәmbәrlik sözlәri var. Onlar qaranlıq yerdә işıq saçan bir çırağa bәnzәyir. Sәhәr açılıb dan ulduzu ürәklәrinizdә doğana qәdәr bu sözlәrә diqqәt verirsinizsә, yaxşı edirsiniz. 20 Hәr şeydәn әvvәl bunu bilmәlisiniz ki, Müqәddәs Yazılardakı peyğәmbәrlik sözlәrinin heç birini şәxsәn şәrh etmәk olmaz. 21 Çünki heç vaxt peyğәmbәrlik insan iradәsi ilә qaynaqlanmamışdır, lakin Müqәddәs Ruh tәrәfindәn yönәldilәn insanlar Allahdan gәlәn sözlәri söylәdi.
2 Peter 2
1 Amma Allahın xalqı arasında yalançı peyğәmbәrlәr dә ortaya çıxdı. Elәcә dә sizin aranızda yanlış tәlim yayanlar ortaya çıxacaq. Bunlar hәtta özlәrini satın alan Sahibini inkar edib gizlicә aranıza dağıdıcı vә tәfriqәçi tәlim gәtirәcәklәr. Belәlәri öz başlarına tezliklә hәlak gәtirәcәk. 2 Hәtta çoxları onların pozğunluğuna qoşulacaq vә onların üzündәn hәqiqәt yoluna küfr edilәcәk. 3 Tamahkarlıqlarından uydurma sözlәrlә sizi istismar edәcәklәr. Onların mühakimәsi çoxdan davam edir vә hәlakı hazırdır. 4 Çünki Allah günahkar mәlәklәri cәzasız qoymadı, onları qiyamәt gününә qәdәr saxlanmaq üçün cәhәnnәmә ataraq zülmәtdә buxovladı. 5 O, allahsız adamların yaşadığı qәdim dünyaya daşqın göndәrәrәk o dünyanı cәzasız qoymadı, amma sәkkiz nәfәri, o cümlәdәn, salehliyi bәyan edәn Nuhu qoruyub saxladı. 6 O, Sodom vә Homorra şәhәrlәrini yandırıb-yaxaraq viran olmağa mәhkum etdi vә belәliklә, gәlәcәkdә olan allahsız adamlara nümunә göstәrdi. 7 Pozğun insanların әxlaqsız hәyat tәrzindәn әziyyәt çәkәn saleh Lutu isә qurtardı. 8 Çünki onların arasında yaşayan bu saleh insan günbәgün onların qanunsuz әmәllәrini görüb-eşidib öz saleh ruhunda iztirab çәkirdi. 9 Әlbәttә ki, Rәbb möminlәri sınaqdan necә qurtarmağı, haqsızları isә qiyamәt gününә kimi cәza altında necә saxlamağı bilir. 10 O, xüsusilә, cismani murdar ehtirasına uyaraq ağalığa xor baxanları belә saxlayır. Belә adamlar hәyasız vә dikbaşdırlar, ehtişamlı varlıqlara şәr atmaqdan qorxmurlar. 11 Halbuki onlardan qüvvәt vә qüdrәtdә üstün olan mәlәklәr Rәbbin önündә ehtişamlı varlıqlara şәr ataraq ittiham etmәz. 12 Bu adamlarsa sanki dәrrakәsiz, qeyri-iradi surәtdә aparılan heyvanlardır ki, tutulub kәsilmәk üçün doğulublar. Onlar başa düşmәdiyi şeylәrә şәr atır. Heyvanlar necә kәsilirsә, onlar da elә kәsilәcәk. 13 Etdiklәri zәrәrin әvәzini alacaqlar. Gündüz kef çәkmәyi әylәncә sayırlar. Sizinlә yeyib-içәrkәn sanki aranızda lәkәlәr vә nöqsanlar olaraq öz hiylәlәrindәn zövq alırlar. 14 Onların gözlәri zina ilә doludur, günahdan doymurlar. Qәrarsız insanları yoldan çıxarırlar. Ürәklәri tamahkarlığa alışdırılmış lәnәtli insanlardır. 15 Haqsızlıqla әldә etdiyi qazancı sevәn Beor oğlu Bilamın yolunu tutaraq düz yolu qoyub azdılar. 16 Bilam işlәdiyi günaha görә ifşa olundu: dilsiz-ağızsız eşşәk insan sәsi ilә danışıb bu peyğәmbәri dәlilik etmәkdәn çәkindirdi. 17 Bu insanlar susuz bulaqlar, qasırğanın dağıtdığı buludlar kimidir. Allah qatı qaranlığı onlar üçün saxlayır. 18 Çünki boş vә lovğa sözlәr söylәyәrәk sәhv yolla gedәnlәrin arasından çәtinliklә qaçanları cismani ehtiraslarla vә әxlaqsızlıqla yoldan azdırırlar. 19 Onlara azadlıq vәd edirlәr, halbuki özlәri pozğunluğun kölәsidirlәr. Çünki insan nәyә mәğlub olarsa, onun kölәsi olar. 20 Rәbbimiz vә Xilaskarımız İsa Mәsihi tanımaqla dünyanın çirkabından qaçdıqdan sonra yenә hәmin işlәrlә mәşğul olub mәğlub olarlarsa, son vәziyyәtlәri әvvәlkindәn betәr olar. 21 Çünki salehlik yolunu tanıyıb özlәrinә әmanәt edilәn müqәddәs әmrdәn geri dönmәkdәnsә bu yolu tanımamaq onlar üçün daha yaxşı olardı. 22 Bu doğru mәsәllәrdә deyilәnlәr onların öz başına gәldi: "İt öz qusuntusuna qayıdar" vә "çimdirilmiş donuz palçıqda ağnamağa qayıdar".
2 Peter 3
1 Sevimlilәr, indi bu mәnim sizә yazdığım ikinci mәktubdur. Hәr iki mәktubumda tәmiz düşüncәli olmağınızı xatırladaraq sizi oyaq edirәm. 2 Müqәddәs peyğәmbәrlәrin qabaqcadan söylәdiyi sözlәri vә Xilaskarımız Rәbbin hәvarilәriniz vasitәsilә verdiyi әmri yada salmalısınız. 3 Hәr şeydәn әvvәl bunu bilmәlisiniz ki, axır zamanda öz ehtiraslarına görә hәrәkәt edәn rişxәndçilәr gәlәcәk vә rişxәndlә 4 deyәcәklәr: "Rәbbin vәd etdiyi zühuru haradadır? Axı ata-babalarımız vәfat edәndәn bәri, yaradılışın başlanğıcından hәr şey eyni cür olaraq qalır". 5 Onlar qәsdәn unutmuşlar ki, Allahın kәlamı ilә göylәr qәdimdәn bәri mövcuddur, quru da sudan ayrılaraq su vasitәsilә yarandı. 6 Yenә dә su ilә, yәni daşqınla o dövrkü dünya mәhv oldu. 7 İndiki yer vә göylәr isә hәmin kәlamla oda tәslim olmaq üçün tәyin olunub, allahsızların mühakimә vә hәlak olacağı günәdәk saxlanılır. 8 Sevimlilәr, bu bir şeyi yadınızdan çıxarmayın ki, Rәbb üçün bir gün min il kimidir, min ilsә bir gün kimidir. 9 Bәzilәri bunu gecikmә sayar, amma Rәbb vәdini yerinә yetirmәkdә gecikmәz, lakin sizә görә sәbir edir. Çünki O heç kәsin hәlak olmasını istәmir, amma hәr kәsin tövbә etmәsini istәyir. 10 Rәbbin günü isә oğru kimi gәlәcәk. O gün göylәr böyük gurultu ilә aradan qalxacaq. Ünsürlәr yanaraq mәhv olacaq. Yer üzü vә onun üstündә hәr şey ifşa olunacaq. 11 Hәr şey belә mәhv olacaqsa, siz nә cür insanlar olmalısınız? Müqәddәs hәyat sürmәli, mömin olmalısınız. 12 Allahın zühur gününü gözlәyәrәk tezlәşdirmәlisiniz. O gün göylәr od tutub mәhv olacaq vә ünsürlәr yanıb әriyәcәk. 13 Amma biz Allahın vәdinә әsasәn salehliyin sakin olacağı yeni göylәri vә yeni yeri gözlәyirik. 14 Buna görә, sevimlilәr, madam ki bunları gözlәyirsiniz, Allahın önündә lәkәsiz vә nöqsansız olaraq sülh içindә yaşamağa sәy göstәrin. 15 Sevimli qardaşımız Paulun da ona bәxş edilmiş müdrikliklә sizә yazdığı kimi, Rәbbimizin sәbrini dә xilas fürsәti kimi sayın. 16 Paul bütün mәktublarında bu mövzulara eyni cür toxunur. Mәktublarında çәtin başa düşülәn bәzi işlәr var; cahillәr vә qәrarsızlar digәr Müqәddәs Yazılar kimi bunların da mәnasını tәhrif edәrәk öz hәlaklarına sәbәb olurlar. 17 Belәliklә, siz, ey sevimlilәr, bunu әvvәlcәdәn bilib pozğun adamlar sizi aldadaraq yoldan azdırmasın vә sabit vәziyyәtinizdәn ayrılmayasınız deyә özünüzü qoruyun. 18 Lakin Rәbbimiz vә Xilaskarımız İsa Mәsihin lütfündә vә Onu tanımaqda böyüyün. Ona indi vә әbәdi olaraq izzәt olsun! Amin. 

 http://gospelgo.com/u/azeri_nt.htm#1%20Peter

Nenhum comentário:

Postar um comentário