quinta-feira, 23 de abril de 2015

Qalatiyalilara: Azerbaijan

 Qalatiyalilara 1

1 Nә insanlardan, nә dә insan vasitәsilә, ancaq İsa Mәsih vә Onu ölülәr arasından dirildәn Ata Allah vasitәsilә hәvari tәyin olunan mәn Pauldan 2 vә mәnimlә olan bütün qardaşlardan Qalatiyada olan imanlı cәmiyyәtlәrә salam! 3 Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 4 Atamız Allahın iradәsinә görә Mәsih günahlarımız üçün Özünü fәda etdi ki, bizi indiki şәr dövründәn qurtarsın. 5 Allaha әbәdi izzәt olsun! Amin. 6 Heyrәtlәnirәm ki, Mәsihin lütfü ilә sizi çağıran Allahı belә tezliklә tәrk edib başqa bir müjdәyә tәrәf dönürsünüz. 7 Әslindә başqa müjdә yoxdur. Ancaq sizi lәrzәyә salıb Mәsihin Müjdәsini tәhrif etmәk istәyәnlәr vardır. 8 Amma istәr biz, istәrsә göydәn gәlәn bir mәlәk belә, bizim sizә yaydığımız Müjdәyә zidd bir şeyi müjdә kimi yaysa, ona lәnәt olsun! 9 Әvvәlcә dediyimizi indi bir daha deyirәm: kim sizә qәbul etdiyiniz Müjdәyә zidd bir şey yayırsa, ona lәnәt olsun! 10 İndi mәn insanları, yoxsa Allahı mәmnun etmәyi axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Әgәr mәn hәlә dә insanları razı salmaq istәsәydim, Mәsihin qulu olmazdım. 11 Qardaşlar, sizә bәyan edirәm ki, mәnim yaydığım Müjdәnin mәnbәyi insan deyil. 12 Çünki mәn onu insandan almadım vә insan tәrәfindәn dә öyrәdilmәdim. Bunu mәnә İsa Mәsih vәhy vasitәsilә açdı. 13 Yәhudi dininә bağlı olduğum günlәrdә mәnim necә hәyat sürdüyümü eşitdiniz. Mәn Allahın cәmiyyәtini hәdsiz tәqib edir, onu dağıdırdım. 14 Yәhudi dinindә soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha irәlidә idim. Ata-babalarımın adәt-әnәnәlәrinin qeyrәtini hәddindәn artıq çәkirdim. 15 Amma hәlә anamın bәtnindәn mәni seçib lütfü ilә çağıran Allah 16 Öz Oğlu ilә bağlı Müjdәni başqa millәtlәr arasında yayım deyә Onu mәnә zahir etmәyә razı olanda dәrhal insanlarla mәslәhәtlәşmәdim. 17 Yerusәlimә, mәndәn qabaq hәvari olanların yanına da getmәdim, amma Әrәbistana getdim, sonra yenә Dәmәşqә qayıtdım. 18 Üç il keçәndәn sonra isә Kefa ilә tanış olmaq üçün Yerusәlimә getdim vә on beş gün onun yanında qaldım. 19 O biri hәvarilәrin heç birini görmәdim. Ancaq Rәbbin qardaşı Yaqubu gördüm. 20 Allahın önündә sizә yazdıqlarımın yalan olmadığını deyirәm. 21 Sonra Suriya vә Kilikiya diyarlarına getdim. 22 Yәhudeyanın Mәsihdә olan cәmiyyәtlәri isә mәni şәxsәn tanımırdılar. 23 Yalnız bu sözü eşidirdilәr: "Bir zaman bizi tәqib edәn şәxs vaxtilә yox etmәyә çalışdığı imanı müjdәlәyir". 24 Belәliklә, mәnә görә Allahı izzәtlәndirirdilәr.
Qalatiyalilara 2
1 On dörd il keçәndәn sonra isә Barnaba ilә birlikdә Titi dә özümlә götürüb yenә Yerusәlimә getdim. 2 Vәhy vasitәsilә getdim. Başqa millәtlәr arasında vәz etdiyim Müjdәni onlara, etibarlı olanlara şәxsәn tәqdim etdim ki, boş yerә cәhd etmәyim vә yaxud da cәhd etmiş olmayım. 3 Yanımda olan Tit dә Yunan olduğu halda sünnәt olunmağa mәcbur edilmәdi. 4 Bu iş aramıza gizlicә soxulan yalançı qardaşlar üzündәn oldu. Onlar Mәsih İsada malik olduğumuz azadlığı әl altından öyrәnib bizi kölә etmәk üçün gizlicә aramıza girdilәr. 5 Onlara bir anlıq da olsa, baş әyib tәslim olmadıq ki, Müjdәnin hәqiqәti sizinlә qalsın. 6 Etibarlı sayılan şәxslәrә gәlincә, kim olursa olsun mәnә vacib deyil, Allah insanlara tәrәfkeşlik etmәz. Lakin bu etibarlı sayılan şәxslәr mәnim dediklәrimә heç nә artırmadılar. 7 Әksinә, sünnәtlilәrә Müjdә yaymaq işi Peterә tapşırıldığı kimi sünnәtsizlәr arasında Müjdә yaymaq işinin mәnә tapşırıldığını gördülәr. 8 Çünki sünnәtlilәrә hәvari olması üçün Peterdә fәal olan Allah başqa millәtlәr üçün mәndә dә fәal oldu. 9 Cәmiyyәtin sütunları sayılan Yaqub, Kefa vә Yәhya mәnә bağışlanan lütfü tanıdıqda mәnә vә Barnabaya sağ әllәrini uzatdılar ki, şәrikliyimiz olsun. Ona görә ki biz başqa millәtlәrin, onlarsa sünnәtlilәrin yanına getsin. 10 Yalnız yoxsulları yad etmәyimizi istәdilәr, mәn dә mәhz bunu icra etmәyә sәy göstәrdim. 11 Kefa Antakyaya gәldikdә isә şәxsәn ona qarşı çıxdım, ona görә ki tәnqidә layiq idi. 12 Çünki Yaqubun yanından bәzi adamlar gәlmәmişdәn әvvәl Peter başqa millәtlәrdәn olanlarla yemәk yeyirdi. Hәmin adamlar gәldikdә isә sünnәt tәrәfdarlarından qorxaraq başqa millәtlәrin yanından çәkilib ayrı durdu. 13 Onunla birlikdә o biri Yәhudilәr dә ikiüzlülük etdilәr. Hәtta Barnaba belә, onların ikiüzlülüyünә qapıldı. 14 Amma mәn Müjdәnin hәqiqәtinә görә düzgün riayәt etmәdiklәrini görәndә hamının qarşısında Kefaya dedim: "Әgәr sәn Yәhudi olduğun halda Yәhudi kimi deyil, başqa millәtlәrdәn biri kimi yaşayırsansa, necә başqa millәtlәri Yәhudi kimi yaşamağa mәcbur edirsәn?" 15 Biz anadangәlmә Yәhudilәrik, başqa millәtdәn olan "günahkarlar" deyilik. 16 Lakin biz bilirik ki, insan Qanuna әmәl etmәklә deyil, yalnız İsa Mәsihә iman etmәklә saleh sayılır. Biz dә Mәsih İsaya iman etdik ki, Qanuna әmәl etmәklә deyil, Mәsihә olan imanla saleh sayılaq. Çünki Qanuna әmәl etmәklә heç bir insan saleh sayılmaz. 17 Әgәr biz Mәsihdә saleh sayılmaq istәrkәn özümüz günahkar çıxsaq, belә çıxır ki, Mәsih günah xidmәtçisidir? Әsla! 18 Әgәr mәn әvvәlcә yıxdığımı yenidәn tikirәmsә, özümü Qanunu pozan olaraq göstәrirәm. 19 Çünki mәn Qanun vasitәsilә Qanuna münasibәtdә öldüm ki, Allah üçün yaşayım. 20 Mәsihlә birlikdә çarmıxa çәkildim. Artıq mәn yaşamıram, Mәsih mәndә yaşayır. İndi cismәn yaşadığım hәyata gәlincә mәni sevib uğrumda Özünü fәda edәn Allahın Oğluna olan imanla yaşayıram. 21 Allahın lütfünü rәdd etmirәm. Çünki әgәr salehlik Qanun vasitәsilә qazanıla bilsәydi, demәli Mәsih boş yerә öldü.
Qalatiyalilara 3
1 Ey ağılsız Qalatiyalılar! Sizi kim tilsimlәdi? İsa Mәsihin çarmıxa çәkilmәsi gözlәriniz önündә açıqca tәsvir olundu! 2 Sizdәn yalnız bunu öyrәnmәk istәyirәm: Ruhu Qanuna әmәl etmәklә, yoxsa eşitdiyinizә iman etmәklә aldınız? 3 Siz bu qәdәrmi ağılsızsınız? Ruhla başlayandan sonra indi cismani sәylәmi bitirirsiniz? 4 Boş yerәmi o qәdәr әzab çәkdiniz? Hәqiqәtәn, bunlar boş yerә idi? 5 Bәs sizi Ruhla tәmin edәn vә aranızda möcüzәlәr yaradan Allah bunları Qanuna әmәl etmәyinizlә, yoxsa eşitdiyinizә iman etmәyinizlә icra edir? 6 Mәsәlәn, "İbrahim Allaha iman etdi vә bu ona salehlik sayıldı". 7 İndi isә bunu bilin ki, İbrahimin övladları imana әsaslananlar olur. 8 Müqәddәs Yazı Allahın başqa millәtlәri imanları ilә saleh sayacağını qabaqcadan görüb İbrahimә "bütün millәtlәr sәnin vasitәnlә xeyir-dua alacaq" deyәrәk Müjdәni qabaqcadan bildirdi. 9 Belәliklә, imana әsaslananlar iman etmiş olan İbrahimlә birlikdә xeyir-dua alırlar. 10 Qanuna әmәl etmәyә әsaslananların hamısı lәnәt altındadır. Çünki yazılıb: "Qoy Qanun kitabında yazılan hәr şeyә riayәt etmәyәn, onu tәsdiq etmәyәn hәr kәsә lәnәt olsun!" 11 Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitәsilә saleh sayılmır, çünki "saleh adam imanla yaşayacaq". 12 Qanun isә imana әsaslanmamışdır. Әksinә, "bu şeylәri yerinә yetirәn adam bunların sayәsindә yaşayacaq". 13 Mәsih bizim uğrumuzda lәnәtlәnәrәk bizi Qanunun lәnәtindәn satın aldı. Çünki yazılıb: "ağacdan asılan hәr kәsә lәnәt olsun!" 14 Belә ki İbrahimin aldığı xeyir-dua Mәsih İsada bütün başqa millәtlәrin üzәrinә gәlsin vә biz vәd edilmiş Ruhu iman vasitәsilә alaq. 15 Qardaşlar, insan düşüncәsi әsasında deyirәm: hәtta insanın belә tәsdiq etdiyi әhdi heç kәs lәğv edә bilmәz yaxud da ona heç bir şey әlavә edә bilmәz. 16 Vәdlәr ancaq İbrahimә vә onun nәslinә verildi. Allah çox adam barәdә danışırmış kimi "vә nәslindәn olanlara" yox, tәk bir adam barәdә danışaraq "vә sәnin nәslindәn olana" deyir; bu "nәslindәn olan" Mәsihdir. 17 Bunu demәk istәyirәm: Allahın tәsdiq etdiyi Әhdi bundan dörd yüz otuz il sonra gәlәn Qanun qüvvәdәn sala bilmәz ki, vәdi lәğv etsin. 18 Çünki әgәr irs Qanuna әsaslanırsa, artıq vәdә әsaslanmır. Amma Allah İbrahimә irsi vәd vasitәsilә lütfә görә verdi. 19 Bәs Qanun nә üçündür? Qanun Әhdi pozanları tәqsirlәndirmәk üçün әlavә olundu. Vәdi alan vә İbrahimin nәslindәn olan Şәxs gәlәnә qәdәr qüvvәdә qalmalı idi. Mәlәklәr vasitәsilә, bir vasitәçi әli ilә tәrtib edildi. 20 Vasitәçi tәk bir nәfәrә aid deyildir, Allah isә birdir. 21 Demәli, Qanun Allahın vәdlәrinә ziddirmi? Әsla! Çünki әgәr hәyat vermәyә qadir olan bir Qanun verilsәydi, salehlik, hәqiqәtәn, Qanunla gәlәrdi. 22 Lakin Müqәddәs Yazı bütün kainatı günahın әsiri elan etdi ki, İsa Mәsihә olan imanla vәd olunan şeylәr iman edәnlәrә verilsin. 23 Amma bu iman gәlmәzdәn qabaq biz Qanun altında saxlanmışdıq, gәlәcәk iman zühur edәnә qәdәr әsir tutulmuşduq. 24 Yәni Qanun bizә Mәsihә qәdәr yol göstәrәn mürәbbimiz oldu ki, imanla saleh sayılaq. 25 Amma iman gәldiyinә görә biz artıq mürәbbinin әli altında deyilik. 26 Siz hamınız Mәsih İsaya olan iman vasitәsilә Allahın övladlarısınız. 27 Çünki vәftizdә Mәsihlә birlәşәn hamınız Mәsihә bürünmüsünüz. 28 Artıq Yәhudi ilә Yunan, qulla azad, kişi ilә qadın arasında fәrq yoxdur. Çünki hamınız Mәsih İsada birsiniz. 29 Әgәr Mәsihә aidsinizsә, demәli, İbrahimin nәslindәnsiniz vә vәdә görә varissiniz.
Qalatiyalilara 4
1 Mәn bunu deyirәm: varis hәr şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölәdәn fәrqlәnmir. 2 O, atasının tәyin etdiyi vaxta qәdәr qәyyumların vә idarәçilәrin nәzarәti altındadır. 3 Bunun kimi biz dә ruhani tәrәfdәn uşaq ikәn dünyanın ibtidai tәlimlәrinә kölә idik. 4 Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndәrdi ki, 5 Qanun altında olanları satın alsın vә biz övladlığa götürülәk. 6 Övladlar olduğunuz üçün Allah Öz Oğlunun "Abba, Ata!" deyәrәk nida edәn Ruhunu ürәklәrimizә göndәrdi. 7 Buna görә dә sәn artıq kölә deyil, övladsan. Әgәr övladsansa, hәmçinin Allahın tәyin etdiyi varissәn. 8 Әvvәllәr Allahı tanımadığınız vaxt tәbiәtcә allah olmayanların kölәlәri idiniz. 9 İndi isә siz Allahı tanıdınız, daha doğrusu, Allah tәrәfindәn tanındınız. Necә olur ki, tәkrarәn zәif vә dәyәrsiz olan ibtidai tәlimlәrә qayıdırsınız? Yenidәn onların kölәsimi olmaq istәyirsiniz? 10 Xüsusi günlәrә, aylara, mövsümlәrә vә illәrә riayәt edirsiniz! 11 Sizin üçün qorxuram, bәlkә sizә görә boş yerә zәhmәt çәkmişәm. 12 Qardaşlar, sizә yalvarıram, mәnim kimi olun, çünki mәn dә sizin kimi oldum. Siz mәnә heç bir haqsızlıq etmәmisiniz. 13 Bildiyiniz kimi mәn Müjdәni ilk dәfә sizә cismәn zәif olaraq vәz etmişdim. 14 Cismani vәziyyәtim sizin üçün çәtin bir sınaq oldusa da, nә mәnә xor baxdınız, nә dә mәni rәdd etdiniz. Hәtta mәni, Allahın bir mәlәyini, Mәsih İsanı qәbul edәr kimi qәbul etdiniz. 15 İndi o xoşbәxtliyiniz necә oldu? Sizin haqqınızda şәhadәt edirәm ki, әgәr mümkün olsaydı, gözlәrinizi çıxardıb mәnә verәrdiniz. 16 Mәgәr sizә hәqiqәti söylәdiyim üçün sizin düşmәniniz oldum? 17 Onlar sizin qeyrәtinizi çәkirlәr, amma yaxşı niyyәtlә deyil. Siz onların qeyrәtini çәkәsiniz deyә sizi mәndәn ayırmaq istәyirlәr. 18 Yaxşı niyyәtlә olarsa, qeyrәtimi çәkmәniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum vaxt deyil, daimi olsun. 19 Övladlarım! Mәsihin surәti sizdә yaradılana qәdәr, sizlәr üçün yenә doğuş ağrısı çәkirәm. 20 İndi yanınızda olmaq vә sәsimi dәyişdirmәk istәyirdim. Bu halınıza çaşıb-qalmışam. 21 Ey Qanun altında yaşamaq istәyәnlәr, mәnә deyin görüm, Qanunun nә dediyini eşitmәmisinizmi? 22 İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyәdәn, o biri oğlu isә azad qadından doğulmuşdu. 23 Cariyәdәn doğulan bәşәri arzusundan, azad qadından doğulan isә vәdә görә doğulmuşdu. 24 Burada bir mәcaz var. Çünki bu qadınlar iki Әhdi tәmsil edir. Biri Sina dağındandır, kölәlik üçün uşaq doğur. Bu, Hәcәrdir. 25 Hәcәr Әrәbistandakı Sina dağını tәmsil edir vә indiki Yerusәlimә bәnzәyir. Çünki indiki Yerusәlim övladları ilә birlikdә kölәlikdәdir. 26 Sәmavi Yerusәlim isә azaddır, o bizim anamızdır. 27 Çünki yazılıb: "Şәnlәn, ey sonsuz, qısır qadın! Sevinclә mahnı oxu, qışqır, Ey doğuş ağrısı çәkmәyәn qadın! Çünki atılmış qadının övladları Әrli qadının övladlarından çoxdur". 28 Sizsә, qardaşlar, İshaq kimi vәdә görә doğulan övladlarsınız. 29 Amma o zaman bәşәr arzusundan doğulan şәxs Ruhun gücü ilә doğulan şәxsi necә tәqib etdisә, indi dә belәdir. 30 Bәs Müqәddәs Yazı nә deyir? "Cariyәni vә onun oğlunu qov. Çünki cariyәnin oğlu azad qadının oğlu ilә birgә varis olmayacaq". 31 Buna görә, qardaşlar, biz cariyәnin deyil, azad qadının övladlarıyıq.
Qalatiyalilara 5
1 Mәsih azad olmağımız üçün bizi azad etdi. Ona görә dә möhkәm durun vә yenidәn kölәlik boyunduruğuna tabe olmayın. 2 Budur, mәn Paul sizә deyirәm: әgәr siz sünnәt olunsanız, Mәsih sizә heç bir fayda vermәz. 3 Sünnәt olunan hәr adama yenә şәhadәt edirәm ki, elә bir adam bütün Qanuna әmәl etmәyә borcludur. 4 Ey Qanun vasitәsilә saleh sayılmaq istәyәnlәr, siz Mәsihdәn ayrıldınız, Allahın lütfündәn uzaq düşdünüz. 5 Amma biz Ruh vasitәsilә imanla saleh sayılacağımıza ümid bağlayıb onu hәvәslә gözlәyirik. 6 Mәsih İsada әhәmiyyәt kәsb edәn sünnәtlilik yaxud sünnәtsizlik deyil, mәhәbbәtlә fәal olan imandır. 7 Yaxşı irәlilәyirdiniz. Axı hәqiqәtә itaәt etmә yolunuzu kim kәsdi? 8 Belә inandırılmanız sizi Çağıranın istәyi deyil. 9 Azacıq maya bütün xәmiri acıdır. 10 Mәn Rәbdә sizә etimad edirәm ki, başqa cür düşünmәyәsiniz. Sizi lәrzәyә salansa, kim olursa olsun, öz cәzasını çәkәcәk. 11 Amma, qardaşlar, әgәr mәn hәlә dә sünnәti vәz edirәmsә, nә üçün hәlә dә tәqibә mәruz qalıram? Elә olsaydı, onlara büdrәmә daşı olan çarmıx lәğv olunardı. 12 Ah, kaş sizi çaşdıranlar özlәrini axtalayaydılar! 13 Qardaşlar, siz azadlığa dәvәt olunmusunuz. Ancaq bu azadlığı cismani tәbiәt üçün fürsәtә çevirmәyin, amma bir-birinizә mәhәbbәtlә qulluq edin. 14 Bütün Qanun tәk bir sözdә tamamlanır: "Qonşunu özün kimi sev". 15 Әgәr siz bir-birinizi didib-yeyirsinizsә, ehtiyatlı olun ki, bir-birinizi tәlәf etmәyәsiniz. 16 Mәn bunu deyirәm: Müqәddәs Ruha görә hәyat sürün, o zaman siz cismani tәbiәtin ehtirasını әsla icra etmәzsiniz. 17 Çünki cismani tәbiәt Ruha zidd vә Ruh cismani tәbiәtә zidd olanı arzulayır. Onlar bir-birinә qarşı durur ki, siz istәdiyinizi etmәyәsiniz. 18 Amma Müqәddәs Ruhun rәhbәrliyi altında olsanız, siz Qanun altında deyilsiniz. 19 Cismani tәbiәtin әmәllәri isә bәllidir. Bunlar cinsi әxlaqsızlıq, murdarlıq, pozğunluq, 20 bütpәrәstlik, sehrbazlıq, düşmәnçilik, münaqişә, qısqanclıq, hiddәt, özünü göstәrmә, nifaq, tәfriqәlәr, 21 paxıllıq, sәrxoşluq, eyş-işrәt vә buna bәnzәr şeylәrdir. Sizә әvvәllәr xәbәrdarlıq etdiyim kimi indi dә xәbәrdarlıq edirәm ki, bunları edәnlәr Allahın Padşahlığını irs almayacaqlar. 22 Müqәddәs Ruhun sәmәrәsi isә budur: mәhәbbәt, sevinc, sülh, sәbir, xeyirxahlıq, yaxşılıq, sәdaqәt, 23 hәlimlik, nәfsә hakim olmaq. Bu kimi şeylәrә qarşı qanun yoxdur. 24 Mәsih İsaya mәxsus olanlar isә öz hәvәs vә ehtirasları ilә birlikdә cismani tәbiәti çarmıxa çәkdilәr. 25 Madam ki, biz Ruha görә yaşayırıq, Ruha görә dә rәftar edәk. 26 Şöhrәtpәrәst olmayaq, bir-birimizi hirslәndirmәyәk, bir-birimizә paxıllıq etmәyәk.
Qalatiyalilara 6
1 Qardaşlar, әgәr bir adam bir tәqsir üstündә tutulsa, siz ruhanilәr onu hәlimlik ruhu ilә bәrpa edin. Sәn dә sınağa düşmәmәk üçün özünә fikir ver. 2 Bir-birinizin yüklәrini daşıyın vә bu yolla Mәsihin qanununu icra edin. 3 Çünki әgәr kimsә heç olduğu halda özünü әhәmiyyәtli sanırsa, öz-özünü aldadır. 4 Qoy hәr kәs öz әmәlini yoxlasın vә onda başqasının etdiklәri ilә deyil, yalnız öz etdiklәri ilә fәxr edәcәk. 5 Çünki hәr kәs öz üzәrinә düşәn yükü daşımalıdır. 6 Kәlam haqqında tәlim alan, tәlim verәnlә hәr cür nemәti bölüşdürsün. 7 Aldanmayın: Allaha istehza edilmәz. Çünki insan nәyi әkәrsә, onu da biçәcәk. 8 Öz cismani tәbiәti üçün әkәn, bu tәbiәtdәn mәhv biçәcәk. Ruh üçün әkәnsә Ruhdan әbәdi hәyat biçәcәk. 9 Yaxşılıq edәrkәn ruhdan düşmәyәk. Çünki әgәr hәvәsdәn düşmәsәk, vaxtında biçәrik. 10 Buna görә dә nә qәdәr fürsәtimiz varsa, hamı üçün, xüsusәn imanlılar ailәsi üçün yaxşı işlәr görәk. 11 Baxın, sizә öz әlimlә necә böyük hәrflәrlә yazdım! 12 Zahirәn vә cismәn yaxşı tәsir buraxmaq istәyәnlәr yalnız Mәsihin çarmıxı üzündәn tәqib olunmamaq üçün sizi sünnәt olunmağa mәcbur edirlәr. 13 Axı sünnәt olunanların özlәri dә Qanuna riayәt etmirlәr. Lakin sizin sünnәt olunmanızı istәyirlәr ki, sizin cisminizlә öyünsünlәr. 14 Mәnsә Rәbbimiz İsa Mәsihin çarmıxından başqa şeylә әsla öyünmәrәm. Bunun vasitәsilә dünya mәnim üçün çarmıxa çәkildi, mәn dә dünya üçün çarmıxa çәkildim. 15 Çünki әhәmiyyәt kәsb edәn sünnәtlilik yaxud sünnәtsizlik deyil, yeni yaradılışdır. 16 Nә qәdәr bu qaydaya riayәt edәnlәr varsa, onların üzәrinә, Allahın İsraili üzәrinә sülh vә mәrhәmәt gәlsin. 17 Bundan sonra qoy heç kim mәnә әziyyәt vermәsin. Çünki mәn İsanın yara izlәrini bәdәnimdә daşıyıram. 18 Qardaşlar, Rәbbimiz İsa Mәsihin lütfü ruhunuza yar olsun! Amin. 

 http://gospelgo.com/u/azeri_nt.htm#Galatians

Nenhum comentário:

Postar um comentário