quarta-feira, 22 de abril de 2015

Romalilara: AZERBAIJAN


Romalilara 1
1 İsa Mәsihin qulu, hәvari olmağa çağırılmış, Allahın Müjdәsini yaymaq üçün seçilmiş mәn Pauldan salam! 2 Allahın Öz peyğәmbәrlәri vasitәsilә Müqәddәs Yazılarda әvvәlcәdәn vәd etdiyi o Müjdә 3 Oğlu Rәbbimiz İsa Mәsih haqqındadır. O, cismәn Davud nәslindәndir, müqәddәslik Ruhuna görә isә ölülәr arasından dirilәrәk Allahın Oğlu olduğu qüdrәtlә elan olundu. 5 Biz Onun vasitәsilә lütfә vә hәvariliyә nail olduq ki, Onun adı naminә bütün millәtlәrdәn olan insanları imana itaәt etmәyә çağıraq. 6 Siz dә İsa Mәsihә mәxsus olmaq üçün çağırılmış o insanların arasındasınız. 7 Romada yaşayan, Allahın sevdiyi vә müqәddәs olmağa çağırdığı sizin hamınıza Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn lütf vә sülh olsun! 8 Hәr şeydәn әvvәl, hamınız üçün İsa Mәsihin vasitәsilә Allahıma şükür edirәm ki, imanınız bütün dünyada elan olunur. 9 Oğlunun Müjdәsini yaymaqda bütün qәlbimlә ibadәt etdiyim Allah şahidimdir ki, mәn sizi necә daim yada salıram. 10 Dualarımda hәmişә yalvarıram ki, Allahın iradәsi ilә nәhayәt yanınıza gәlmәyә nail olum. 11 Çünki sizi qüvvәtlәndirmәk üçün sizә ruhani bir әnam çatdırmaq mәqsәdindәyәm; buna görә dә sizi görmәk üçün hәsrәt çәkirәm. 12 Daha doğrusu, mәn aranızda olarkәn bir-birimizin imanı ilә qarşılıqlı halda ruhlanaq. 13 Ey qardaşlar, bixәbәr olmağınızı istәmirәm ki, başqa millәtlәrdәn olan digәrlәri arasında etdiyim kimi sizin aranızda da әmәyimin bәhrәsini götürüm deyә dәfәlәrlә yanınıza gәlmәk niyyәtindә olmuşam, amma indiyәdәk maneәlәrә rast gәldim. 14 Mәn hәm Yunanlara, hәm dә barbarlara, hәm aqillәrә, hәm dә cahillәrә borcluyam. 15 Bu sәbәbdәn mәn Romada yaşayan sizlәrә dә bacardığım qәdәr Müjdәni yaymağa hәvәsim var. 16 Mәn Müjdәdәn utanmıram, çünki o, iman edәn hәr kәsin – әvvәlcә Yәhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrәtidir. 17 Müjdәdә Allahın salehliyi aşkar olur vә bu salehlik tamamilә imanla әldә edilir. Necә ki yazılıb: "Saleh adam imanla yaşayacaq". 18 Hәqiqәtә haqsızlıqla әngәl törәdәn adamların hәr cür allahsızlığı vә haqsızlığı ucbatından Allahın qәzәbi göydәn aşkar olur. 19 Çünki Allah haqqında mәlum olan şeylәr onlara aşkardır, Allah Özü bunu onlara aşkar edib. 20 Dünyanın yaradılışından bәri Allahın gözә görünmәyәn xüsusiyyәtlәri, yәni әbәdi qüdrәti vә ilahiliyi Onun yaratdıqları vasitәsilә üzә çıxır. Buna görә dә onlar üzrsüzdür. 21 Adamlar Allahı tanıdıqları halda Ona nә Allah kimi izzәt verdilәr, nә dә şükür etdilәr. Әksinә, boş düşüncәlәrә uydular vә axmaq ürәklәrini qaranlıq bürüdü. 22 Müdrik olduqlarını iddia etdiklәri halda ağılsız olub, 23 fani olmayan Allahın izzәtini fani olan insana, quşlara, dördayaqlılara vә sürünәnlәrә bәnzәyәn bütlәrlә әvәz etdilәr. 24 Buna görә dә Allah onları ürәklәrinin şәhvәti üzündәn murdarlığa tәslim etdi ki, bir-birlәrinin bәdәnini rüsvay etsinlәr. 25 Onlar Allahın hәqiqәtini yalanla әvәz etdilәr, Yaradanın yerinә yaradılışa sәcdә vә ibadәt etdilәr; o Yaradana әbәdi alqış olsun! Amin. 26 Bu sәbәbdәn Allah onları öz rәzil hәvәslәrinә tәslim etdi. Onların qadınları tәbii әlaqәni qeyri-tәbii әlaqә ilә әvәz etdilәr, 27 eyni tәrzdә kişilәr dә qadınla olan tәbii әlaqәdәn әl çәkib bir-birlәrinә şәhvәtlә qızdılar; kişilәr kişilәrlә rüsvayçılıq edib öz daxillәrindә rәzilliklәrinә layiq cәzanı aldılar. 28 Allahı şüurlarında saxlamağı yanlış saydıqları üçün Allah da onları yanlış düşüncәlәrә tәslim etdi ki, әdәbsiz işlәr görsünlәr. 29 Onlar hәr cür haqsızlıq, pislik, tamahkarlıq vә kinlә doldular; paxıllıq, qatillik, münaqişә ruhu, hiylә vә pis niyyәtlә dolub-daşdılar. Onlar qeybәtçi, 30 böhtançı, Allaha nifrәt edәn, söyüşçü, mәğrur, tәkәbbürlü, pis işlәrdә bacarıqlı, ata-anaya itaәtsiz, 31 axmaq, xain, şәfqәtsiz vә rәhmsizdir. 32 Hәrçәnd ki belә işlәrlә mәşğul olanların ölümә layiq olduğu barәdә Allahın әdalәtli hökmünü bilirlәr, amma yenә dә bu işlәri görürlәr, hәtta belә işlәr görәn başqalarını da alqışlayırlar.
Romalilara 2
1 Belәliklә, sәn ey başqasını mühakimә edәn adam, kim olursansa-ol, sәn dә üzrsüzsәn. Çünki başqasını mühakimә edәrkәn özünü dә mәhkum edirsәn. Ona görә ki başqasını mühakimә etdiyin halda özün dә hәmin işlәri görürsәn. 2 Bizsә bilirik ki, belә işlәrlә mәşğul olanlara Allah hәqiqәtә әsasәn hökm çıxarır. 3 Ey belә işlәrlә mәşğul olanları mühakimә edәrәk özü dә hәmin işlәri görәn insan! Mәgәr elә güman edirsәn ki, Allahın hökmündәn qaça bilәcәksәn? 4 Yaxud sәn Allahın zәngin xeyirxahlığına, hәlimliyinә vә sәbirli olmağına xor baxırsan? Bәs anlamırsan ki, Onun xeyirxahlığı sәni tövbәyә yönәldir? 5 Amma sәn Allahın qәzәbinin vә әdalәtli hökmünün zahir olacağı gün inadkarlığına vә tövbә etmәyәn ürәyinә görә özün üçün qәzәb toplayırsan; 6 Allah hәr kәsә әmәlinә görә әvәzini verәcәk: 7 dözümlә yaxşı әmәl sahibi olaraq izzәt, hörmәt vә ölmәzlik axtaranlara әbәdi hәyat, 8 özlәrini göstәrәrәk hәqiqәtә tabe olmayıb haqsızlığa baş әyәnlәrә isә qәzәb vә hiddәt göndәrәcәk. 9 Pislik edәn hәr kәsә – әvvәlcә Yәhudiyә, sonra da Yunana әziyyәt vә sıxıntı, 10 yaxşı әmәl sahibi olan hәr kәsә isә – әvvәlcә Yәhudiyә, sonra da başqa millәtdәn olana izzәt, hörmәt vә sülh verәcәk. 11 Çünki Allah insanlar arasında tәrәfkeşlik etmәz. 12 Qanunu bilmәdәn günah edәnlәrin hamısı Qanunu bilmәsәlәr dә, hәlak olacaqlar. Qanunu bilәrәk günah edәnlәrin dә hamısı Qanunla mühakimә olunacaq. 13 Çünki Allahın nәzәrindә Qanunu eşidәnlәr deyil, ona әmәl edәnlәr saleh sayılır. 14 Belәcә Qanuna malik olmayan başqa millәtlәr tәbiәtlәrinә görә Qanuna әmәl edәndә Qanuna malik olmadıqları halda onlar özlәri üçün qanun olur. 15 Onlar bununla göstәrirlәr ki, Qanunun tәlәblәri ürәklәrindә yazılıb. Onların vicdanı buna şahiddir, düşüncәlәri dә onları gah ittiham, gah da müdafiә edir. 16 Mәnim elan etdiyim Müjdәyә görә, Allahın Mәsih İsa vasitәsilә insanların gizli işlәrini mühakimә edәcәyi gün belә olacaq. 17 Ey özünü Yәhudi adlandıran! Qanuna güvәnәrәk Allahla öyünürsәn; 18 Onun iradәsini bilirsәn, Qanundan tәlim aldığın üçün әn üstün dәyәrlәri ayırd edirsәn; 19 әminsәn ki, Qanunda bilik vә hәqiqәtin әsasını tapdığın üçün korlara bәlәdçi, zülmәtdә olanlara işıq, ağılsızlara tәrbiyәçi, uşaqlara müәllimsәn. 21 Bәs nә üçün başqalarını öyrәtdiyin halda özün öyrәnmirsәn? Oğurlamamağı bәyan edәrkәn özün oğurlayırsan? 22 "Zina etmә"dediyin halda özün zina edirsәn? Bütlәrdәn iyrәnәrkәn mәbәdlәri soyursan? 23 Qanunla öyünmәyinә baxmayaraq, onu pozub Allahı hörmәtdәn salırsan. 24 Axı belә yazılıb: "Sizin üzünüzdәn millәtlәr arasında Allahın adına küfr edilir". 25 Sünnәtin yalnız o zaman faydası var ki, sәn Qanuna әmәl edәsәn. Әgәr sәn Qanunu pozursansa, sünnәtli olduğun halda sünnәtsiz adam kimi olursan. 26 Elәcә dә әgәr sünnәt olunmamış adam Qanunun әdalәtli tәlәblәrinә riayәt edirsә, sünnәt olunmamasına baxmayaraq, sünnәtli sayılır. 27 Onda cismәn sünnәt olunmadığı halda Qanuna әmәl edәn adam sәni mühakimә edәcәk; sәn ki yazılı Qanuna vә sünnәtә malik olduğun halda Qanunu pozursan. 28 Çünki zahirәn Yәhudi olan Yәhudi deyil, zahirәn vә cismәn sünnәt olunan da sünnәtli deyil. 29 Yalnız daxilәn Yәhudi olan Yәhudidir. Sünnәt dә ürәyә aid olub, yazılı Qanuna görә deyil, Ruhun işidir. Belә adamın tәrifi dә insandan yox, Allahdan gәlәr.
Romalilara 3
1 Bәs Yәhudi olmağın nә üstünlüyü var? Sünnәtin faydası nәdir? 2 Hәr cәhәtdәn böyük üstünlüyü var. Hәr şeydәn әvvәl, Allahın sözlәri Yәhudilәrә әmanәt edilib. 3 Әgәr onlardan bәzisi iman etmәdisә, onda nә olacaq? Mәgәr onların imansızlığı Allahın sәdaqәtini lәğv edә bilәr? 4 Әsla! Bütün insanlar yalançı olsa da, Allah haqlıdır. Necә ki yazılıb: "Sәn Öz sözlәrindә haqlı çıxacaqsan, Mühakimә etdiyin zaman qalib gәlәcәksәn". 5 Bәs bizim haqsızlığımız Allahın әdalәtli olduğunu üzә çıxarırsa, onda nә deyә bilәrik? İnsanların düşündüyü kimi soruşuram: Allah üzәrimizә qәzәbini gәtirәn zaman haqsızdırmı? 6 Әsla, haqlıdır! Bәs Allah dünyanı başqa cür necә mühakimә edә bilәr? 7 "Bәs mәnim yalanım Allahın hәqiqәtini ucaldıb Ona izzәt gәtirirsә, nә üçün mәn üstәlik bir günahkar kimi mühakimә olunmalıyam?" deyә soruşa bilәrlәr. 8 Belә isә, "gәlin pislik edәk ki, bundan yaxşılıq әmәlә gәlsin" deyә bilәrikmi? Bәzi adamlar bizә böhtan atıb söylәyir ki, biz belә öyrәdirik. Belә söylәyәnlәr haqlı olaraq cәza alacaq. 9 Bәs nә deyәk? Biz Yәhudilәrin üstünlüyü varmı? Әlbәttә, yox! Çünki biz artıq hәm Yәhudilәri, hәm dә Yunanları tәqsirlәndirdik ki, onların hamısı günahın hökmü altındadır. 10 Necә ki yazılıb: "Saleh olan yoxdur, Bir nәfәr belә, yoxdur. 11 Dәrk edәn bir kәs yoxdur, Allahı axtaran yoxdur. 12 Hamısı yoldan azıb, Onlardan fayda yoxdur. Bir nәfәr dә olsun Yaxşı iş görәn yoxdur". 13 "Boğazları açıq qәbirdir, Dillәri yalan danışır". "Dodaqlarında gürzә zәhәri var". 14 "Ağızları lәnәt vә acı sözlәrlә doludur". 15 "Ayaqları qan tökmәyә tәlәsir, 16 Yollarında viranәlik vә fәlakәt var, 17 Әmin-amanlıq yolu nәdir, bilmirlәr". 18 "Onların gözündә Allah qorxusu yoxdur". 19 Biz bilirik ki, Qanunda deyilәnlәrin hamısı Qanunun hökmü altında olanlara aiddir; belә ki bütün dillәr sussun vә bütün dünya Allahın hökmünә mәruz qalsın. 20 Belәliklә, Qanuna әmәl etmәklә heç bir insan Allahın önündә saleh sayılmayacaq. Çünki Qanun vasitәsilә günah dәrk olunur. 21 Amma indi Qanuna bağlı olmayaraq Allahdan gәlәn salehlik zahir olub. Buna Qanun da, Peyğәmbәrlәrin yazıları da şәhadәt edir. 22 Allahdan gәlәn bu salehlik İsa Mәsihә iman vasitәsilә Ona iman gәtirәnlәrin hamısına verilir. Heç kәsә fәrq qoyulmur. 23 Çünki hamı günah edib, Allahın izzәtindәn mәhrum olub 24 vә Onun lütfü ilә dә Mәsih İsada satın alınmağa nail olaraq bir hәdiyyә kimi saleh sayılır. 25 Allah İsanı kәffarә qurbanı olaraq tәqdim etdi ki, iman edәnlәrin günahları Onun qanı vasitәsilә bağışlansın. Bunu Öz salehliyini göstәrmәk üçün etdi. Çünki sәbirli olub qabaqca edilәn günahları cәzasız qoymuşdu. 26 Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; belәcә Özü әdalәtli olsun, İsaya olan imana әsaslananı da saleh saysın. 27 Bәs biz nә ilә öyünә bilәrik? Heç bir şeylә. Hansı ehkama әsaslana bilәrik? Qanuna әmәl etmәk ehkamınamı? Xeyr, yalnız iman ehkamına! 28 Çünki bu nәticәyә gәlirik ki, insan Qanuna әmәl etmәklә deyil, iman vasitәsilә saleh sayılır. 29 Mәgәr Allah yalnız Yәhudilәrin Allahıdır? Başqa millәtlәrin dә Allahı deyilmi? Әlbәttә, başqa millәtlәrin dә Allahıdır. 30 Çünki yalnız bir Allah var vә O, sünnәtlilәri imanla, sünnәtsizlәri dә iman vasitәsilә saleh sayacaq. 31 Onda biz iman vasitәsilә Qanunu lәğv edirikmi? Әsla! Әksinә, onu bir daha tәsdiq edirik.
Romalilara 4
1 Bәs onda cismani әcdadımız İbrahim haqqında nә deyә bilәrik? O nә әldә etdi? 2 Әgәr İbrahim öz әmәllәri ilә saleh sayılsaydı, öyünmәyә haqqı olardı, amma Allahın önündә yox. 3 Müqәddәs Yazı nә deyir? i "İbrahim Allaha iman etdi vә bu ona salehlik sayıldı". 4 Әmәl edәnin muzdu ona hәdiyyә sayılmaz, bu onun haqqıdır. 5 Lakin әmәl etmәyib allahsız adamları saleh sayan Allaha iman edәn şәxsin imanı ona salehlik sayılır. 6 Davud da o adamın bәxtiyarlığından danışır ki, Allah әmәlinә baxmayıb onu saleh sayır: 7 "Üsyankarlığı bağışlanan, Günahı әfv olunan insan Nә bәxtiyardır! 8 Rәbb tәrәfindәn tәqsirkar sayılmayan insan Nә bәxtiyardır!" 9 Mәgәr bu bәxtiyarlıq yalnız sünnәtlilәrә mәxsusdur, yoxsa sünnәtsizlәrә dә aiddir? Bәli, biz deyirik ki, İbrahimin imanı ona salehlik sayıldı. 10 Nә vәziyyәtdә sayıldı? Sünnәt olunandan sonra, yoxsa sünnәt olunandan әvvәl? Sünnәt olunandan sonra deyil, sünnәt olunandan әvvәl! 11 O, sünnәtsiz ikәn imanla malik olduğu salehliyi tәsdiq edәn möhür olaraq sünnәt әlamәtini aldı. Belәcә İbrahim sünnәtsiz olaraq iman edәn hamının atası oldu ki, onlara da imanları salehlik sayılsın. 12 Atamız İbrahim hәm dә o sünnәtli olanların atası oldu ki, sadәcә sünnәtli olmaqla qalmayıb, onun sünnәt edilmәmişdәn әvvәl malik olduğu iman izi ilә gedirlәr. 13 Çünki İbrahimә vә onun nәslinә dünyanı irs almaq vәdi Qanun vasitәsilә deyil, imanla saleh sayılmaq vasitәsilә verildi. 14 Әgәr Qanuna әsaslananlar varis olsaydı, onda iman mәnasız, vәd dә tәsirsiz olardı. 15 Çünki qanun Allahın qәzәbini üzә çıxarır. Amma qanun olmayan yerdә onun pozulması da olmur. 16 Buna görә dә vәd imanla hәyata keçir ki, Allahın lütfünә bağlı olsun vә İbrahimin bütün nәslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu hәmin imana da әsaslananları әhatә etsin. İbrahim iman etdiyi Allahın – ölülәrә hәyat verәn, yoxluqdan varlıq yaradan Allahın önündә hamımızın atasıdır. Necә ki yazılıb: "Sәni çoxlu millәtin atası etdim". 18 Heç bir ümid olmadığı halda İbrahim çoxlu millәtin atası olacağına ümidlә inandı. Çünki ona deyilmişdi ki, "nәslin o qәdәr olacaq". 19 Hәtta tәxminәn yüz yaşında ikәn öz bәdәninin artıq ölüyә bәnzәdiyini, arvadı Saranın da bәtninin ölü olduğunu anladı, amma imanı azalmadı. 20 Allahın vәdinә imansızlıqla şübhә etmәdi, әksinә, imanında möhkәm durub Allahı izzәtlәndirdi. 21 Tamamilә әmin idi ki, Allah verdiyi vәdi yerinә yetirmәyә dә qadirdir. 22 Buna görә dә imanı ona salehlik sayıldı. 23 "Salehlik sayıldı" sözlәri yalnız İbrahim üçün yazılmayıb; 24 Rәbbimiz İsanı ölülәr arasından Dirildәnә iman etmәklә saleh sayılacaq bizlәr üçün dә belә yazılmışdır. 25 İsa bizim tәqsirlәrimizә görә ölümә tәslim edildi vә bizim saleh sayılmağımız üçün dirildi.
Romalilara 5
1 Belәliklә, imanla saleh sayıldığımız üçün Rәbbimiz İsa Mәsih vasitәsilә Allahla barışmış oluruq. 2 Elә Mәsihin vasitәsilә dә daxilindә qaldığımız lütfә imanla nail olduq vә Allahın izzәtinә ümid bağlamağımızla fәxr edirik. 3 Yalnız bununla deyil, çәkdiyimiz әziyyәtlәrlә dә fәxr edirik, çünki bilirik ki, әziyyәtdәn dözüm, 4 dözümdәn Allaha xoş gәlmә, Allaha xoş gәlmәdәn ümid yaranır. 5 Ümidimiz dә boşa çıxmır, çünki Allah mәhәbbәti bizә verilәn Müqәddәs Ruh vasitәsilә ürәklәrimizә tökülüb. 6 Biz hәlә gücsüz ikәn Mәsih müәyyәn zamanda allahsız adamların uğrunda öldü. 7 Saleh bir adam uğrunda kiminsә ölmәsi çәtin işdir; bәlkә dә yaxşı bir adam uğrunda kimsә ölmәyә cәsarәt edәr. 8 Lakin Allah bizә olan mәhәbbәtini bununla sübut edir ki, biz hәlә günahkar ola-ola Mәsih bizim uğrumuzda öldü. 9 Belәcә Onun qanı ilә indi saleh sayıldığımıza görә Onun vasitәsilә dә Allahın qәzәbindәn mütlәq xilas olacağıq. 10 Әgәr biz Allahın düşmәni olduğumuz vaxt Onun Oğlunun ölmәsi ilә Allahla barışdıqsa, barışdıqdan sonra Onun hәyatı vasitәsilә daha qәti olaraq xilas olacağıq. 11 Yalnız bununla deyil, Rәbbimiz İsa Mәsih vasitәsilә Allahla da fәxr edirik ki, indi Onun vasitәsilә Allahla barışığa nail olmuşuq. 12 Belәliklә, günah bir insan vasitәsilә, ölüm dә günah vasitәsilә bu dünyaya gәldi. Belәcә ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi. 13 Qanundan әvvәl dә dünyada günah var idi. Amma qanun olmayanda günah hesaba alınmır. 14 Lakin Adәmdәn Musaya qәdәr ölüm hamıya, hәtta Adәmin әmri pozmasına bәnzәr bir günah etmәyәnlәrә dә hökmranlıq etdi. Adәm o gәlәcәk İnsanın әvvәlcәdәn göstәrilәn tәsviri idi. 15 Amma Allahın әnamı tәqsir kimi deyil. Çünki bir adamın tәqsiri üzündәn çox adam öldüsә dә, Allahın lütfü vә bir Adamın, yәni İsa Mәsihin lütfü ilә verilәn әnam bir çoxları üçün daha böyük tәsir göstәrdi. 16 Allahın әnamı hәmin bir adamın günahının nәticәsi kimi deyil: bir günahdan sonra gәlәn hökm mәhkumluq gәtirdi, amma çoxlu tәqsirdәn sonra gәlәn әnam salehlik gәtirdi. 17 Әgәr bir adamın tәqsiri üzündәn ölüm hәmin adamın vasitәsilә hökmranlıq etdisә, Allahın bol lütfünü vә salehlik әnamını qәbul edәnlәr bir Adam, yәni İsa Mәsih vasitәsilә daha qәti olaraq hәyatda hökmranlıq edәcәk. 18 Demәli, necә ki bir tәqsir üzündәn bütün adamlar mәhkum olundu, elәcә dә bir saleh әmәlә görә bütün adamlara yaşamaq üçün salehlik verildi. 19 Necә ki bir adamın itaәtsizliyi üzündәn bir çoxları günahkar sayıldı, elәcә dә bir Adamın itaәti sayәsindә bir çoxları saleh sayılacaq. 20 Qanunun meydana gәlmәsi tәqsirin çoxalmasına sәbәb oldu. Lakin günah çoxalan yerdә Allahın lütfü daha da çoxaldı. 21 Nәticәdә günah ölüm vasitәsilә hökmranlıq etdiyi kimi lütf dә salehlik vasitәsilә hökmranlıq edir; belә ki lütf Rәbbimiz İsa Mәsihin vasitәsilә әbәdi hәyat versin.
Romalilara 6
1 Bәs nә deyә bilәrik? Günah işlәtmәyi davam etdirәk ki, Allahın lütfü çoxalsın? 2 Әsla! İndi ki biz günaha münasibәtdә ölmüşük, artıq günah içindә necә yaşaya bilәrik? 3 Mәgәr bilmirsiniz ki, biz hamımız Mәsih İsa ilә birlәşmәk üçün vәftiz olunarkәn hәmin vәftizlә Onun ölümü ilә birlәşdik? 4 Demәli, vәftiz olunub Onun ölümü ilә birlәşmәklә biz dә Onunla birgә dәfn olunduq; belә ki Atanın izzәti ilә Mәsih ölülәr arasından dirildiyi kimi biz dә hәmin cür yeni hәyat sürәk. 5 Әgәr Onun ölümünә bәnzәr ölümdә Onunla bir olmuşuqsa, Onun dirilmәsinә bәnzәr dirilmәdә dә Onunla bir olacağıq. 6 Bunu bilirik ki, günahlı bәdәnin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyә köhnә mәnliyimiz Onunla birlikdә çarmıxa çәkildi. 7 Çünki ölmüş adam günahdan azad olub. 8 Әgәr Mәsihlә ölmüşüksә, Onunla yaşayacağımıza da inanırıq. 9 Çünki bilirik ki, Mәsih ölülәr arasından dirildiyinә görә bir daha ölmәyәcәk vә ölüm Ona artıq hökmranlıq etmәz. 10 Onun ölümü günahın müqabilindә ilk vә son ölüm oldu, yaşadığı hәyatı isә Allah üçün yaşayır. 11 Belәcә siz dә özünüzü Mәsih İsada olaraq günaha münasibәtdә ölü, Allaha münasibәtdә isә diri sayın. 12 Ona görә dә qoymayın ki, günah sizin fani bәdәninizә hökmranlıq etsin vә siz dә bәdәninizin ehtiraslarına itaәt edәsiniz. 13 Bәdәninizin üzvlәrini dә haqsızlıq alәti olmaq üçün günaha tәslim etmәyin; әksinә, özünüzü ölülәr arasından dirilәnlәr kimi Allaha, bәdәninizin üzvlәrini dә salehlik alәti olmaq üçün yenә Allaha tәslim edin. 14 Günah sizә hökmranlıq etmәyәcәk, ona görә ki siz Qanun altında deyil, lütf altındasınız. 15 İndi nә edәk? Qanun altında deyil, lütf altında olduğumuz üçün günah edәkmi? Әsla! 16 Mәgәr bilmirsiniz ki, itaәtli qullar kimi özünüzü kimә tәslim etsәniz, onun da qullarısınız? Ya ölümә aparan günahın ya da salehliyә aparan itaәtin qulları ola bilәrsiniz. 17 Amma Allaha şükür olsun ki, әvvәllәr günahın qulları olduğunuz halda özünüzü hәsr etdiyiniz tәlimin nümunәsinә ürәkdәn itaәt etdiniz. 18 Belәcә günahdan azad olub salehliyin qulu oldunuz. 19 Cismani tәbiәtinizin zәifliyi üzündәn insanların düşündüyü kimi danışıram. Necә әvvәllәr üzvlәrinizi murdarlığa vә Qanunu pozmaq üçün qanunsuzluğa qul kimi tәslim etmişdiniz, elәcә dә indi üzvlәrinizi müqәddәs olmaq üçün salehliyә qul kimi tәslim edin. 20 Çünki siz günahın qulları olanda salehliyә әmәl etmәkdәn azad idiniz. 21 Bәs o zaman nә bәhrә götürdünüz? İndi artıq o şeylәrdәn utanırsınız. Axı onların axırı ölümdür. 22 Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bәhrә sizi müqәddәsliyә aparır vә bunun axırı da әbәdi hәyatdır. 23 Çünki günahın әvәzi ölümdür, Allahın әnamı isә Rәbbimiz Mәsih İsada olan әbәdi hәyatdır.
Romalilara 7
1 Ey qardaşlar, bunu Qanunu bilәnlәrә söylәyirәm, mәgәr bilmirsiniz ki, insan yalnız sağ ikәn qanun onun üzәrindә hökmә malikdir? 2 Mәsәlәn, әrli qadın qanunla әrinә o vaxtacan bağlıdır ki, әri sağdır; amma әri öldükdә qadın nikah qanunundan azad olur. 3 Buna görә dә әgәr qadın әri sağ ikәn başqa bir kişiyә әrә gedirsә, zinakar sayılır. Amma әri ölsә, qadın qanundan azad olur vә başqa bir kişiyә әrә getdikdә zinakar olmur. 4 Elәcә dә, qardaşlarım, siz dә Mәsihin bәdәni vasitәsilә Qanuna münasibәtdә ölmüsünüz ki, başqasına, yәni ölülәr arasından dirilmiş Mәsihә mәxsus olasınız; belә ki Allah üçün bәhrә verәk. 5 Çünki biz cismani tәbiәtә görә yaşayarkәn günahın Qanun vasitәsilә gәlәn hәvәslәri üzvlәrimizdә fәal idi. Buna görә dә biz ölüm üçün bәhrә verirdik. 6 Amma indi әvvәlcә әsiri olduğumuz Qanuna münasibәtdә ölüb, ondan azad olduq. Nәticәdә yazılı Qanunun köhnә yolunda deyil, Ruhun yeni yolunda qulluq edirik. 7 Bәs nә deyә bilәrik? Qanun günahdırmı? Әsla! Qanun olmasaydı, günahın nә olduğunu bilmәzdim. Әgәr Qanun "tamah salma" demәsәydi, tamahın nә olduğunu anlamazdım. 8 Lakin günah bu әmrin vasitәsilә fürsәt tapıb mәndә hәr növ tamah әmәlә gәtirdi; çünki Qanun olmasa, günah ölüdür. 9 Bir vaxt Qanun mәndә yox ikәn mәn sağ idim, amma o әmr mәnә gәlәndә günah dirildi, 10 mәnsә öldüm. Belәcә anladım ki, mәnә hәyat vermәli olan bu әmr mәnә ölüm gәtirdi. 11 Çünki günah o әmrin vasitәsilә fürsәt tapıb mәni azdırdı vә onunla mәni öldürdü. 12 Buna görә dә Qanun müqәddәsdir, әmr dә müqәddәs, әdalәtli vә yaxşıdır. 13 Belә çıxır ki, yaxşı olan bir şey mәnә ölüm gәtirdi? Әsla! Mәhz günah, günah olduğu aşkar olsun deyә yaxşı olan bir şeyin vasitәsilә mәnә ölüm gәtirirdi; belә ki günah әmrin vasitәsilә hәdsiz günahlı olduğunu göstәrsin. 14 Biz bilirik ki, Qanun ruhanidir, mәnsә cismani olub qul kimi günaha satılmışam. 15 Çünki nә iş gördüyümü anlamıram; istәdiyimi deyil, nifrәt etdiyim şeyi edirәm. 16 Әgәr istәmәdiyimi edirәmsә, onda tәsdiq edirәm ki, Qanun yaxşıdır. 17 Elә isә artıq mәn deyil, daxilimdә yaşayan günah bu işi görür. 18 Bilirәm ki, daxilimdә, yәni cismani tәbiәtimdә yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmәk istәyi mәndә var, amma onu yerinә yetirmәyә qadir deyilәm. 19 İstәdiyim yaxşı şeyi etmirәm, amma istәmәdiyim pis şeyi edirәm. 20 Әgәr istәmәdiyim şeyi edirәmsә, onda artıq mәn deyil, daxilimdә yaşayan günah bu işi görür. 21 Belәcә bu nәticәyә gәlirәm ki, yaxşılıq etmәk istәrkәn mәndә pislik üzә çıxır. 22 Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır. 23 Amma üzvlәrimdә başqa bir qanun da görürәm ki, ağlımın tәsdiq etdiyi Qanunla mübarizә aparır vә üzvlәrimdә olan günah qanununa mәni әsir edir. 24 Necә dә yazıq insanam! Ölümә düçar olan bu bәdәndәn mәni kim xilas edә bilәr? 25 Rәbbimiz İsa Mәsihin vasitәsilә Allaha şükür olsun! Belәcә mәn ağlımla Allahın qanununa, cismani tәbiәtimlә isә günah qanununa qulluq edirәm.
Romalilara 8
1 Demәli, indi Mәsih İsada olanlara heç bir mәhkumluq yoxdur. 2 Çünki hәyat verәn Ruhun qanunu sәni günah vә ölüm qanunundan Mәsih İsa vasitәsilә azad etdi. 3 Belәcә cismani tәbiәt üzündәn gücsüz olan Qanunun edә bilmәdiyi şeyi Allah etdi: Öz Oğlunu günahlı cismin bәnzәrindә günah qurbanı olaraq göndәrib günahı Onun cismi ilә mәhkum etdi ki, 4 Qanunun әdalәtli tәlәblәri artıq cismani tәbiәtә görә yox, Ruha görә hәyat sürәn bizlәrdә yerinә yetsin. 5 Cismani tәbiәtә görә yaşayanlar cismani şeylәr barәdә düşünür, Ruha görә yaşayanlar isә Ruhla bağlı şeylәr barәdә düşünür. 6 Cismani tәbiәtә uyan fikirlәr ölüm, Ruha uyan fikirlәrsә hәyat vә sülh gәtirir. 7 Çünki cismani tәbiәtә uyan fikirlәr Allaha qarşı düşmәnçilik edir; belә ki bunlar Allahın qanununa tabe deyil vә ola da bilmәz. 8 Hәmçinin cismani tәbiәtdә olanlar Allahı razı sala bilmәz. 9 Lakin Allahın Ruhu sizdә yaşayırsa, siz cismani tәbiәtdә deyil, Ruhdasınız. Kimdә Mәsihin Ruhu yoxdursa, o adam Mәsihә mәxsus deyil. 10 Әgәr Mәsih sizdәdirsә, bәdәniniz günah sәbәbindәn ölü, ruhunuzsa salehlik sәbәbindәn diridir. 11 Әgәr İsanı ölülәr arasından Dirildәnin Ruhu sizdә yaşayırsa, Mәsihi ölülәr arasından Dirildәn, sizdә yaşayan Ruhu ilә sizin dә fani bәdәnlәrinizә hәyat verәcәk. 12 Belәliklә, ey qardaşlar, biz cismani tәbiәtimizә borclu deyilik ki, ona görә yaşayaq. 13 Çünki cismani tәbiәtә görә yaşayırsınızsa, ölәcәksiniz, amma bәdәnin pis әmәllәrini Ruhun vasitәsilә öldürürsünüzsә, yaşayacaqsınız. 14 Allahın Ruhu ilә yönәldilәnlәrin hamısı Allahın oğullarıdır. 15 Axı siz kölәlik ruhunu almadınız ki, yenә dә qorxu içindә yaşayasınız; övladlıq Ruhunu aldınız. Elә o Ruhun vasitәsilә Allaha "Abba, Ata" deyә nida edirik. 16 Elә Ruh Özü bizim ruhumuzla birgә şәhadәt edir ki, biz Allahın övladlarıyıq. 17 Әgәr Onun övladlarıyıqsa, demәli, hәm dә varislәriyik. Әgәr Mәsihin izzәtinә şәrik olmaq üçün Onun çәkdiyi әzablara şәrik oluruqsa, Allahın varislәri vә Mәsihin irs şәriki oluruq. 18 Belә düşünürәm ki, çәkdiyimiz indiki әzablar bizә zahir olacaq izzәtlә heç müqayisәyә gәlmәz. 19 Yaradılış Allahın oğullarının zahir olmasını böyük hәsrәtlә gözlәyir. 20 Çünki yaradılış öz iradәsi ilә deyil, onu tәslim edәn Kәsin iradәsi ilә puçluğa tәslim edildi. Amma ümidvardır ki, 21 yaradılış özü dә çürümәyә әsir olmaqdan xilas olub, Allah övladlarının izzәtli azadlığına qovuşacaq. 22 Çünki bilirik ki, bütün yaradılış indiyәcәn birlikdә inildәyib doğuş ağrısı çәkir. 23 Ancaq tәkcә yaradılış yox, Ruhun nübarını alan biz özümüz dә övladlığa qәbul olunmağımızı, yәni bәdәnimizin satın alınmasını gözlәyәrәk içimizdә inildәyirik. 24 Çünki biz ümidlә xilas olduq. Amma gözә görünәn ümid ümid deyil. Axı kim gördüyü şeyә ümid edәr? 25 Amma görmәdiyimiz şeyә ümid edәndә onu sәbirlә gözlәyirik. 26 Belәcә Ruh da bizә zәif olarkәn kömәk edir. Biz nә üçün vә necә dua etmәk lazım olduğunu bilmirik, lakin Ruh Özü dillә deyilmәyәn ahlarla vәsatәtçilik edir. 27 Ürәklәri sınayan Allah da Ruhun nә düşündüyünü bilir, çünki Ruh Allahın iradәsinә görә müqәddәslәr üçün vәsatәtçilik edir. 28 Biz bilirik ki, hәr şey birlikdә Allahı sevәnlәrin, Onun mәqsәdinә görә çağırılanların xeyrinә işlәyir. 29 Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surәtinә uyğunlaşmaq üçün әvvәlcәdәn tәyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun; 30 әvvәlcәdәn tәyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzәtlәndirdi. 31 Bәs bunlar barәdә nә deyә bilәrik? Әgәr Allah bizimlәdirsә, kim bizә qarşı dura bilәr? 32 O Öz Oğlunu belә, әsirgәmәyib Onu hamımızın uğrunda ölümә tәslim etdisә, Onunla birgә bütün şeylәri dә bizә lütf etmәyәcәkmi? 33 Allahın seçdiyi adamları kim ittiham edә bilәr? Onları saleh sayan Allahdır! 34 Mәhkum edәn kimdir? Ölmüş, üstәlik dirilmiş Mәsih İsa hәm Allahın sağındadır, hәm dә bizim üçün vәsatәtçilik edir. 35 Mәsihin mәhәbbәtindәn bizi kim ayıra bilәr? Әziyyәtmi, sıxıntımı, tәqibmi, aclıqmı, çılpaqlıqmı, tәhlükәmi, qılıncmı? 36 Necә ki yazılıb: "Biz gün boyu Sәnin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq". 37 Lakin bizi Sevәnin vasitәsilә bütün bunlarda tam qәlәbә qazanırıq. 38 Çünki әminәm ki, nә ölüm, nә hәyat, nә mәlәklәr, nә başçılar, nә indiki, nә dә gәlәcәk şeylәr, nә qüvvәlәr, 39 nә ucalıq, nә dәrinlik, nә dә başqa bir mәxluq bizi Rәbbimiz Mәsih İsada olan Allah mәhәbbәtindәn ayırmağa qadir olmayacaq.
Romalilara 9
1 Mәsihdә hәqiqәti söylәyirәm, yalan danışmıram, vicdanım dediklәrimi Müqәddәs Ruhda tәsdiq edir ki, 2 ürәyimdә böyük bir kәdәr, daimi bir iztirab var. 3 Çünki qardaşlarımın, yәni cismani soydaşlarımın xatirinә mәn özüm Mәsihdәn uzaqlaşıb lәnәt qazanmağımı istәrdim; 4 bu, İsraillilәrdir ki, övladlığa götürülmә, izzәt, әhdlәr, Qanunun verilmәsi, mәbәd ibadәti vә vәdlәr onlara mәxsusdur. 5 Әcdadlar da onlara mәxsusdur, Mәsih dә cismәn onlardandır; O hәr şeyin üzәrindә olan Allahdır ki, Ona әbәdi alqış olsun! Amin. 6 Lakin bu o demәk deyil ki, Allahın kәlamı boşa çıxıb. Çünki İsraildәn törәyәnlәrin heç dә hamısı İsrailә mәxsus deyil. 7 İbrahimin nәslindәn olanların heç dә hamısı İbrahimin övladları deyil. Amma "İshaqdan törәyәnlәr sәnin nәslin adlanacaq" deyilib. 8 Bu o demәkdir ki, Allahın övladları cismani övladlar deyil, Allahın vәdinә görә doğulan övladlardır ki, bunlar İbrahimin nәsli sayılır. 9 Çünki belә vәd verilmişdi: "Gәlәn il bu vaxt gәlәcәyәm vә Saranın bir oğlu olacaq". 10 Yalnız bu yox, Rivqa da bir kişidәn, yәni babamız İshaqdan hamilә oldu. 11 Amma iki oğlu hәlә anadan olmamış vә yaxşılıq ya pislik etmәmiş ikәn Allah Rivqaya "böyüyü kiçiyinә qulluq edәcәk" dedi; belә ki Allahın seçim mәqsәdi onların әmәllәrinә deyil, Öz çağırışına әsaslanaraq bәrqәrar olsun. 13 Necә ki yazılıb: "Yaqubu sevdim, Esava isә nifrәt etdim". 14 Bәs indi nә deyә bilәrik? Mәgәr Allah әdalәtsizlik edir? Әsla! 15 Çünki O, Musaya deyir: "Kimә istәsәm, mәrhәmәt edәrәm, kimә istәsәm, rәhm edәrәm". 16 Belәliklә, seçim insanın istәyindәn yaxud sәyindәn deyil, yalnız mәrhәmәt edәn Allahdan asılıdır. 17 Ona görә dә Müqәddәs Yazıda Allah firona deyir: "Sәni buna görә ucaltdım ki, Öz gücümü sәnin üzәrindә göstәrim vә adım bütün dünyaya elan edilsin". 18 Demәli, Allah kimә istәyirsә, mәrhәmәt edir, kimi istәyirsә, inadkar edir. 19 İndi sәn mәnә deyә bilәrsәn: "Bәs Allah daha nә üçün bizi tәqsirkar çıxarır? Mәgәr kimsә Onun iradәsinin әleyhinә gedә bilәr?" 20 Amma, ey insan, sәn kimsәn ki, Allahla mübahisәyә girişirsәn? Mәgәr düzәldilәn bir şey onu düzәldәnә "Mәni niyә bu cür yaratdın?" deyә bilәr? 21 Mәgәr dulusçunun işlәtdiyi gilә ixtiyarı çatmır ki, hәmin gildәn bir qabı şәrәfli iş üçün, o biri qabı isә şәrәfsiz iş üçün düzәltsin? 22 Әgәr Allah qәzәbini göstәrmәk vә qüdrәtini bildirmәk istәyәrәk qәzәbinә gәlib mәhv olmağa hazırlanmış qablara böyük sәbirlә dözdüsә, biz nә deyә bilәrik? 23 Mәgәr O bunu etdi ki, qabaqcadan izzәt üçün hazırladığı mәrhәmәt tapan qablara izzәtinin necә zәngin olduğunu bildirsin? 24 O qablar bizik ki, Allah yalnız Yәhudilәr arasından deyil, hәm dә başqa millәtlәr arasından çağırdı. 25 Necә ki Huşәnin kitabında deyilir: "“Xalqım deyil” dediyimә “Xalqımsan” deyәcәyәm, “Sevdiyim deyil” dediyimә “Sevdiyimsәn” deyәcәyәm". 26 "Onlara “siz Mәnim xalqım deyilsiniz” deyilәn yerdә “siz var olan Allahın övladlarısınız” deyilәcәk". 27 Yeşaya da İsrail barәdә belә nida edir: "İsrail övladlarının sayı dәniz qumu qәdәr çox olsa belә, Ancaq sağ qalanları xilas olacaq. 28 Çünki Rәbb yer üzündә hökmünü Tam vә tez yerinә yetirәcәk". 29 Yeşayanın qabaqcadan söylәdiyi kimi: "Әgәr Ordular Rәbbi Bizim xalqdan bir neçә Sağ qalan adam qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bәnzәyәrdik". 30 Bәs nә deyә bilәrik? Salehliyin ardınca getmәyәn başqa millәtlәr salehliyi, yәni imanla gәlәn salehliyi әldә etdilәr. 31 Amma salehlik göstәrәn Qanunun ardınca gedәn İsrail xalqı bu Qanuna çata bilmәdi. 32 Nә üçün? Çünki imanla yox, әmәllәrlә gedirdilәr. Belәcә büdrәmә daşına ilişdilәr. 33 Necә ki yazılıb: "Budur, Sionda bir büdrәmә daşı vә yıxıdan qaya qoyuram. Ona iman edәn kәs utandırılmaz".
Romalilara 10
1 Ey qardaşlar, İsraillilәrin xilasını ürәkdәn arzulayıram vә bunun üçün Allaha dua edirәm. 2 Onların barәsindә şәhadәt edirәm ki, Allah naminә qeyrәt çәkirlәr, amma bu qeyrәt biliyә әsaslanmır. 3 Çünki onlar Allahdan gәlәn salehliyi anlamayıb öz salehliklәrini bәrqәrar etmәyә çalışmaqla Allahın salehliyinә tabe olmadılar. 4 Mәsih Qanunun sonu olub ki, iman gәtirәn hәr kәs saleh sayılsın. 5 Musa Qanunla gәlәn salehlik haqqında belә yazır: "Bu şeylәri yerinә yetirәn adam bunların sayәsindә yaşayacaq". 6 Amma imanla gәlәn salehlik barәdә belә deyilir: "Ürәyindә demә ki, “Kim göylәrә, yәni Mәsihi endirmәyә çıxacaq?” 7 ya da “Kim dibsiz dәrinliyә, yәni Mәsihi ölülәr arasından qaldırmağa enәcәk?”" 8 Bәs onda nә deyilir? "Kәlam sәnә çox yaxındır, o sәnin dilindә vә ürәyindәdir". Biz elә hәmin iman kәlamını vәz edirik: 9 әgәr sәn İsanın Rәbb olduğunu dilinlә iqrar edib Allahın Onu ölülәr arasından diriltdiyinә ürәkdәn inansan, xilas olacaqsan. 10 Çünki insan ürәkdәn iman etmәklә saleh sayılır vә dili ilә iqrar etmәklә xilas olur. 11 Belә ki Müqәddәs Yazıda deyilir: "Ona iman edәn hәr kәs utandırılmayacaq". 12 Burada Yәhudi ilә Yunan arasında fәrq yoxdur, hamısının Rәbbi birdir vә Onu çağıranların hamısına bol bәrәkәt verir. 13 Çünki "Rәbbin adını çağıran hәr kәs xilas olacaq". 14 Bәs onlar iman etmәdiklәri Şәxsi necә çağıracaqlar? Barәsindә eşitmәdiklәri Şәxsә necә iman edәcәklәr? Vәz edәn olmasa, necә eşidәcәklәr? 15 Göndәrilmәsәlәr, necә vәz edәcәklәr? Necә ki yazılıb: "Xoş xәbәri müjdәlәyәnin qәdәmlәri necә dә gözәldir!" 16 Amma Müjdәyә hamı qulaq asmadı. Çünki Yeşaya deyir: "Ya Rәbb, xәbәrimizә kim inandı?" 17 Belәliklә, iman eşitmәkdәn, eşitmәk dә Mәsihin kәlamı vasitәsilә yaranır. 18 Lakin soruşuram: mәgәr onlar eşitmәdilәr? Әlbәttә ki, eşitdilәr: "Avazları bütün dünyaya yayıldı, Sözlәri yerin ucqarlarına çatdı". 19 Bir dә soruşuram: mәgәr İsrail anlamadı? Musa ilk olaraq deyir: "Mәn sizi xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millәtlә qәzәblәndirәcәyәm". 20 Yeşaya isә cәsarәtlә deyir: "Rәbb deyir: “Mәni axtarmayanlar tәrәfindәn tapıldım, Mәni soruşmayanlara Mәn zühur etdim”". 21 İsrail barәdә isә belә deyir: "Gün boyu itaәtsiz, dikbaş xalqa әllәrimi uzadıb durdum".
Romalilara 11
1 Belәliklә, soruşuram: mәgәr Allah Öz xalqını rәdd etdi? Әsla! Çünki mәn özüm dә İbrahim nәslindәn, Binyamin qәbilәsindәn olan bir İsrailliyәm. 2 Allah qabaqcadan tanıdığı Öz xalqını rәdd etmәdi. Mәgәr siz bilmirsiniz ki, Müqәddәs Yazıda İlyas barәdә nә deyilir? İlyas İsraildәn Allaha şikayәt edib deyir: 3 "Ya Rәbb! Sәnin peyğәmbәrlәrini öldürdülәr, qurbangahlarını dağıtdılar. Tәkcә mәn qaldım, onlar canımı almaq üçün mәni dә axtarırlar". 4 Bәs Allahdan ona hansı cavab gәldi? "Mәn Özüm üçün Baal qarşısında diz çökmәmiş yeddi min adamı saxlamışam". 5 Belәcә indi dә Allahın lütfü ilә seçilmiş sağ qalanlar var. 6 Әgәr bu, lütflә oldusa, daha әmәllәrlә deyil; yoxsa lütf daha lütf olmaz. 7 Onda nә deyә bilәrik? İsrail axtardığını әldә etmәdi, seçilmişlәr әldә etdilәr; digәrlәri isә inadkar oldu. 8 Necә ki yazılıb: "Allah onları dәrin yuxuya saldı, Onlara bu günәdәk görmәyәn gözlәr, Eşitmәyәn qulaqlar verdi". 9 Davud da belә deyir: "Süfrәlәri onlara tәlә, tor, Büdrәmә daşı vә cәza olsun. 10 Gözlәrinә qara gәlsin, görmәsinlәr, Bellәri hәmişә bükülü qalsın!" 11 Belәliklә, soruşuram: mәgәr İsraillilәr bir daha ayağa qalxmamaq üçün büdrәyib-yıxıldılar? Әsla! Amma onların tәqsiri başqa millәtlәrin xilasına sәbәb oldu ki, İsraillilәrdә qibtә oyandırsın. 12 Әgәr onların tәqsiri dünyaya zәnginlik, onların qüsuru da başqa millәtlәrә zәnginlik gәtirdisә, gör onların bütövlüyü necә böyük zәnginlik gәtirәcәk. 13 Lakin, ey başqa millәtlәr, sizә bildirirәm: mәn başqa millәtlәrә göndәrilәn hәvari olduğuma görә öz xidmәtimi izzәtli sayıram ki, 14 bәlkә soydaşlarımda qibtә hissi oyandırıb bәzilәrini xilas edә bilim. 15 Çünki onların rәdd edilmәsi dünyanın Allahla barışması demәkdirsә, onların qәbul edilmәsi ölülәr arasından hәyata dönmәk deyilmi? 16 Әgәr xәmirin ilk hissәsi müqәddәsdirsә, demәk, xәmirin hamısı müqәddәsdir; әgәr kök müqәddәsdirsә, budaqlar da müqәddәsdir. 17 Amma bәzi budaqlar qoparılıbsa vә sәn, ey yabanı zeytun ağacı, onların arasında peyvәnd olunub zeytun ağacının barlı kökünә şәrik olmusansa, 18 o budaqların qabağında öyünmә; öyünsәn, bil ki, sәn kökü deyil, kök sәni daşıyır. 19 O zaman deyәcәksәn: budaqlar qoparıldı ki, mәn onların yerinә peyvәnd olunum. 20 Doğrudur; onlar imansızlıqlarına görә qoparıldı, amma sәn imanına görә yerindә durursan. Buna görә tәkәbbürlü olma, әksinә, qorx! 21 Çünki Allah tәbii budaqlara rәhm etmәdisә, bәlkә sәnә dә rәhm etmәyәcәk. 22 Sәn gör ki, Allah eyni zamanda hәm xeyirxahdır, hәm dә sәrt: yıxılanlara sәrtlik, sәnә isә, әgәr Onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstәrәr. Әks tәqdirdә sәn dә kәsilib atılacaqsan. 23 Әgәr imansızlıqda qalmasalar, onlar da peyvәnd olunacaqlar, çünki Allah onları yenә dә peyvәnd etmәyә qadirdir. 24 Әgәr sәn tәbiәtәn yabanı olan zeytun ağacından kәsilib, tәbiәtinә uyğun olmadan yetişdirilәn zeytun ağacına peyvәnd edildinsә, bu tәbii budaqlar öz zeytun ağacına necә dә asanlıqla peyvәnd olunacaq! 25 Ey qardaşlar, özünüzü ağıllı saymayasınız deyә bu sirdәn bixәbәr olmağınızı istәmirәm: İsrailin bәzisi o vaxta qәdәr inadkar qalacaq ki, başqa millәtlәrdәn xilas olanların sayı tamamlansın. 26 Belәcә bütün İsrail xilas olacaq. Necә ki yazılıb: "Qurtarıcı Siondan gәlәcәk, Yaqub nәslindәn allahsızlığı uzaqlaşdıracaq". 27 "Günahlarını aradan qaldırdığım zaman Mәnim onlarla bağladığım Әhd budur". 28 Müjdә mәsәlәsindә İsraillilәr sizin üçün Allaha düşmәndir, amma Allah onları seçdiyinә görә әcdadlarının xatirinә Onun üçün sevimlidir. 29 Çünki Allahın әnamları vә dәvәti geri alınmaz. 30 Siz bir zamanlar Allaha itaәtsiz idiniz vә indi onların itaәtsizliyi üzündәn mәrhәmәt tapdınız; 31 elәcә dә sizin tapdığınız mәrhәmәtdәn ötrü onlar indi itaәtsiz oldular ki, özlәri dә indi mәrhәmәt tapsınlar. 32 Çünki Allah hamını itaәtsizliyә әsir edib ki, hamıya mәrhәmәt göstәrsin. 33 Allahın zәnginliyi nә böyük, Hikmәti vә biliyi nә dәrindir! Onun hökmlәri necә dә ağlasığmaz, Yolları necә dә anlaşılmazdır! 34 "Rәbbin ağlını kim dәrk etdi? Ona kim mәslәhәtçi oldu?" 35 "Kim Ona bir şey verdi ki, Әvәzini Ondan istәyә bilsin?" 36 Çünki hәr şeyin mәnbәyi Odur, hәr şey Onun vasitәsilә vә Onun üçün var oldu. Ona әbәdi olaraq izzәt olsun! Amin.
Romalilara 12
1 Belәliklә, ey qardaşlar, Allahın mәrhәmәti xatirinә sizә yalvarıram ki, bәdәnlәrinizi diri, müqәddәs vә Allahı razı salan bir qurban olaraq Ona tәqdim edin; bu sizin ağılla etdiyiniz ibadәtdir. 2 Bu dövrә uyğunlaşmayın, әksinә, düşüncәnizin tәzәlәnmәsi ilә dәyişin ki, Allahın yaxşı, razı salan vә kamil iradәsini ayırd edәsiniz. 3 Mәnә verilәn lütflә sizin hәr birinizә deyirәm ki, lazım olduğundan artıq özünüz barәdә yüksәk fikirdә olmayın; lakin hәr biriniz Allahın ona verdiyi imanın ölçüsünә görә ağıl-kamalla düşünün. 4 Çünki bizim bir bәdәnimizdә çoxlu üzvlәr olduğu halda onların hәr birinin vәzifәsi heç dә eyni deyil. 5 Elәcә biz dә çox olduğumuz halda Mәsihdә bir bәdәnik vә ayrı-ayrılıqda bir-birimizә bağlı üzvlәrik. 6 Allahın bizә bağışladığı lütfә görә müxtәlif ruhani әnamlarımız var. Bir kәsin әnamı peyğәmbәrlikdirsә, imanının ölçüsünә görә peyğәmbәrlik etsin; 7 әnamı xidmәtdirsә, xidmәt etsin; müәllimlikdirsә, öyrәtsin; 8 nәsihәt verәndirsә, nәsihәt versin; pay verәndirsә, sәxavәtlә, rәhbәrdirsә, sәylә, mәrhәmәt göstәrәndirsә, sevinә-sevinә öz işini görsün. 9 Qoy mәhәbbәtiniz riyasız olsun. Pislikdәn ikrah edin, yaxşılığa bağlanın. 10 Qardaşlıq sevgisi ilә bir-birinizi sevin. Hörmәt göstәrmәkdә bir-birinizi qabaqlayın. 11 Sәyiniz azalmasın, ruhunuz alovlu olsun. Rәbbә qulluq edin. 12 Ümidinizlә sevinin. Әziyyәtdә dözümlü olun. Dayanmadan dua edin. 13 Ehtiyac içindә olan müqәddәslәrә yardım etmәyә şәrik olun. Qonaqpәrvәr olmağa sәy göstәrin. 14 Sizi tәqib edәnlәrә xeyir-dua verin; lәnәt yox, xeyir-dua verin. 15 Sevinәnlәrlә sevinin, ağlayanlarla ağlayın. 16 Bir-birinizlә hәmfikir olun; tәkәbbürlü olmayın, mәzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın. 17 Heç kimә pislik әvәzinә pislik etmәyin. Hamının gözündә yaxşı olan işlәr görmәyә diqqәt yetirin. 18 İmkan daxilindә bacardıqca bütün adamlarla sülh içindә yaşayın. 19 Ey sevimlilәr, heç kәsdәn qisas almayın, Allahın qәzәbinә yer verin. Çünki yazılıb ki, Rәbb belә deyir: "Qisas Mәnimdir, әvәzini Mәn verәcәyәm". 20 Әksinә, "düşmәnin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belә etmәklә sanki onun başına köz tökәrsәn". 21 Pislik sәnә üstün gәlmәsin, pisliyә yaxşılıqla qalib gәl.
Romalilara 13
1 Hәr kәs başçılıq edәn hakimiyyәtlәrә tabe olsun. Çünki Allah tәrәfindәn tәyin olunmayan hakimiyyәt yoxdur; mövcud olan hakimiyyәtlәr Allah tәrәfindәn tәyin olunub. 2 Buna görә dә hakimiyyәtә qarşı çıxan adam Allahın tәyin etdiyinin әleyhinә çıxır vә әleyhinә çıxan belәlәri özlәrini mühakimәyә düçar edir. 3 Çünki yaxşı iş görәnlәr deyil, pis iş görәnlәr hökmdarlardan qorxmalıdır. İstәyirsәnmi hakimiyyәtdәn qorxmayasan? Yaxşı iş gör, onda o sәni tәriflәyәr. 4 Hökmdar sәnin xeyrin üçün Allaha xidmәt edir. Amma pis iş görürsәnsә, qorx! Çünki o, әbәs yerә qılınc daşımır, Allaha xidmәt edir ki, pis iş görәndәn qisas alsın vә Allahın qәzәbini onun başına gәtirsin. 5 Bu sәbәbdәn yalnız qәzәbә görә deyil, vicdanın xatirinә dә hakimiyyәtә tabe olmaq lazımdır. 6 Vergini dә siz buna görә ödәyirsiniz. Çünki hökmdarlar Allahın xidmәtçisidir vә mәhz bu işlә daim mәşğuldurlar. 7 Belәliklә, hәr kәsә öz haqqını verin: vergi haqqı olana vergi, gömrük haqqı olana gömrük, qorxu haqqı olana qorxu, hörmәt haqqı olana hörmәt. 8 Bir-birinizi sevmәkdәn başqa heç nәdә heç kimә borclu qalmayın; çünki başqasını sevәn Qanunu yerinә yetirmiş olur. 9 Belә ki "zina etmә, qәtl etmә, oğurluq etmә, tamah salma" vә bunlardan başqa nә әmr varsa, bu kәlamla yekunlaşdırmaq olar: "Qonşunu özün kimi sev". 10 Sevәn insan qonşusuna qarşı pis iş görmәz, buna görә dә mәhәbbәt Qanunun tamamlanmasıdır. 11 Zәmanәni, yuxudan ayılmaq vaxtınızın gәldiyini anlayaraq belә rәftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır. 12 Gecә keçdi, gündüz isә yaxınlaşdı; buna görә dә qaranlığın әmәllәrini üzәrimizdәn ataq vә nurun silahlarına bürünәk. 13 Gün işığında olduğu kimi lәyaqәtlә hәyat sürәk; eyş-işrәtә vә sәrxoşluğa, әxlaqsızlığa vә pozğunluğa, münaqişәyә vә qısqanclığa qapılmayaq. 14 Әksinә, Rәbb İsa Mәsihә bürünün vә cismani tәbiәtinizin ehtiraslarına uymaq fikrindә olmayın.
Romalilara 14
1 İmanı zәif olanı qәbul edin, amma onun fikirlәri ilә mübahisәyә girişmәyin. 2 Biri inanır ki, hәr şeyi yeyә bilәr, amma imanı zәif olan yalnız tәrәvәz yeyir. 3 Yeyәn yemәyәnә xor baxmasın, yemәyәn dә yeyәni mühakimә etmәsin. Çünki Allah onu qәbul edib. 4 Sәn kimsәn ki, başqasının xidmәtçisini mühakimә edirsәn? O xidmәtçini haqlı yaxud haqsız çıxarmaq ixtiyarı ağasına mәxsusdur. Xidmәtçi haqlı çıxacaq, çünki Rәbb onu haqlı çıxarmağa qadirdir. 5 Kimsә bir günü o biri gündәn üstün sayır, başqası isә hәr günü eyni sayır. Qoy hәr kәs öz fikrinә әmin olsun. 6 Bir günü fәrqlәndirәn adam onu Rәbb üçün fәrqlәndirir. Yeyәn Rәbb üçün yeyir, çünki Allaha şükür edir. Yemәyәn dә Rәbb üçün yemir vә Allaha şükür edir. 7 Çünki bizim heç birimiz özümüz üçün yaşamırıq vә özümüz üçün ölmürük. 8 Yaşayırıqsa, Rәbb üçün yaşayırıq, ölürüksә, Rәbb üçün ölürük. Buna görә yaşasaq da, ölsәk dә Rәbbә mәxsusuq. 9 Çünki Mәsih ona görә ölüb yenә yaşadı ki, hәm ölülәrin, hәm dә yaşayanların Rәbbi olsun. 10 Bәs sәn nә üçün qardaşını mühakimә edirsәn? Yaxud nә üçün qardaşına xor baxırsan? Axı biz hamımız Allahın hökm kürsüsünün qarşısında dayanacağıq. 11 Çünki yazılıb: "Rәbb deyir: Varlığıma and içdim, Hәr diz önümdә çökәcәk, Hәr dil Allah olduğumu bildirәcәk". 12 Belәcә hәr birimiz özü üçün Allaha hesabat verәcәk. 13 Buna görә dә daha bir-birimizi mühakimә etmәyәk, әksinә, qәrara alın ki, heç bir qardaşın önünә onu büdrәdәn yaxud pis yola çәkәn bir şey qoymayasınız. 14 Rәbb İsada olaraq әminәm ki, heç bir şey özlüyündә murdar deyil. Amma nәyisә murdar sayan adam üçün o şey murdardır. 15 Әgәr sәnin qardaşın yediyin bir şeydәn ötrü kәdәrlәnirsә, onda sәn mәhәbbәtә görә hәyat sürmürsәn. Uğrunda Mәsihin öldüyü adamı öz yemәyinә görә hәlaka tәslim etmә. 16 İmkan vermәyin ki, sizin yaxşı hesab etdiyiniz bir şey pislәnsin. 17 Çünki Allahın Padşahlığı yemәk-içmәkdәn ibarәt deyil, Müqәddәs Ruhda salehlik, sülh vә sevincdәn ibarәtdir. 18 Kim belәcә Mәsihә qulluq edirsә, Allahı razı salır vә insanların da rәğbәtini qazanır. 19 Belәliklә, özümüzü sülh gәtirәn vә bir-birimizi inkişaf etdirәn işlәrә hәsr edәk. 20 Qidaya görә Allahın işlәrini pozma! Hamısı tәmizdir. Amma yemәyi ilә başqasının büdrәmәsinә sәbәb olan adam pislik edir. 21 Әt yemәyәrәk, şәrab içmәyәrәk qardaşının büdrәmәsinә sәbәb olmayan isә yaxşılıq edir. 22 Bu mәsәlәlәrdә etiqadını Allahın önündә öz ürәyindә saxla. Seçdiyi bir işdә özünü mühakimә etmәyәn adam nә bәxtiyardır! 23 Amma bir yemәyә şübhә edәn adam o yemәyi yeyirsә, mәhkum olur. Çünki gördüyü iş imana әsaslanmır vә imana әsaslanmayan hәr şey günahdır.
Romalilara 15
1 Biz imanı güclü olanlar imanı gücsüz olanların zәifliklәrinә dözmәliyik vә yalnız özümüzü razı salmamalıyıq. 2 Hәr birimiz yaxşılıq naminә inkişaf etdirmәk mәqsәdi ilә qonşumuzu razı salaq. 3 Çünki Mәsih dә Özünü razı salmadı. Necә ki yazılıb: "Sәni tәhqir edәnlәrin tәhqirlәri altında qaldım". 4 Bundan әvvәl yazılanların hamısı bizi öyrәtmәk üçün yazıldı ki, dözümlә vә Müqәddәs Yazıların ürәk-dirәyi ilә ümidimiz olsun. 5 Dözüm verәn vә ürәklәndirәn Allah Mәsih İsanın istәyinә uyğun olaraq sizә hәmfikirlilik bәxş etsin ki, 6 hamınız birlikdә vә bir sәslә Rәbbimiz İsa Mәsihin Atası olan Allahı izzәtlәndirәsiniz. 7 Buna görә dә Mәsih sizi qәbul etdiyi kimi siz dә Allahın izzәti üçün bir-birinizi qәbul edin. 8 Mәn dә bunu bildirirәm: Mәsih Allahın haqlı olduğunu göstәrmәk üçün sünnәtlilәrin xidmәtçisi oldu ki, әcdadlara verilәn vәdlәri yerinә yetirsin; 9 belәcә başqa millәtlәr dә Allahın mәrhәmәtinә görә Onu izzәtlәndirsinlәr. Necә ki yazılıb: "Buna görә millәtlәr arasında Sәnә şükür edәcәyәm, İsminә tәrәnnüm söylәyәcәyәm". 10 Yenә deyilir ki: "Ey millәtlәr, Onun xalqı ilә birgә sevinin!" 11 Başqa bir yerdә: "Ey bütün millәtlәr, Rәbbә hәmd edin! Ey bütün ümmәtlәr, Onu mәdh edin!" 12 Yeşaya da belә deyir: "Yesseyin Kökü gәlәcәk, Millәtlәrә hökmran olmaq üçün ucalacaq, Millәtlәr Ona ümid bağlayacaq". 13 Qoy ümid mәnbәyi olan Allah iman edәn sizlәri hәr cür şadlıq vә sülhlә doldursun ki, Müqәddәs Ruhun qüdrәti ilә ümidlә dolub-daşasınız. 14 Ey qardaşlarım, mәn sizin barәnizdә әminәm ki, siz yaxşılıqla dolu, hәr cür biliklә kamilsiniz vә bir-birinizә nәsihәt vermәyә qadirsiniz. 15 Amma Allahın mәnә bәxş etdiyi lütflә bәzi mәsәlәlәri sizә xatırlatmaq üçün bu sözlәri cәsarәtlә yazmışam. 16 Hәmin lütfә görә mәn başqa millәtlәr üçün Mәsih İsanın xidmәtçisi oldum ki, bir kahin kimi Allahın Müjdәsini vәz edim vә başqa millәtlәr Müqәddәs Ruhla tәqdis edilәrәk Allaha mәqbul olan qurban olsunlar. 17 Belәcә Allaha xidmәt etdiyimә görә Mәsih İsa ilә fәxr edirәm. 18 Başqa millәtlәri itaәtә gәtirmәk üçün Mәsihin mәnim vasitәmlә söz vә әmәllә, әlamәt vә xariqәlәrin qüvvәti ilә, Allahın Ruhunun qüdrәti ilә etdiklәrindәn başqa bir şey barәdә danışmağa cәsarәt etmәrәm. Belә ki mәn Yerusәlimdәn başlayıb İllirikum diyarına qәdәr hәr tәrәfdә Mәsihin Müjdәsini yayıb qurtardım. 20 Bununla birgә, Müjdәni Mәsihin adının hәlә eşidilmәdiyi yerlәrdә yaymaq başlıca mәqsәdim oldu ki, bir başqasının qoyduğu tәmәl üzәrindә bina qurmayım. 21 Amma necә ki yazılıb: "Onun haqqında xәbәri olmayanlar görәcәk, Eşitmәyәnlәr anlayacaq". 22 Bu sәbәbdәn sizin yanınıza gәlmәk niyyәtim bir neçә dәfә әngәllәndi. 23 İndi isә bu diyarlarda işlәyәcәyim başqa bir yer qalmır, illәrdir ki, yanınıza gәlmәyi arzu edirdim. 24 Buna görә İspaniyaya getmәk niyyәtindәyәm vә ümidvaram ki, yolüstü sizi dә görüm vә әvvәl qısa müddәt dә olsa, dostluğunuzdan zövq alandan sonra mәni oraya yola salasınız. 25 Amma indi mәn müqәddәslәrә yardım etmәk üçün Yerusәlimә gedirәm. 26 Çünki Makedoniya vә Axayyada olanlar Yerusәlimdә müqәddәslәr arasındakı kasıblar üçün ianә yığmağı mәslәhәt bildilәr. 27 Әlbәttә, özlәri mәslәhәt bildilәr, hәm dә әslindә onlara borcludurlar. Çünki başqa millәtlәr Yerusәlim müqәddәslәrinin ruhani nemәtlәrinә şәrik oldularsa, maddi nemәtlәri ilә onlara xidmәt etmәyә borcludurlar. 28 Belәcә bu işi başa çatdırıb әldә olunan sәmәrәni onlara çatdırandan sonra sizin yerlәrdәn keçib İspaniyaya gedәcәyәm. 29 Bilirәm ki, yanınıza gәlәndә Mәsihin tam xeyir-duası ilә gәlәcәyәm. 30 Ey qardaşlar, Rәbbimiz İsa Mәsihin xatirinә, Ruhun mәhәbbәti naminә sizә yalvarıram, Allaha mәnim üçün etdiyiniz dualarda mәnimlә birlikdә mübarizә aparın ki, 31 Yәhudeyada olan imansızlardan xilas olum vә Yerusәlimә olan yardımımı müqәddәslәr qәbul etsin. 32 Belәliklә, istәyirәm ki, Allahın iradәsi ilә sevinclә yanınıza gәlib sizinlә könlümü fәrәhlәndirim. 33 Qoy sülh qaynağı olan Allah sizin hamınızla olsun. Amin.
Romalilara 16
1 Kenxreyadakı cәmiyyәtin xidmәtçisi olan bacımız Fibi barәdә sizә zәmanәt verirәm. 2 Onu Rәbdә olduğu üçün müqәddәslәrә layiq tәrzdә qәbul edin, nә ehtiyacı varsa, siz ona kömәk edin. Çünki o, çoxlarına vә şәxsәn mәnә dә hamilik edib. 3 Mәsih İsada hәmkarlarım olan Priskila vә Akilaya salam söylәyin. 4 Onlar mәnim hәyatım üçün öz canlarını tәhlükәyә saldılar. Onlara yalnız mәn yox, başqa millәtlәrin bütün cәmiyyәtlәri dә tәşәkkür edir. 5 Onların evindә toplanan cәmiyyәtә dә salam söylәyin. Asiya vilayәtindәn Mәsih üçün ilk mәhsul olan sevimli qardaşım Epenetә salam çatdırın. 6 Sizin üçün xeyli zәhmәt çәkmiş Mәryәmә salam söylәyin. 7 Hәvarilәr arasında şöhrәt qazanmış, mәndәn әvvәl Mәsihdә olmuş soydaşlarım vә zindan yoldaşlarım Andronikosa vә Yuniyaya salam çatdırın. 8 Rәbdә mәnә sevimli olan Ampliyata salam söylәyin. 9 Mәsihdә hәmkarımız olan Urbana vә mәnә sevimli olan Staxisә salam çatdırın. 10 Mәsihdә sәdaqәti sübut edilmiş Apellisә salam söylәyin. Aristobulun ailәsindәn olanlara salam çatdırın. 11 Soydaşım Hirodiona salam söylәyin. Narkisin ailәsindәn Rәbdә olanlara salam çatdırın. 12 Rәbbin xidmәtindә zәhmәt çәkmiş Trifena ilә Trifosaya salam söylәyin. Rәbbin xidmәtindә xeyli zәhmәt çәkmiş sevimli Persisә salam çatdırın. 13 Rәbdә seçmә insan olan Rufusa vә mәnә dә analıq edәn anasına salam söylәyin. 14 Asinkritә, Fleqona, Hermesә, Patrobaya, Hermaya vә onlarla birlikdә olan bacı-qardaşlara salam çatdırın. 15 Filoloqa, Yuliyaya, Nereyә vә onun bacısına, Olimpaya vә onlarla birlikdә olan bütün müqәddәslәrә salam söylәyin. 16 Bir-birinizi müqәddәs öpüşlә salamlayın. Mәsihin bütün cәmiyyәtlәri sizә salam göndәrir. 17 Qardaşlar, sizә yalvarıram ki, öyrәndiyiniz tәlimin әleyhinә çıxaraq ayrılıq salan vә büdrәmәyә sәbәb olan adamlara nәzarәt edin vә onlardan uzaq durun. 18 Çünki belә adamlar Rәbbimiz Mәsihә deyil, öz qarınlarına qulluq edirlәr; onlar yağlı vә yaltaq nitqlәri ilә sadәlövh adamların ürәklәrini tovlayırlar. 19 Sizin itaәtiniz hamıya bәllidir. Buna görә dә sizin üçün sevinirәm. Amma istәyirәm ki, yaxşı işlәrdә müdrik, pis işlәrdә mәsum olasınız. 20 Sülh qaynağı olan Allah Şeytanı tezliklә ayaqlarınızın altında әzәcәk. Rәbbimiz İsanın lütfü sizә yar olsun! 21 Hәmkarım Timotey, soydaşlarım Luki, Yason vә Sosipater sizә salam göndәrir. 22 Bu mәktubu yazıya alan mәn Terti dә Rәbbin ismi ilә sizә salam söylәyirәm. 23 Mәni vә bütün cәmiyyәti qonaq saxlayan Qayın sizә salamı var. Şәhәrin xәzinәdarı olan Erast vә Kvart qardaş da sizә salam göndәrir. 24 Аллаһ мжним елан етдијим Мьжджјж вж Эса Мжсиһ барждж вжзж ҝцрж, жзжлджн бжри ҝизли сахланмэю сирри ајдэнлаюдэран вжһјж ујрун олараг, сизи гьввжтлжндирмжјж гадирдир; 25 Allah mәnim elan etdiyim Müjdәyә vә İsa Mәsih barәdә vәzә görә, әzәldәn bәri gizli saxlanmış sirri aydınlaşdıran vәhyә uyğun olaraq, sizi qüvvәtlәndirmәyә qadirdir; 26 bu hәmin sirdir ki, indi aşkar olmuş vә әbәdi Allahın әmrinә әsasәn peyğәmbәrlәrin Yazıları vasitәsilә bütün millәtlәrin iman gәtirib itaәt etmәsi üçün bәyan edilmişdir; 27 o yeganә vә müdrik Allaha İsa Mәsih vasitәsilә әbәdi izzәt olsun! Amin. 

 http://gospelgo.com/u/azeri_nt.htm#Romans

Nenhum comentário:

Postar um comentário