sábado, 25 de abril de 2015

Vәhy: AZERBAIJAN


Vәhy 1
1 Bu, İsa Mәsihin vәhyidir. Allah bunu Ona verdi ki, tezliklә baş vermәli hadisәlәri Öz qullarına aşkar etsin. Mәsih dә bunu Öz mәlәyi vasitәsilә qulu Yәhyaya göndәrәrәk bәyan etdi. 2 Yәhya Allahın kәlamı vә İsa Mәsihin şәhadәti, yәni gördüyü hәr şey barәdә şәhadәt etdi. 3 Nә bәxtiyardır bu peyğәmbәrlik sözlәrini oxuyan, eşidәnlәr vә orada yazılanlara riayәt edәnlәr! Çünki vaxt yaxındır. 4 Mәn Yәhyadan Asiya vilayәtindәki yeddi imanlılar cәmiyyәtinә salam! Var Olan, Var Olmuş vә Gәlmәli Olandan, Onun taxtının önündәki yeddi ruhdan, hәmçinin ölülәr arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Mәsihdәn sizә lütf vә sülh olsun! Bizi sevәn, Öz qanı bahasına bizi günahlarımızdan azad edәrәk 6 bizdәn bir padşahlıq tәşkil edәn vә bizi Öz Atası Allah üçün kahinlәr tәyin edәn Şәxsә әbәdi olaraq izzәt vә qüdrәt olsun! Amin. 7 Budur, O, buludlarla gәlir! Hәr göz Onu görәcәk, Hәtta Onun bәdәnini deşәnlәr dә Onu görәcәk. Yer üzünün bütün tayfaları Onun üçün ah-nalә edәcәk. Bәli, belә olacaq. Amin. 8 Var olan, Var olmuş vә Gәlmәli olan Külli-İxtiyar Rәbb Allah deyir: "Alfa vә Omeqa Mәnәm!" 9 Әziyyәtә, Allahın Padşahlığına vә dözümә sizinlә İsada şәrik olan mәn – qardaşınız Yәhya Allahın kәlamından ötrü vә İsa barәdә şәhadәt etdiyimә görә Patmos adlanan adada idim. 10 Rәbbin günü Ruhun tәsirinә düşdüm. Arxamdan şeypur sәsinә bәnzәr uca bir sәsin belә söylәdiyini eşitdim: 11 "Gördüyünü bir kitaba yaz vә bunu yeddi cәmiyyәtә, yәni Efesә, İzmirә, Berqamaya, Tiatiraya, Sarda, Filadelfiyaya vә Laodikeyaya göndәr". 12 Onda çevrildim ki, mәnimlә danışanın kim olduğunu görüm. Çevrildikdә yeddi qızıl çıraqdan gördüm. 13 Çıraqdanların arasında uzun cübbә geymiş, sinәsinә qızıl qurşaq bağlamış bәşәr oğluna bәnzәr Biri var idi. 14 Onun başı, saçı yun vә qar kimi ağ, gözlәri isә odlu alov kimi idi; 15 ayaqları kürәdә xalis olan pardaqlanmış tunc kimi idi, sәsi dә gur suların sәdasına bәnzәyirdi. 16 O, sağ әlindә yeddi ulduz tutmuşdu, ağzından ikiağızlı iti bir qılınc çıxırdı; Onun üzü tam qüvvәsi ilә parlayan günәşә bәnzәyirdi. 17 Mәn Onu gördükdә ölü kimi ayaqlarına düşdüm. O isә sağ әlini mәnim üstümә qoyub dedi: "Qorxma! Birinci vә Sonuncu Olan, 18 Diri Olan Mәnәm. Mәn ölmüşdüm, indi isә әbәdi olaraq diriyәm. Ölümün vә ölülәr diyarının açarları Mәndәdir. 19 Belәliklә, öz gördüklәrini, indi vә bundan sonra baş verәcәk hadisәlәri yaz. 20 Mәnim sağ әlimdә gördüyün yeddi ulduzun vә yeddi qızıl çıraqdanın sirrinә gәlincә, yeddi ulduz yeddi cәmiyyәtin mәlәklәri, yeddi çıraqdan da yeddi cәmiyyәt demәkdir.
Vәhy 2
1 Efesdә olan cәmiyyәtin mәlәyinә yaz: i Yeddi ulduzu sağ әlindә Tutan, yeddi qızıl çıraqdanın arasında Gәzәn belә deyir: 2 sәnin әmәllәrindәn, zәhmәtindәn, dözümündәn vә şәr adamlara dözmәdiyindәn xәbәrdaram. Hәvari olmadıqları halda özlәrini hәvari adlandıranları sınaqdan keçirdin vә onların yalançı olduğunu müәyyәn etdin. 3 Sәn dözümlü oldun, Mәnim adım naminә tab gәtirdin vә yorulmadın. 4 Amma sәndәn bir şikayәtim var: әvvәlki mәhәbbәtindәn әl çәkmisәn. 5 Buna görә dә haradan yıxıldığını yadına sal, tövbә et vә әvvәl etdiyin işlәri gör. Әks tәqdirdә, tövbә etmәsәn, yanına gәlib çıraqdanını yerindәn götürәcәyәm. 6 Amma yaxşı ki sәn nikolaçıların әmәllәrinә nifrәt edirsәn; Mәn dә onlara nifrәt edirәm. 7 Qulağı olan qoy eşitsin ki, Ruh cәmiyyәtlәrә nә deyir. Qalib gәlәnә Allahın cәnnәtindә olan hәyat ağacından yemәyә imkan verәcәyәm. 8 İzmirdә olan cәmiyyәtin mәlәyinә yaz: Birinci vә Sonuncu Olan, ölüb yenidәn Dirilәn belә deyir: 9 sәnin әziyyәtindәn vә yoxsulluğundan xәbәrdaram, amma sәn zәnginsәn. Yәhudi olduqlarını iddia edәnlәrin küfründәn dә xәbәrdaram, amma onlar Yәhudi deyil, Şeytan yığıncağıdır. 10 Çәkәcәyin әzabdan heç qorxma. Bax iblis aranızdan bәzisini zindana atacaq ki, sınaqdan keçәsiniz. Siz on gün әziyyәt çәkәcәksiniz. Ölüm bahasına olsa da, sadiq qal, Mәn sәnә hәyat tacını verәcәyәm. 11 Qulağı olan qoy eşitsin ki, Ruh cәmiyyәtlәrә nә deyir. Qalib gәlәn ikinci ölümdәn heç zәrәr görmәyәcәk. 12 Berqamada olan cәmiyyәtin mәlәyinә yaz: İkiağızlı iti qılıncı Olan belә deyir: 13 gör harada, Şeytanın taxtı olan yerdә yaşadığın halda Mәnim adıma bağlı qaldığından xәbәrdaram. Barәmdә sәdaqәtlә şәhadәt edәn, aranızda, Şeytanın yaşadığı yerdә öldürülәn Antipanın günlәrindә belә, Mәnә olan imanından imtina etmәdin. 14 Amma sәndәn bir az şikayәtim var: aranızda Bilamın tәliminә bağlı olanlar var. O, Balaqı öyrәtdi ki, İsrail övladlarını büdrәdәrәk bütlәrә tәqdim olunan qurbanların әtini yemәyә vә әxlaqsızlığa azdırsın. 15 Elәcә dә sәnin içindә nikolaçıların bu cür tәliminә bağlı olanlar var. 16 Buna görә dә tövbә et. Yoxsa tezliklә sәnin yanına gәlib ağzımdan çıxan qılıncla onlarla döyüşәcәyәm. 17 Qulağı olan qoy eşitsin ki, Ruh cәmiyyәtlәrә nә deyir. Qalib gәlәnә Mәn gizli saxlanan mannadan verәcәyәm. Ona bir ağ daş da verәcәyәm ki, üstündә yeni ad yazılıb; bu adı da daşı alandan başqa heç kәs bilmir. 18 Tiatirada olan cәmiyyәtin mәlәyinә yaz: Gözlәri odlu alova, ayaqları da pardaqlanmış tunca bәnzәyәn Allah Oğlu belә deyir: 19 sәnin әmәllәrindәn, mәhәbbәtindәn, imanından, xidmәtindәn vә dözümündәn xәbәrdaram; son işlәrin dә әvvәlkilәrdәn daha çoxdur. 20 Amma sәndәn şikayәtim var: sәn özünü peyğәmbәr adlandıran qadın İzevelә imkan verirsәn ki, Mәnim qullarıma әxlaqsızlıq vә bütlәrә tәqdim olunan qurbanların әtini yemәyi öyrәdәrәk onları aldatsın. 21 Mәn ona möhlәt verdim ki, tövbә etsin, amma әxlaqsızlığından tövbә etmәk istәmir. 22 Bax onu xәstәlik yatağına salıram. Onunla zina edәnlәr birgә etdiklәri әmәllәrdәn tövbә etmәsәlәr, onları da böyük әziyyәtә düçar edәcәyәm. 23 Onun övladlarını azara salıb öldürәcәyәm. Bütün cәmiyyәtlәr dә bilәcәk ki, insanın daxilini vә ürәyini araşdıran Mәnәm vә hәr birinizә әmәllәrinizә görә әvәz verәcәyәm. 24 Amma siz Tiatirada olan digәrlәrinә, yәni bu tәlimi qәbul etmәyәnlәrә vә Şeytanın dәrin sirri adlandırılan şeylәri öyrәnmәyәnlәrә deyirәm: üstünüzә başqa bir yük qoymuram; 25 ancaq Mәn gәlincәyә qәdәr özünüzdә olana bağlı qalın. 26 Qalib gәlәnә vә Mәnim buyurduğum işlәrә sonadәk riayәt edәnә millәtlәr üzәrindә sәlahiyyәt verәcәyәm. 27 “Dәmir әsa ilә onlara ağalıq edәcәk, Saxsı qablar kimi onları çilik-çilik edәcәk”. 28 Bunu Atamdan necә aldımsa, elәcә dә ona verәcәyәm. Dan ulduzunu da ona verәcәyәm. 29 Qulağı olan qoy eşitsin ki, Ruh cәmiyyәtlәrә nә deyir.
Vәhy 3
1 Sardda olan cәmiyyәtin mәlәyinә yaz: Allahın yeddi ruhuna vә yeddi ulduza malik Olan belә deyir: sәnin әmәllәrindәn xәbәrdaram. Adın var ki, guya dirisәn, әslindә isә ölüsәn. 2 Oyaq ol vә sağ qalıb ölmәk üzrә olan nәyin varsa, onu möhkәmlәndir. Çünki Mәn sәnin әmәllәrinin Allahımın önündә kamil olmadığını gördüm. 3 Buna görә dә nә aldığını vә nә eşitdiyini yadına sal. Bunlara riayәt et vә tövbә elә. Әgәr oyaq olmasan, bir oğru kimi gәlәcәyәm vә hansı saat sәnin üstünә gәlәcәyimi dә bilmәyәcәksәn. 4 Amma Sardda, sәnin yanında öz paltarlarını lәkәlәmәyәn bir neçә şәxs dә var. Onlar Mәnimlә birlikdә ağ paltarda gәzәcәklәr, çünki buna layiqdirlәr. 5 Qalib gәlәn hәr kәs dә ağ paltar geyinәcәk. Mәn onun adını hәyat kitabından әsla silmәyәcәyәm, Atamın vә Onun mәlәklәrinin önündә adını iqrar edәcәyәm. 6 Qulağı olan qoy eşitsin ki, Ruh cәmiyyәtlәrә nә deyir. 7 Filadelfiyada olan cәmiyyәtin mәlәyinә yaz: Müqәddәs vә Haqq Olan, Davudun açarının Sahibi, açdığını heç kәs bağlamayan, bağladığını heç kәs açmayan belә deyir: 8 sәnin әmәllәrindәn xәbәrdaram. Bax Mәn sәnin üzünә elә bir qapı açmışam ki, heç kәs onu bağlaya bilmәz. Gücün az olduğu halda Mәnim sözümә riayәt etmisәn vә Mәnim adımdan imtina etmәmisәn. 9 İndi isә Şeytan yığıncağından olub Yәhudi olmadıqları halda özlәrini Yәhudi adlandıran yalançıları mәcbur edәcәyәm ki, gәlib sәnin ayaqlarına düşsünlәr vә Mәnim sәni sevdiyimi bilsinlәr. 10 Dözüm göstәrәrәk Mәnim sözümә riayәt etmisәn. Buna görә Mәn dә sәni yer üzündә yaşayanları sınamaq üçün bütün dünyanın üzәrinә gәlәcәk sınaq zamanından qoruyub saxlayacağam. 11 Tezliklә gәlirәm. Nәyin varsa, ona bağlı qal ki, heç kәs tacını götürmәsin. 12 Qalib gәlәni Allahımın mәbәdinә sütun qoyacağam vә bir daha oranı tәrk etmәyәcәk. Onun üzәrinә Allahımın adını, Allahıma mәxsus şәhәrin, yәni göydәn, Allahımın yanından enәn yeni Yerusәlimin adını vә Öz yeni adımı yazacağam. 13 Qulağı olan qoy eşitsin ki, Ruh cәmiyyәtlәrә nә deyir. 14 Laodikeyada olan cәmiyyәtin mәlәyinә yaz: Amin Olan, sadiq vә etibarlı Şahid, Allahın yaratdıqlarının Mәnşәyi belә deyir: 15 sәnin әmәllәrindәn xәbәrdaram. Sәn nә soyuqsan, nә dә isti. Kaş ki ya soyuq ya da isti olaydın! 16 İndi ki nә isti, nә dә soyuq olub ilıqsan, sәni ağzımdan qaytaracağam. 17 Çünki deyirsәn: “Varlıyam, zәngin olmuşam vә heç nәyә möhtac deyilәm”. Amma bilmirsәn ki, zәlil, yazıq, yoxsul, kor vә çılpaqsan. 18 Sәnә mәslәhәt görürәm ki, zәngin olmaq üçün Mәndәn od içindә xalis olan qızıl alasan, hәmçinin geyinib çılpaqlığının ayıbını açmamaq üçün ağ paltar alasan, gözlәrinә sürtüb görmәk üçün dә göz mәlhәmi alasan. 19 Mәn kimi sevirәm, onu mәzәmmәt vә tәrbiyә edirәm. Buna görә dә qeyrәtә gәl vә tövbә et. 20 Bax qapının önündә durub onu döyürәm; kim sәsimi eşidib qapını açsa, onun yanına gәlәcәyәm vә Mәn onunla, o da Mәnimlә birgә şam edәcәyik. 21 Qalib gәlәnә Mәnimlә birgә Öz taxtımda oturmağa imkan verәcәyәm; Mәn dә elәcә qalib gәlib Atamla birgә Onun taxtında oturmuşam. 22 Qulağı olan qoy eşitsin ki, Ruh cәmiyyәtlәrә nә deyir".
Vәhy 4
1 Bundan sonra gördüm ki, göyә açılmış bir qapı var. Әvvәlcә mәnimlә danışdığını eşitdiyim, şeypura bәnzәr sәs dedi: "Bura qalx. Bundan sonra baş vermәli hadisәlәri sәnә göstәrәcәyәm". 2 Elә o an mәn Ruhun tәsirinә düşdüm. Budur, göydә bir taxt qurulub, taxtda da Biri oturub. 3 Oturanın görünüşü yәşәm vә qırmızı әqiq daşına bәnzәyirdi. Taxtın әtrafında da görünüşcә zümrüdә bәnzәyәn göy qurşağı var idi. 4 Taxtın hәr tәrәfindә daha iyirmi dörd taxt var idi vә onların üstündә ağ paltar geyinmiş, başında qızıl tac olan iyirmi dörd ağsaqqal oturmuşdu. 5 Taxtdan şimşәk, uğultu vә göy gurultusu çıxırdı. Taxtın önündә yeddi mәşәl yanırdı; bunlar Allahın yeddi ruhudur. 6 Taxtın önündә sanki büllura bәnzәyәn şüşә dәniz var idi. Taxtın әtrafında, hәr dörd yanında önü dә, arxası da gözlәrlә örtülmüş dörd canlı mәxluq var idi. 7 Birinci mәxluq aslana, ikinci mәxluq danaya, üçüncü mәxluqun üzü insan üzünә, dördüncü mәxluq da uçan qartala bәnzәyirdi. 8 Bu dörd mәxluqdan hәr birinin altı qanadı var idi; mәxluqların hәr tәrәfi, hәtta qanadlarının alt tәrәfi dә gözlәrlә örtülmüşdü. Bu mәxluqlar gecә-gündüz dayanmadan deyir: "Var Olmuş, Var Olan vә Gәlmәli Olan Külli-İxtiyar Rәbb Allah Müqәddәsdir, müqәddәsdir, müqәddәsdir!" 9 Canlı mәxluqlar hәr dәfә taxtda Oturana, әbәdi Yaşayana izzәt vә şәrәf verib şükür edәndә 10 iyirmi dörd ağsaqqal taxtda Oturanın önündә yerә qapanıb әbәdi Var Olana sәcdә edir vә taclarını taxtın önünә atıb deyirlәr: 11 "Ey bizim Rәbbimiz vә Allahımız! Sәn izzәt, şәrәf vә qüdrәt almağa layiqsәn. Çünki hәr şeyi Sәn yaratdın, Hәr şey Sәnin iradәnlә var olub yarandı".
Vәhy 5
1 Mәn taxtda Oturanın sağ әlindә bir tumar gördüm ki, onun hәr iki tәrәfi dә yazılmışdı vә yeddi möhürlә möhürlәnmişdi. 2 Hәmçinin gördüm ki, qüdrәtli bir mәlәk uca sәslә elan edir: "Tumarın möhürlәrini qırmağa vә onu açmağa kim layiqdir?" 3 Amma nә göydә, nә yer üzündә, nә dә yer altında bir kәs bu tumarı açmağı yaxud onun içinә baxmağı bacarmadı. 4 Mәn çox ağladım, çünki tumarı açmağa yaxud onun içinә baxmağa layiq olan bir kәs tapılmadı. 5 Onda ağsaqqallardan biri mәnә dedi: "Ağlama! Budur, Yәhuda qәbilәsindәn olan Aslan, Davudun Kökü qalib gәlib; buna görә dә O, tumarı vә onun yeddi möhürünü aça bilir". 6 Gördüm ki, taxtla dörd canlı mәxluqun ortasında vә ağsaqqalların arasında bir Quzu dayanıb; O sanki kәsilmiş vәziyyәtdә idi. Onun yeddi buynuzu vә yeddi gözü var idi ki, bunlar da bütün yer üzünә göndәrilmiş Allahın yeddi ruhudur. 7 Quzu yaxınlaşıb taxtda Oturanın sağ әlindәn tumarı götürdü. 8 O, tumarı götürdüyü zaman dörd canlı mәxluq vә iyirmi dörd ağsaqqal Quzunun önündә yerә qapandı. Hәr birinin әlindә çәng var idi vә buxurla dolu qızıl nimçәlәr tuturdular ki, bunlar müqәddәslәrin dualarıdır. 9 Onlar yeni bir nәğmә oxuyaraq deyirdi: "Sәn tumarı götürüb Onun möhürlәrini qırmağa layiqsәn. Çünki Sәn kәsildin Vә hәr tayfadan, dildәn, xalqdan vә millәtdәn olanları Allah üçün Öz qanın bahasına satın aldın. 10 Onları Allahımızla birgә Padşahlığa vә kahinliyә şәrik etdin; Onlar da yer üzünә padşahlıq edәcәk". 11 Taxtın, canlı mәxluqların vә ağsaqqalların әtrafında saysız-hesabsız mәlәk gördüm vә onların sәsini eşitdim. 12 Onlar uca sәslә deyirdi: "Kәsilmiş Quzu Qüdrәti, sәrvәti, hikmәti, qüvvәti, Şәrәfi, izzәti vә alqışı Almağa layiqdir". 13 Hәmçinin mәn göydә, yer üzündә, yer altında, dәnizdә olan bütün mәxluqların vә oralardakı bütün varlıqların belә dediyini eşitdim: "Taxtda Oturana vә Quzuya әbәdi olaraq Alqış, şәrәf, izzәt vә qüdrәt olsun!" 14 Dörd canlı mәxluq da "Amin!" deyirdi. Onda ağsaqqallar yerә qapanıb sәcdә etdilәr.
Vәhy 6
1 Mәn gördüm ki, Quzu yeddi möhürün birini açdı. Onda dörd canlı mәxluqdan birinin göy gurultusuna bәnzәr sәslә "gәl" dediyini eşitdim. 2 Gördüm ki, bir ağ at vә onun belindә oturan atlının әlindә ox-kaman var. Ona bir tac verildi vә bir qalib kimi yola çıxdı ki, qәlәbә qazansın. 3 Quzu ikinci möhürü açanda ikinci canlı mәxluqun "gәl" dediyini eşitdim. 4 Onda ayrısı – od rәngindә bir at ortaya çıxdı. Onun belindә oturan atlıya izin verildi ki, yer üzündә sülhü aradan götürsün vә insanlara bir-birini qırdırsın. Atlıya böyük bir qılınc verildi. 5 Quzu üçüncü möhürü açanda üçüncü canlı mәxluqun "gәl" dediyini eşitdim. Gördüm ki, bir qara at vә onun belindә oturan atlının әlindә tәrәzi var. 6 Dörd canlı mәxluqun arasından sanki bir sәsin belә dediyini eşitdim: "Bir xiniks buğda bir dinara, üç xiniks arpa da bir dinaradır; amma zeytun yağına vә şәraba ziyan vurma". 7 Quzu dördüncü möhürü açanda dördüncü canlı mәxluqun "gәl" dediyini eşitdim. 8 Gördüm ki, bir solğun rәngdә at var. Onun belindә oturan atlının adı Ölüm idi. Ölülәr diyarı da onun ardınca gedirdi. Onlara yer üzünün dörddә biri üzәrindә sәlahiyyәt verildi ki, qılınc, aclıq, azar vә yer üzündәki vәhşi heyvanlarla insanları qırsınlar. 9 Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kәlamına vә etdiklәri şәhadәtә görә kәsilәn canları gördüm. 10 Onlar uca sәslә fәryad edirdi: "Ey müqәddәs vә haqq olan Pәrvәrdigar, nә vaxta kimi mühakimә etmәyib yer üzündә yaşayanlardan qanımızın qisasını almayacaqsan?" 11 Onda hәr birinә ağ xalat verilib deyildi ki, özlәri ilә birgә qulluq edәn, onlar kimi öldürülәcәk bacı-qardaşlarının sayı tamam olana qәdәr bir az vaxt da rahat olsunlar. 12 Quzu altıncı möhürü açanda gördüm ki, böyük bir zәlzәlә baş verdi. Günәş qıldan toxunan çul kimi qaraldı vә ayın rәngi bütünlüklә qan kimi oldu. 13 Göydәki ulduzlar da әncir ağacının güclü külәkdәn sarsılıb kal meyvәlәrini tökdüyü kimi yerә töküldü. 14 Göy dә bükülәn tumar kimi çәkilib getdi. Hәr dağ vә ada yerindәn tәrpәndi. 15 Onda yer üzünün padşahları, böyük adamlar, sәrkәrdәlәr, varlılar, güclülәr, hәr qul vә azad adam mağaralarda vә dağlardakı qayalar arasında gizlәnib 16 dağlara vә qayalara dedilәr: "Üstümüzә qopub düşün vә bizi taxtda Oturanın üzündәn, Quzunun qәzәbindәn gizlәdin. 17 Çünki qәzәblәrinin böyük günü gәlib çatdı vә ona qarşı kim dura bilәr?"
Vәhy 7
1 Bundan sonra mәn yer üzünün dörd küncündә dayanan dörd mәlәk gördüm. Onlar yer üzünün dörd külәyini tutmuşdular ki, nә quru, nә dәniz vә nә dә bir ağac üstünә yel әssin. 2 Gündoğan tәrәfdәn qalxan başqa bir mәlәk dә gördüm ki, var olan Allahın möhürünә malik idi. O, uca sәslә quruya vә dәnizә ziyan vurmaq izni verilmiş dörd mәlәyi çağırıb dedi: 3 "Biz Allahımızın qullarının alnını möhürlәyәnә qәdәr quruya, dәnizә vә ağaclara ziyan vurmayın". 4 Möhürlәnmiş şәxslәrin sayını da eşitdim; İsrail övladlarının bütün qәbilәlәrindәn 144,000 nәfәr möhürlәnmişdi: 5 Yәhuda qәbilәsindәn 12,000 möhürlәnmiş nәfәr; Ruven qәbilәsindәn 12,000 nәfәr; Qad qәbilәsindәn 12,000 nәfәr; 6 Aşer qәbilәsindәn 12,000 nәfәr; Naftali qәbilәsindәn 12,000 nәfәr; Menaşşe qәbilәsindәn 12,000 nәfәr; 7 Şimeon qәbilәsindәn 12,000 nәfәr; Levi qәbilәsindәn 12,000 nәfәr; İssakar qәbilәsindәn 12,000 nәfәr; 8 Zevulun qәbilәsindәn 12,000 nәfәr; Yusif qәbilәsindәn 12,000 nәfәr; Binyamin qәbilәsindәn 12,000 möhürlәnmiş nәfәr. 9 Bundan sonra mәn gördüm ki, hәr millәtdәn, hәr tayfadan, hәr xalqdan vә hәr dildәn olan, heç kәsin saya bilmәyәcәyi böyük bir kütlә taxtın vә Quzunun önündә dayanıb. Onlar ağ xalat geyinib, әllәrindә xurma budaqları tutublar. 10 Uca sәslә nida edirdilәr: "Xilas taxtda oturan Allahımıza vә Quzuya mәxsusdur!" 11 Bütün mәlәklәr dә taxtın, ağsaqqalların vә dörd canlı mәxluqun әtrafında dayanmışdı. Onlar taxtın önündә üzüstә yerә qapanaraq Allaha sәcdә edib dedilәr: 12 "Amin! Allahımıza әbәdi olaraq Alqış, izzәt, hikmәt, şükür, şәrәf, Qüdrәt vә qüvvәt olsun! Amin!" 13 Bu arada ağsaqqallardan biri mәndәn soruşdu: "Ağ xalat geyinmiş bu şәxslәr kimdir vә haradan gәliblәr?" 14 Ona dedim: "Ağa, bunu sәn bilәrsәn".O mәnә dedi: "Bunlar böyük әziyyәtdәn keçib gәlәnlәrdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilә ağartdılar. 15 Buna görә dә Onlar Allahın taxtının önündәdir, Gecә-gündüz mәbәdindә Ona ibadәt edirlәr. Taxtda Oturan da Onların üzәrindә mәskәn salacaq. 16 Onlar bir daha nә ac, Nә dә susuz qalacaq, Günәş vә qızmar isti Onları vurmayacaq. 17 Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları hәyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını silәcәk".
Vәhy 8
1 Quzu yeddinci möhürü açanda göydә tәxminәn yarım saat sükut yarandı. 2 Onda mәn Allahın önündә dayanan yeddi mәlәyi gördüm. Onlara yeddi şeypur verildi. 3 Başqa bir mәlәk dә gәlib qurbangahın önündә durdu. Onun әlindә qızıl buxurdan var idi vә ona çoxlu buxur verildi ki, bunu bütün müqәddәslәrin duaları ilә birgә taxtın önündә olan qızıl qurbangahın üstündә tәqdim etsin. 4 Buxurun tüstüsü müqәddәslәrin duaları ilә birgә mәlәyin әlindәn Allahın önünә yüksәldi. 5 Onda mәlәk buxurdanı götürüb qurbangahdakı odla doldurdu vә onu yer üzünә atdı. Göy gurultusu, uğultu, şimşәk vә zәlzәlә baş verdi. 6 Yeddi şeypuru olan yeddi mәlәk onları çalmağa hazırlaşdı. 7 Birinci mәlәk şeypurunu çaldı. Onda qanla qarışıq dolu vә od әmәlә gәlib yer üzünә yağdırıldı. Yer üzünün üçdә biri, ağacların üçdә biri vә bütün yaşıl otlar yandırıldı. 8 İkinci mәlәk şeypurunu çaldı. Onda sanki böyük bir dağ odla yanaraq dәnizin içinә atıldı. Dәnizin üçdә biri qana döndü. 9 Dәnizdә olan canlı mәxluqların üçdә biri öldü. Gәmilәrin dә üçdә biri mәhv oldu. 10 Üçüncü mәlәk şeypurunu çaldı. Onda göydәn mәşәl kimi yanan böyük bir ulduz enib çayların üçdә birinin vә su qaynaqlarının üstünә düşdü. 11 O ulduzun adına "Yovşan" deyilir. Suların üçdә biri yovşana döndü. Çoxlu adam sulardan öldü, çünki sular acı olmuşdu. 12 Dördüncü mәlәk şeypurunu çaldı. Onda günәşin, ayın vә ulduzların üçdә biri vuruldu; buna görә dә onların üçdә biri qaraldı. Gündüzün üçdә biri, gecәnin dә elә o qәdәri işıqsız qaldı. 13 Onda göyün ortasında uçan bir qartal gördüm vә onun uca sәslә belә dediyini eşitdim: "Şeypurlarını çalacaq o biri üç mәlәyin şeypur sәslәrindәn yer üzündә yaşayanların vay, vay, vay halına!"
Vәhy 9
1 Beşinci mәlәk şeypurunu çaldı. Onda mәn göydәn yerә düşmüş bir ulduz gördüm. Dibsiz dәrinliyә enәn quyunun açarı ona verildi. 2 O, dibsiz dәrinliyә enәn quyunu açdı vә quyudan iri bir kürәnin tüstüsünә bәnzәr tüstü çıxdı. Günәş vә hava quyudan çıxan tüstüdәn qaraldı. 3 Tüstünün içindәn yer üzünә çәyirtkәlәr çıxdı vә onlara yer üzündәki әqrәblәrin gücü qәdәr güc verildi. 4 Onlara deyildi ki, yer üzündәki otlara, heç bir yaşıllığa, heç bir ağaca deyil, yalnız alınlarında Allahın möhürü olmayan insanlara zәrәr vursunlar. 5 Onlara izin verildi ki, insanları öldürmәdәn onlara beş ay işgәncә versinlәr. Onların verdiyi işgәncә әqrәbin insanı sancdığı zaman olan işgәncәyә bәnzәyir. 6 O günlәrdә insanlar ölüm axtaracaq, amma tapmayacaqlar. Özlәrinә ölüm arzulayacaqlar, amma ölüm onlardan qaçacaq. 7 Çәyirtkәlәrin görünüşü döyüşә hazırlanan atlara bәnzәyirdi. Başlarında sanki qızıl tac var idi, üzlәri dә insan üzü kimi idi. 8 Onların qadınlarda olan kimi saçları var idi, dişlәri dә aslan dişlәri kimi idi. 9 Döş zirehlәri dәmir zirehlәr kimi idi. Qanadlarının sәsi döyüşә qaçan çoxlu sayda arabalarla atların sәsinә bәnzәyirdi. 10 Onların әqrәb kimi quyruqları vә neştәrlәri var idi. Quyruqlarında elә güclәri var idi ki, insanlara beş ay zәrәr verә bilәrdilәr. 11 Dibsiz dәrinliyin mәlәyi onların üzәrindә padşahlıq edirdi; onun adı ibranicә "Avaddon", yunanca "Apollion" idi. 12 Birinci bәla ötüb keçdi. Budur, ondan sonra daha iki bәla gәlir. 13 Altıncı mәlәk şeypurunu çaldı. Onda mәn Allahın önündәki qızıl qurbangahın dörd buynuzundan gәlәn bir sәs eşitdim. 14 Bu sәs şeypuru olan altıncı mәlәyә deyirdi: "Böyük Fәrat çayının kәnarında bağlanan dörd mәlәyi burax". 15 Hәmin o saat, o gün, o ay vә o il üçün hazırlanmış dörd mәlәk buraxıldı ki, insanların üçdә birini öldürsün. 16 Atlı qoşunların sayı iki yüz milyon idi; mәn onların sayını eşitdim. 17 Mәn görüntüdә atları vә onların belindә oturan atlıları bu cür gördüm: onların od, tünd göy vә kükürd rәngindә döş zirehlәri var idi, atların başı aslan başı kimi idi vә ağızlarından od, tüstü vә kükürd çıxırdı. 18 Bu üç bәladan, yәni onların ağzından çıxan od, tüstü vә kükürddәn insanların üçdә biri hәlak oldu. 19 Çünki atların gücü onların ağzında vә quyruğundadır. Onların quyruğu başı olan ilana oxşayır vә atlar bu başlarla da zәrәr vururlar. 20 Bu bәlalardan hәlak olmayıb sağ qalan adamlar öz әllәri ilә düzәltdiklәri şeylәrdәn dönüb tövbә etmәdilәr. Cinlәrә vә görmәyә, eşitmәyә, yerimәyә qadir olmayan qızıl, gümüş, tunc, daş, taxta bütlәrә sәcdә etmәkdәn әl çәkmәdilәr. 21 Hәmçinin onlar nә qatilliklәrindәn, nә sehrbazlıqlarından, nә әxlaqsızlıqlarından, nә dә oğurluqlarından tövbә etdilәr.
Vәhy 10
1 Mәn göydәn enәn başqa bir güclü mәlәyi gördüm. O, buluda bürünmüşdü vә başının üstündә göy qurşağı var idi. Üzü günәşә, ayaqları da od sütununa bәnzәyirdi. 2 Әlindә açılmış kiçik bir tumar var idi. O, sağ ayağını dәnizin üstünә, sol ayağını isә quruya qoydu. 3 Aslan nәriltisinә bәnzәr uca sәslә nida etdi. O nida edәndә yeddi göy gurultusu öz sәsi ilә danışdı. 4 Yeddi göy gurultusu danışdığı zaman mәn yazmağa hazırlaşırdım ki, göydәn danışan bir sәs eşitdim: "Yeddi göy gurultusunun söylәdiklәrini möhürlü saxla, onları yazma". 5 Onda dәnizdә vә quruda dayandığını gördüyüm mәlәk sağ әlini göyә tәrәf qaldırıb 6 әbәdi Var Olanın, göyü vә oradakıları, yeri vә oradakıları, dәnizi vә oradakıları Yaradanın adına and içәrәk dedi: "Daha möhlәt verilmәyәcәk, 7 amma yeddinci mәlәyin şeypur çalacağı günlәr Allahın sirli niyyәti, qulları olan peyğәmbәrlәrә açdığı kimi tam yerinә yetәcәk". 8 Göydәn eşitdiyim sәs yenә dә mәnimlә danışıb belә dedi: "Get, dәnizdә vә quruda dayanan mәlәyin әlindәki açılmış kiçik tumarı götür". 9 Mәn dә mәlәyin yanına gedib ona dedim ki, kiçik tumarı mәnә versin. O mәnә dedi: "Onu götür, ye. O sәnin mәdәndә acı, ağzında isә bal kimi şirin olacaq". 10 Mәn tumarı mәlәyin әlindәn götürüb yedim. O, ağzımda bal kimi şirin idi, amma onu yeyәndәn sonra mәdәmdә acılıq oldu. 11 Mәnә belә dә deyildi: "Sәn gәrәk yenә dә çoxlu xalq, millәt, dil vә padşah barәdә peyğәmbәrlik edәsәn".
Vәhy 11
1 Mәnә әsaya oxşayan bir qamış verildi vә mәnә deyildi: "Qalx Allahın mәbәdini, qurbangahı ölç vә orada sәcdә edәnlәri say. 2 Amma mәbәdin bayır hәyәtini nәzәrә alma vә oranı ölçmә. Çünki ora başqa millәtlәrә verildi vә onlar müqәddәs şәhәri qırx iki ay tapdaq edәcәk. 3 Öz iki şahidimi göndәrәcәyәm ki, çula bürünәrәk hәmin min iki yüz altmış gün әrzindә peyğәmbәrlik etsinlәr". 4 Bunlar yer üzünün Sahibinin önündә dayanan iki zeytun ağacı vә iki çıraqdandır. 5 Әgәr kimsә onlara zәrәr vurmaq istәsә, ağızlarından od çıxıb düşmәnlәrini yandırıb-yaxır. Belәcә onlara zәrәr vurmaq istәyәn hәr kәs bu cür öldürülmәlidir. 6 Onların göyü bağlamağa ixtiyarı var ki, peyğәmbәrlik etdiklәri günlәr yağış yağmasın. Hәmçinin onların suları qana döndәrmәyә vә yer üzünә istәdiklәri qәdәr hәr cür bәla gәtirmәyә ixtiyarı var. 7 Onlar öz şәhadәtlәrini bitirdikdәn sonra dibsiz dәrinlikdәn çıxan vәhşi heyvan onlarla döyüşәcәk vә onları mәğlub edib öldürәcәk. 8 Cәsәdlәri onların Rәbbinin dә çarmıxa çәkildiyi böyük şәhәrin baş küçәsinә sәrilәcәk; hәmin şәhәr rәmzi olaraq Sodom vә Misir adlanır. 9 Müxtәlif xalqlardan, tayfalardan, dillәrdәn vә millәtlәrdәn olan adamlar üç gün yarım onların cәsәdinә baxacaq vә qәbirә qoyulmasına yol vermәyәcәklәr. 10 Yer üzündә yaşayanlar onların bu halına sevinib bayram edәcәk vә bir-birlәrinә hәdiyyәlәr göndәrәcәk. Çünki bu iki peyğәmbәr yer üzündә yaşayanlara iztirab vermişdi. 11 Lakin hәmin üç gün yarım bitәndә Allahdan gәlәn hәyat nәfәsi onların içinә girdi vә onlar ayağa qalxdı. Onda onları görәnlәrin canına böyük qorxu düşdü. 12 O iki peyğәmbәr göydәn onlara "Bura qalxın!" deyәn uca bir sәs eşitdilәr vә buludun içindә göyә qalxdılar. Düşmәnlәri dә onlara baxdı. 13 O saat böyük bir zәlzәlә baş verdi vә şәhәrin onda biri dağıldı. Zәlzәlәdә yeddi min nәfәr hәlak oldu, qalanları isә qorxuya düşüb göydәki Allahı izzәtlәndirdilәr. 14 İkinci bәla ötüb keçdi. Budur, tezliklә üçüncü bәla gәlir. 15 Yeddinci mәlәk şeypurunu çaldı. Göydә belә deyәn uca sәslәr eşidildi: "Rәbbimiz vә Onun Mәsihi Dünya üzәrindә Padşahlığa sahib oldu! O әbәdi olaraq padşahlıq edәcәk!" 16 Onda Allahın önündә öz taxtlarında oturan iyirmi dörd ağsaqqal üzüstә yerә qapanıb Allaha sәcdә edәrәk 17 dedi: "Ey Var Olan, Var Olmuş Külli-İxtiyar Rәbb Allah, Sәnә şükür edirik! Çünki Öz böyük qüdrәtini alıb Padşahlıq taxtına çıxdın. 18 Millәtlәr qәzәblәndi, Sәnin dә qәzәbinin vaxtı gәldi. Ölülәri mühakimә etmәk, Sәnin qulların olan Peyğәmbәrlәrә, müqәddәslәrә, Sәnin adından qorxanlara, Kiçiklәrә vә böyüklәrә mükafat vermәk, Yer üzünü mәhv edәnlәri Mәhv etmәk vaxtı çatdı". 19 Allahın göydәki mәbәdi açıldı vә Onun Әhd sandığı orada zahir oldu. Onda şimşәk, uğultu, göy gurultusu, zәlzәlә vә güclü dolu gәldi.
Vәhy 12
1 Göydә böyük bir әlamәt zahir oldu: günәşi әyninә geyinmiş, ayaqları altında ay vә başında on iki ulduzlu tac olan bir qadın göründü. 2 O hamilә idi vә doğmaq üzrә idi, ağrı vә iztirab çәkәrәk qışqırırdı. 3 Göydә başqa bir әlamәt zahir oldu: yeddi başlı, on buynuzlu, başlarının üstündә dә yeddi kiçik tac olan böyük vә od rәngindә әjdaha göründü. 4 Onun quyruğu göy ulduzlarının üçdә birini süpürüb yer üzünә atdı. Әjdaha doğmağa hazırlaşan qadının önündә dayandı ki, qadın doğan kimi onun uşağını udsun. 5 Qadın bir oğlan uşağı doğdu ki, "dәmir әsa ilә bütün millәtlәrә ağalıq edәcәk".Bu uşaq Allahın vә Onun taxtının yanına qapılıb götürüldü. 6 Qadınsa çölә qaçdı. Orada onun min iki yüz altmış gün bәslәnmәsi üçün Allah tәrәfindәn hazırlanmış yeri var. 7 Göydә döyüş oldu. Mikael vә onun mәlәklәri әjdaha ilә döyüşdü. Әjdaha vә onun mәlәklәri dә onlarla döyüşdü, 8 amma güclәri çatmadı. Göydә artıq onlara yer qalmadı. 9 O böyük әjdaha – iblis vә Şeytan deyilәn, bütün dünyanı aldadan qәdim ilan yer üzünә atıldı, mәlәklәri dә onunla birgә atıldı. 10 Mәn göydә uca bir sәsin belә dediyini eşitdim: "İndi Allahımızın xilası, gücü, Padşahlığı vә Onun Mәsihinin hakimiyyәti hәyata keçdi. Çünki bacı-qardaşlarımızı Allahımızın önündә Gecә-gündüz tәqsirlәndirәn ittihamçı kәnara atıldı. 11 Onlar Quzunun qanı vә öz şәhadәt sözlәri vasitәsilә Ona qalib gәldilәr. Hәtta ölümlә üzbәüz olanda da Öz canlarını sevmәdilәr. 12 Buna görә dә, ey göylәr vә Orada mәskәn salanlar, bayram edin! Qurunun vә dәnizinsә vay halına! Çünki iblis böyük hiddәtlә yanınıza endi, Bilir ki, onun az vaxtı qalıb". 13 Әjdaha yer üzünә atıldığını görәndә oğlan uşağı doğan qadının ardınca düşdü. 14 Amma qadına böyük qartalın iki qanadı verildi ki, çölә – öz yerinә uçsun vә orada, ilandan kәnarda bir vaxt, vaxtlar vә yarım vaxt әrzindә bәslәnsin. 15 İlan qadının ardınca ağzından sel kimi su püskürdü ki, sel onu aparsın. 16 Lakin quru qadına kömәk etdi: quru ağzını açdı vә әjdahanın ağzından püskürdüyü seli içib qurtardı. 17 Onda әjdaha qadına qәzәblәndi, onun nәslindәn Allahın әmrlәrinә riayәt edәn vә İsa barәdә şәhadәt edәn başqaları ilә döyüşmәk üçün getdi 18 vә dәniz sahilinin qumları üzәrindә dayandı.
Vәhy 13
1 Dәnizdәn çıxan on buynuzlu vә yeddi başlı bir vәhşi heyvan gördüm. Onun buynuzlarının üstündә on kiçik tac var idi, başlarının üzәrindә isә küfr olan adlar yazılmışdı. 2 Gördüyüm vәhşi heyvan bәbirә oxşayırdı. Onun ayaqları ayı ayaqları kimi, ağzı da aslan ağzı kimi idi. Әjdaha ona öz gücünü, taxtını vә böyük sәlahiyyәt verdi. 3 Vәhşi heyvanın başlarından biri sanki ölümcül yaralanmışdı, ancaq o, ölümcül yarasından sağaldı. Bütün yer üzü heyrәt içindә vәhşi heyvanın ardınca getdi. 4 Әjdahaya sәcdә etdilәr, çünki vәhşi heyvana sәlahiyyәt verәn o idi. Hәmçinin vәhşi heyvana sәcdә edib dedilәr: "Kim bu vәhşi heyvana tay ola vә onunla döyüşә bilәr?" 5 Vәhşi heyvana lovğa vә küfr danışan bir ağız da verildi. Hәm dә ona sәlahiyyәtini qırx iki ay icra etmәk izni verildi. 6 O, ağzını açdı ki, Allaha küfr etsin, Onun adına, hәmçinin mәskәninә, yәni göydә mәskәn salanlara küfr söylәsin. 7 Ona izin verildi ki, müqәddәslәrlә döyüşüb onlara qalib gәlsin. Hәmçinin ona bütün tayfalar, xalqlar, dillәr vә millәtlәr üzәrindә sәlahiyyәt verildi. 8 Kәsilmiş Quzunun hәyat kitabına dünya yaranandan bәri adı yazılanlardan savayı, yer üzündә yaşayanların hamısı ona sәcdә edәcәk. 9 Kimin qulağı var, qoy eşitsin. 10 Kim әsir olmalıdırsa, Әsirliyә gedir, Kim qılıncla öldürülmәlidirsә, Qılıncla öldürülür. Gәrәk müqәddәslәrin dözümü vә imanı olsun. 11 Mәn yerdәn çıxan başqa bir vәhşi heyvan da gördüm. Onun quzu buynuzuna oxşayan iki buynuzu var idi, amma әjdaha kimi danışırdı. 12 O, birinci vәhşi heyvanın bütün sәlahiyyәtini onun önündә icra edir, yer üzünü vә orada yaşayanları ölümcül yarasından sağalan hәmin vәhşi heyvana sәcdә etmәyә mәcbur edir. 13 İkinci vәhşi heyvan böyük әlamәtlәr göstәrir, hәtta insanların önündә göydәn yerә od yağdırır. 14 Birinci vәhşi heyvanın önündә göstәrilmәsinә izin verilmiş әlamәtlәrlә yer üzündә yaşayanları aldadaraq onlara deyir ki, qılıncla yaralanan, amma sağ qalan hәmin vәhşi heyvanın surәtini yaratsınlar. 15 Ona hәmin vәhşi heyvanın surәtinә nәfәs vermәk qüdrәti verildi ki, bu surәt dә danışsın vә ona sәcdә etmәyәn hәr kәsin öldürülmәsini әmr etsin. 16 İkinci vәhşi heyvan hamını – böyüklәri vә kiçiklәri, varlıları vә yoxsulları, azadları vә qulları mәcbur edir ki, sağ әllәri yaxud alınları damğalansın. 17 Belәcә bu damğanı, yәni hәmin vәhşi heyvanın adını ya da adını tәmsil edәn sayı daşımayan bir kәsә alıb-satmağa icazә verilmir. 18 Bu işdә müdrik olmaq lazımdır. Kimin ağlı var, qoy bu vәhşi heyvana mәxsus sayı hesablasın, çünki bu bir insanın sayıdır. Onun sayı altı yüz altmış altıdır.
Vәhy 14
1 Mәn gördüm ki, Quzu Sion dağında durub. Onunla birlikdә 144,000 nәfәr var idi. Onların alnında Quzunun adı vә Onun Atasının adı yazılmışdı. 2 Mәn göydәn gur suların sәdasına vә güclü göy gurultusuna bәnzәr bir sәs eşitdim. Eşitdiyim sәs çәng çalanların çәnglәrinin sәsi kimi idi. 3 Onlar taxtın, dörd canlı mәxluqun vә ağsaqqalların önündә yeni bir nәğmә oxuyurlar. Yer üzündәn satın alınmış bu 144,000 nәfәrdәn başqa heç kәs bu nәğmәni öyrәnә bilmәdi. 4 Bunlar özlәrini qadınlarla lәkәlәmәmiş şәxslәrdir, çünki bakirdirlәr. Quzu hara getsә, onlar da Onun ardınca gedir. Onlar Allah vә Quzu üçün nübar olaraq insanlar arasından satın alındı. 5 Ağızlarından heç vaxt yalan çıxmayıb, onlar lәkәsizdir. 6 Mәn göyün ortasında uçan başqa bir mәlәk gördüm. O, yer üzündә yaşayanlara – hәr millәtә, hәr tayfaya, hәr dilә vә hәr xalqa yaymaq üçün әbәdi bir Müjdә gәtirirdi. 7 Mәlәk uca sәslә deyirdi: "Allahdan qorxun, Ona izzәt verin! Çünki Onun mühakimә edәcәyi vaxt gәldi. Göyü, yeri, dәnizi vә su qaynaqlarını Yaradana sәcdә edin!" 8 İkinci mәlәk dә onun ardınca gәlәrәk deyirdi: "Dağıldı, böyük Babil dağıldı! O, әxlaqsızlığının coşğun şәrabını bütün millәtlәrә içirtmişdi". 9 Bunların ardınca üçüncü bir mәlәk dә gәlәrәk uca sәslә deyirdi: "Kim vәhşi heyvana vә onun surәtinә sәcdә edib öz alnının yaxud әlinin damğalanmasını qәbul edәrsә, 10 o da Allahın qәzәb kasasına qarışıqsız tökülmüş coşğun şәrabından içәcәk. Belәlәrinә müqәddәs mәlәklәrin vә Quzunun önündә od vә kükürdlә işgәncә verilәcәk. 11 Onlara verilәn işgәncәnin tüstüsü әbәdi olaraq qalxacaq. Vәhşi heyvana vә onun surәtinә sәcdә edib adına aid damğanı qәbul edәnlәr gecә-gündüz rahatlıq tapmayacaq". 12 Allahın әmrlәrinә riayәt edәn vә İsaya imanına sadiq qalan müqәddәslәrin gәrәk dözümü olsun. 13 Onda göydәn belә deyәn bir sәs eşitdim: "Yaz: bundan sonra Rәbdә ölәnlәr nә bәxtiyardır!" Ruh deyir: "Bәli, onlar zәhmәtlәrindәn ayrılıb rahatlıq tapacaqlar, çünki әmәllәrinin nәticәsi onların ardınca gedir". 14 Mәn gördüm ki, ağ bir bulud var vә buludun üstündә bәşәr oğluna bәnzәr Biri oturub. Onun başında qızıl tac vә әlindә iti oraq var idi. 15 Başqa bir mәlәk dә mәbәddәn çıxıb buludun üstündә Oturana uca sәslә dedi: "Orağını işә sal vә biç. Çünki yer üzündәki әkin yetişdiyi üçün biçin zamanı gәldi". 16 Onda buludun üstündә Oturan Öz orağını yer üzünә saldı vә yer üzü biçildi. 17 Başqa bir mәlәk dә göydәki mәbәddәn çıxdı. Onun әlindә dә iti oraq var idi. 18 Od işinә mәsul olan başqa bir mәlәk dә qurbangahdan çıxıb iti orağı olan mәlәyә uca sәslә nida etdi: "İti orağını işә sal vә yer üzündәki üzüm tәnәyindәn salxımları kәs yığ, çünki üzümlәri yetişib". 19 Mәlәk orağını yer üzünә salaraq yerdәki üzüm tәnәyindәn üzümlәri kәsib yığdı vә Allah hiddәtinin böyük üzümsıxanına atdı. 20 Üzümlәr şәhәrdәn kәnarda olan üzümsıxanda tapdalandı. Üzümsıxandan qan çıxdı vә at yüyәnlәrinә qәdәr qalxaraq 1600 stadiyә bәrabәr mәsafәyә axdı.
Vәhy 15
1 Mәn göydә başqa bir böyük vә heyrәtli әlamәt – yeddi bәlanı gәtirәn yeddi mәlәk gördüm. Bunlar son bәlalardır, çünki Allahın hiddәti bunlarla tamamlanırdı. 2 Sanki odla qarışıq şüşәdәn olan bir dәniz gördüm. Vәhşi heyvana, onun surәtinә vә adına aid saya qalib gәlәnlәr әllәrindә Allahın verdiyi çәnglәrlә şüşә dәnizin üstündә durub. 3 Onlar Allahın qulu Musanın nәğmәsini vә Quzunun nәğmәsini oxuyaraq deyir: "Ey Külli-İxtiyar Rәbb Allah, Sәnin işlәrin böyük vә heyrәtlidir. Ey millәtlәrin Padşahı, Sәnin yolların әdalәtli vә hәqiqidir. 4 Ya Rәbb, kim Sәndәn qorxmaz, Kim Sәnin adını izzәtlәndirmәz? Çünki yalnız Sәn müqәddәssәn. Bütün millәtlәr gәlib Sәnin önündә sәcdә edәcәk, Çünki Sәnin әdalәtli hökmlәrin aşkar oldu". 5 Bundan sonra gördüm ki, göydәki mәbәd, yәni Şәhadәt çadırı açıldı 6 vә yeddi bәlanı gәtirәn yeddi mәlәk mәbәddәn çıxdı. Onlar tәmiz vә parlaq kәtan paltar geyinmiş, sinәlәrinә qızıl qurşaqlar bağlamışdı. 7 Onda dörd canlı mәxluqdan biri yeddi mәlәyә әbәdi var olan Allahın hiddәti ilә dolu yeddi qızıl nimçә verdi. 8 Mәbәd Allahın izzәt vә qüdrәtinә görә tüstü ilә doldu. Belәcә yeddi mәlәyin gәtirdiyi yeddi bәla tamam olana qәdәr heç kәs mәbәdә girә bilmәdi.
Vәhy 16
1 Mәn mәbәddәn yeddi mәlәyә "gedin, Allahın hiddәtinin yeddi nimçәsini yer üzünә boşaldın" deyәn uca bir sәs eşitdim. 2 Birinci mәlәk gedib öz nimçәsini quruya boşaltdı vә vәhşi heyvanın damğasını daşıyan, onun surәtinә sәcdә edәn adamlarda pis vә ağrılı yaralar әmәlә gәldi. 3 İkinci mәlәk öz nimçәsini dәnizә boşaltdı vә dәniz ölünün qanına bәnzәr qatı qana döndü, dәnizdә olan bütün canlı varlıqlar mәhv oldu. 4 Üçüncü mәlәk öz nimçәsini çaylara vә su qaynaqlarına boşaltdı vә onlar qana döndü. 5 Onda mәn sular mәlәyinin belә dediyini eşitdim: "Ey Var Olan, Var Olmuş Müqәddәs Olan, Sәn әdalәtlisәn ki, belә hökm çıxartdın. 6 Çünki müqәddәslәrin vә peyğәmbәrlәrin qanını tökdülәr. Sәn dә onlara içmәk üçün qan verdin. Onlar buna layiqdir". 7 Qurbangahdan gәlәn bir sәs dә eşitdim: "Bәli, ey Külli-İxtiyar Rәbb Allah, Sәnin hökmlәrin hәqiqi vә әdalәtlidir". 8 Dördüncü mәlәk öz nimçәsini günәşә boşaltdı vә ona adamları odla qarsalamaq gücü verildi. 9 Adamları qızmar isti qarsaladı vә onlar bu bәlaları idarә edәn Allahın adına küfr etdilәr, lakin tövbә edib Onu izzәtlәndirmәdilәr. 10 Beşinci mәlәk öz nimçәsini vәhşi heyvanın taxtına boşaltdı vә onun padşahlığını qaranlıq bürüdü. Adamlar iztirabdan dillәrini dişlәrinә sıxdılar 11 vә öz iztirab vә yaralarına görә göylәrin Allahına küfr etdilәr, lakin öz әmәllәrindәn tövbә etmәdilәr. 12 Altıncı mәlәk öz nimçәsini böyük Fәrat çayına boşaltdı vә onun suyu qurudu ki, gündoğandan gәlәn padşahlar üçün yol açılsın. 13 Gördüm ki, әjdahanın ağzından, vәhşi heyvanın ağzından vә yalançı peyğәmbәrin ağzından qurbağaya bәnzәr üç natәmiz ruh çıxır. 14 Bunlar әlamәtlәr göstәrәn cin ruhlarıdır vә bütün dünyanın padşahlarının yanına gedirlәr ki, onları Külli-İxtiyar Allahın böyük günündә baş verәcәk döyüşә toplasınlar. 15 Rәbb deyir: "Budur, oğru kimi gәlirәm; oyaq qalan, çılpaq gәzәrәk ayıbını göstәrmәmәk üçün paltarlarını әynindә saxlayan kәs nә bәxtiyardır!" 16 Bu ruhlar padşahları ibranicә Har-Magedon adlanan yerә topladı. 17 Yeddinci mәlәk öz nimçәsini havaya boşaltdı vә mәbәddәki taxtdan "Tamam oldu!" deyәn uca bir sәs gәldi. 18 Onda şimşәk, uğultu, göy gurultusu vә böyük bir zәlzәlә baş verdi. Zәlzәlә elә güclü idi ki, insanın yer üzündә yaşamağa başladığı dövrdәn bәri bundan böyüyü olmamışdı. 19 Böyük şәhәr üç yerә bölündü vә millәtlәrin şәhәrlәri dağıldı. Allah tәrәfindәn böyük Babil yada salındı ki, Allahın şiddәtli qәzәb şәrabı ilә dolu kasa ona verilsin. 20 Bütün adalar aradan qalxdı vә dağlar yox oldu. 21 Göydәn adamların üstünә hәrәsinin çәkisi bir talant olan böyük dolu dәnәlәri yağdı. Adamlar dolu bәlasına görә Allaha küfr etdilәr, çünki bu bәla çox şiddәtli idi.
Vәhy 17
1 Yeddi nimçәsi olan yeddi mәlәkdәn biri gәlib mәnimlә danışdı vә dedi: "Gәl, çoxlu suların üzәrindә oturmuş bәdnam fahişә barәdә çıxacaq hökmü sәnә göstәrim. 2 Yer üzünün padşahları onunla әxlaqsızlıq etdilәr vә yer üzündә yaşayanlar onun әxlaqsızlıq şәrabından sәrxoş oldular". 3 O mәni Ruhda çölә apardı. Orada mәn gördüm ki, bir qadın yeddi başlı, on buynuzlu vә üstündә başdan-başa küfr adları yazılan al rәngli bir vәhşi heyvanın belindә oturub. 4 Qadın tünd qırmızı vә al rәngli paltar geyinmiş, qızıl, qiymәtli daş vә mirvari ilә bәzәnmişdi. Onun әlindә iyrәnc şeylәr vә öz әxlaqsızlığının çirkabı ilә dolu qızıl kasa var idi. 5 Alnında isә bu sirli ad yazılmışdı: "Yer üzünün fahişәlәrinin vә iyrәncliklәrinin anası olan böyük Babil". 6 Mәn gördüm ki, qadın müqәddәslәrin qanından vә İsaya şәhadәt edәnlәrin qanından sәrxoş olub. Bunu görüb hәdsiz heyrәtlәndim. 7 Onda mәlәk mәnә dedi: "Nә üçün heyrәtә düşdün? Mәn sәnә qadının vә onu daşıyan yeddi başlı, on buynuzlu vәhşi heyvanın sirrini açacağam. 8 Gördüyün vәhşi heyvan var olmuş, indi yox olan vә dibsiz dәrinliklәrdәn çıxmaq üzrә olaraq hәlaka gedir. Yer üzündә yaşayan vә dünya yaranandan bәri adı hәyat kitabına yazılmamış adamlar vәhşi heyvanı görәndә heyrәtә düşәcәk, çünki o var olmuş, yox olan, amma yenә gәlmәli olandır. 9 Bu işdә müdrik ağıl lazımdır. Yeddi baş qadının oturduğu yeddi tәpәdir. Bunlar hәm dә yeddi padşahdır. 10 Onlardan beşi ölüb, biri qalıb, digәri isә hәlә gәlmәyib vә gәlәndә dә qısa müddәt qalmalıdır. 11 Bir zaman var olmuş, indi isә yox olan vәhşi heyvan da sәkkizinci padşahdır. O, yeddi padşahdan biridir vә hәlaka gedir. 12 Gördüyün on buynuz hәlә padşahlıq etmәyәn on padşahdır. Onlar vәhşi heyvanla birgә sәlahiyyәti әlә alıb bir saat padşahlıq edәcәklәr. 13 Onların vahid bir niyyәti var, öz qüdrәt vә sәlahiyyәtlәrini vәhşi heyvana tәhvil verәcәklәr. 14 Onlar Quzu ilә döyüşәcәk, lakin Quzu onlara qalib gәlәcәk. Çünki O, ağaların Ağası, padşahların Padşahıdır vә Onunla birgә olanlar da çağırılmış, seçilmiş vә sadiq şәxslәrdir". 15 Mәlәk mәnә dedi: "Fahişәnin üzәrindә oturduğunu gördüyün sular – xalqlar, kütlәlәr, millәtlәr vә dillәrdir. 16 Gördüyün vәhşi heyvan vә on buynuz isә fahişәyә nifrәt edәrәk onu soyub çılpaq qoyacaq, әtini yeyәcәk vә onu odda yandıracaq. 17 Çünki Allah bunu onların ürәyinә qoydu ki, Allahın niyyәtini yerinә yetirsinlәr, hәmfikir olub Onun sözlәri tamamlanana qәdәr padşahlıqlarını vәhşi heyvana tәhvil versinlәr. 18 Gördüyün qadın da yer üzünün padşahları üzәrindә padşahlıq edәn böyük şәhәrdir".
Vәhy 18
1 Bundan sonra göydәn enәn başqa bir mәlәyi gördüm. O, böyük sәlahiyyәtә malik idi. Yer üzü onun ehtişamı ilә işıqlandı. 2 O, uca sәslә nida edib dedi: "Dağıldı! Böyük Babil dağıldı! O, cinlәrin mәskәni, Hәr cür natәmiz ruhun sığınacağı, Hәr cür murdar quşun yuvası, Hәr cür murdar vә mәnfur vәhşi heyvanın oylağı oldu. 3 Çünki bütün millәtlәr O qadının coşğun әxlaqsızlıq şәrabından içdi. Yer üzünün padşahları Onunla әxlaqsızlıq etdi. Dünyanın tacirlәri Onun şәhvәtpәrәstliyi ilә qazanılan sәrvәtdәn varlandı". 4 Mәn göydәn belә deyәn başqa bir sәs dә eşitdim: "Ey Mәnim xalqım, oradan çıxın ki, Onun günahlarına şәrik olmayasınız, Onun uğrayacağı bәlalara düçar olmayasınız. 5 Çünki onun günahları qalaqlanıb göyә çatdı, Allah onun haqsız işlәrini yada saldı. 6 O nә etdisә, Siz dә әvәzindә ona belә edin. Әmәllәrinin әvәzini ona ikiqat verin. Tökdüyü kasadakı şәrabın İkiqatını töküb ona verin. 7 Özünü nә qәdәr izzәtlәndirib Şәhvәtpәrәstlik içindә yaşadısa, Ona o qәdәr dә işgәncә vә yas verin. Çünki ürәyindә deyir: “Mәn mәlәkә taxtında oturmuşam, Dul deyilәm, әsla yas tutmayacağam”. 8 Buna görә dә bir günün içindә Onun üstünә bәlalar gәlәcәk, Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq. Çünki onu mühakimә edәn Rәbb Allah qüdrәtlidir". 9 Onunla әxlaqsızlıq edәn vә şәhvәtpәrәstlik içindә yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görәndә onun üçün ağlayıb ah-nalә edәcәklәr. 10 Onun çәkdiyi işgәncәnin qorxusundan uzaqda dayanıb deyәcәklәr: "Vay, vay halına, böyük şәhәr, Möhkәm şәhәr Babil! Çünki bir saat içindә cәzan çatdı". 11 Yer üzünün tacirlәri dә onun üçün ağlayıb yas tutur, çünki onların malını – 12 qızıl, gümüş, qiymәtli daşlar vә mirvarilәri; incә kәtan, ipәk, tünd qırmızı vә al rәngli parçaları; hәr cür әtirli ağacı; fil sümüyündәn, әn qiymәtli ağacdan, tuncdan, dәmirdәn vә mәrmәrdәn olan hәr cür әşyanı; 13 darçın, hil, buxur, әtirli yağ vә kündürü; şәrab, zeytun yağı, narın un vә buğdanı; mal-qara, qoyunlar, atlar vә arabaları; insan bәdәnlәri vә canlarını da artıq heç kәs almır. 14 Onlar deyirlәr: "Ürәyinin arzuladığı bәhrәlәr әlindәn çıxdı, Bütün cah-calallı malların yox oldu. Heç kәs onları bir daha tapmayacaq". 15 Orada bu mallarla varlanan tacirlәr bu şәhәrin çәkdiyi işgәncәnin qorxusundan uzaqda dayanacaq vә ağlayıb yas tutaraq deyәcәklәr: 16 "Vay, vay halına, İncә kәtan, tünd qırmızı, al rәngli Parçalardan paltar geyәn, Qızıl, qiymәtli daşlar vә mirvarilәrlә Bәzәnәn böyük şәhәr! 17 Çünki bu qәdәr var-dövlәt Bir saat içindә viran oldu". Bütün gәmi rәislәri, sәrnişinlәr, dәnizçilәr vә dәnizdә ticarәt edәnlәrin hamısı uzaqda dayanaraq 18 onun yanğınından çıxan tüstüyә baxıb nida edirdilәr: "Hansı şәhәr bu böyük şәhәrә tay ola bilәr?" 19 Onlar başlarına toz töküb fәryad edir vә ağlayıb yas tutaraq deyirdilәr: "Vay, vay halına, Dәnizdә gәmisi olanların hamısının Oranın çox qiymәtli malları ilә Varlandığı böyük şәhәr! Çünki bir saat içindә viran oldun". 20 Ey göylәr, Müqәddәslәr, hәvarilәr vә peyğәmbәrlәr, Onun halını bayram edin! Onun sizin üçün çıxartdığı hökmü Allah onun öz başına gәtirdi. 21 Bir güclü mәlәk dәyirman daşı boyda böyük bir daşı götürәrәk dәnizә atıb dedi: "Böyük şәhәr Babil dә Belә zorakılıqla yıxılacaq, Bir daha görünmәyәcәk. 22 Çәng çalanların, müğәnnilәrin, Tütәk vә şeypur çalanların sәsi Artıq sәndәn gәlmәyәcәk. Hәr cür sәnәtlә mәşğul olan sәnәtkar Artıq sәndә olmayacaq. Dәyirman sәsi dә Artıq sәndәn gәlmәyәcәk. 23 Çıraq işığı Artıq sәndә görünmәyәcәk. Bәy-gәlin sәdası Artıq sәndәn gәlmәyәcәk. Çünki sәnin tacirlәrin Yer üzünün böyük adamları idi, Bütün millәtlәr Sәnin sehrbazlığınla aldanmışdı. 24 Peyğәmbәrlәrin, müqәddәslәrin vә Yer üzündә kәsilәnlәrin hamısının qanı O şәhәrdә üzә çıxdı".
Vәhy 19
1 Bundan sonra göydә böyük bir kütlәnin sәsinә bәnzәr uca bir sәs eşitdim. Onlar deyirdi: "Rәbbә hәmd edin! Xilas, izzәt vә qüdrәt Allahımıza mәxsusdur! 2 Çünki Onun hökmlәri Hәqiqi vә әdalәtlidir. O, әxlaqsızlığı ilә yer üzünü azdıran Böyük fahişәni mühakimә etdi, Öz qullarının qanının qisasını Ondan aldı". 3 Onlar dedi: "Rәbbә hәmd edin! Fahişәdәn çıxan tüstü әbәdi olaraq yüksәlir". 4 Onda iyirmi dörd ağsaqqal vә dörd canlı mәxluq yerә qapanaraq taxtda oturan Allaha sәcdә edib dedi: "Amin! Rәbbә hәmd edin!" 5 Taxtdan da belә bir sәs gәldi: "Ey Onun bütün qulları, Böyükdәn kiçiyә qәdәr Ondan qorxanlar, Allahımızı mәdh edin!" 6 Mәn böyük bir kütlәnin, gur suların vә güclü göy gurultusunun sәsinә bәnzәr bir sәs dә eşitdim. Bu sәs deyirdi: "Rәbbә hәmd edin! Çünki Külli-İxtiyar Rәbb Allahımız Padşahlıq taxtına çıxdı! 7 Gәlin sevinib şad olaq, Onu izzәtlәndirәk! Çünki Quzunun toyu başlayır. Gәlini özünü hazırlayıb; 8 Geyinmәk üçün ona Tәmiz, parlaq vә incә kәtan verildi". İncә kәtan müqәddәslәrin saleh әmәllәrinin rәmzidir. 9 Onda mәlәk mәnә dedi: "Yaz: Quzunun toy ziyafәtinә dәvәt olunanlar nә bәxtiyardır!" Yenә dә mәnә dedi: "Bunlar Allahın hәqiqi sözlәridir". 10 Mәn ona sәcdә etmәk üçün ayaqlarına düşdüm. Amma o mәnә dedi: "Yox, olmaz! Mәn dә sәninlә vә İsa barәdә şәhadәt edәn qardaşlarınla birgә Allahın quluyam. Allaha sәcdә et. Çünki İsanın şәhadәti peyğәmbәrlәrә ilham verir". 11 Mәn gördüm ki, göy yarılıb vә orada bir ağ at var. Onun belindә oturan Süvari Sadiq vә Haqq adlanır vә әdalәtlә hökm çıxararaq döyüşür. 12 Onun gözlәri odlu alova bәnzәyir. Başında çoxlu sayda kiçik tac var vә üzәrindә Özündәn başqa heç kәsin bilmәdiyi bir ad yazılıb. 13 O, qana batmış bir paltar geyinib vә Onun adı Allahın Kәlamıdır. 14 Göydә olan ordular ağ, tәmiz vә incә kәtan geyinәrәk ağ atların belindә Onun ardınca gedirdi. 15 Onun ağzından millәtlәrә zәrbә vurmaq üçün iti bir qılınc çıxır. O, "dәmir әsa ilә onlara ağalıq edәcәk".Külli-İxtiyar Allahın şiddәtli qәzәb şәrabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq. 16 Onun paltarının vә budunun üstündә bu ad yazılıb: "Padşahların Padşahı vә ağaların Ağası". 17 Günәşdә dayanan bir mәlәyi dә gördüm. O, uca sәslә nida edib göyün ortasında uçan bütün quşlara dedi: "Allahın böyük ziyafәtinә gәlin. Bir yerә yığılın ki, 18 padşahların, sәrkәrdәlәrin, igidlәrin әtini, atların vә bellәrindә oturan atlıların әtini, azadların vә qulların, böyük vә kiçiklәrin hamısının әtini yeyәsiniz". 19 Mәn gördüm ki, vәhşi heyvan, yer üzünün padşahları vә onların orduları atın belindә oturan Süvari ilә vә Onun qoşunu ilә döyüşmәyә toplaşıb. 20 Vәhşi heyvan yaxalandı; onun önündә әlamәtlәr göstәrmiş, bunlarla onun damğasını qәbul edib surәtinә sәcdә edәnlәri aldatmış yalançı peyğәmbәr dә yaxalandı. Hәr ikisi diri-diri kükürdlә yanan od gölünә atıldı. 21 Başqaları isә atın belindә oturan Süvarinin ağzından çıxan qılıncla hәlak oldu. Bütün quşlar da onların әtini yeyib doydu.
Vәhy 20
1 Mәn göydәn enәn bir mәlәyi gördüm. Onun әlindә dibsiz dәrinliyin açarı vә böyük bir zәncir var idi. 2 O, әjdahanı – iblis vә Şeytan deyilәn o qәdim ilanı tutub min il müddәtinә zәncirlәdi. 3 Onu dibsiz dәrinliyә atdı vә qapısını bağlayıb möhürlәdi ki, min il bitәnә qәdәr millәtlәri daha aldada bilmәsin. Bundan sonra isә o, qısa bir müddәtә azad edilmәlidir. 4 Taxtları vә onların üzәrindә oturanları da gördüm. Onlara hökm etmәk ixtiyarı verildi. İsa barәdә şәhadәt vә Allahın kәlamı uğrunda boynu vurulmuş canları da gördüm. Vәhşi heyvana vә onun surәtinә sәcdә etmәyib alınlarına vә әllәrinә damğanı qәbul etmәmişdilәr. Onlar dirilib Mәsihlә birgә min il padşahlıq etdi. 5 Bu, birinci dirilmәdir. Qalan ölülәrsә min il bitmәyincә dirilmәdi. 6 Birinci dirilmәdә iştirak edәnlәr bәxtiyar vә müqәddәsdir. İkinci ölümün onlar üzәrindә sәlahiyyәti yoxdur. Әksinә, onlar Allahın vә Mәsihin kahinlәri olub Onunla birgә min il padşahlıq edәcәk. 7 Min il bitәndәn sonra Şeytan atıldığı zindandan azad edilәcәk. 8 Oradan çıxacaq ki, yer üzünün dörd tәrәfindә olan millәtlәri – Qoq vә Maqoqu aldadıb döyüşә toplasın; onların sayı dәniz qumu qәdәr çoxdur. 9 Onlar yer üzünün hәr tәrәfinә hücum edib müqәddәslәrin düşәrgәsini vә sevimli şәhәri mühasirәyә aldılar. Lakin göydәn od düşüb onları yandırıb-yaxdı. 10 Onları aldadan iblis dә vәhşi heyvanın vә yalançı peyğәmbәrin atıldığı yerә – odlu kükürd gölünә atıldı. Bunlar gecә-gündüz, әbәdi olaraq işgәncә çәkәcәk. 11 Böyük ağ taxt vә onun üstündә Oturanı gördüm. Yer vә göy Onun önündәn qaçdı vә onlara yer tapılmadı. 12 Mәn gördüm ki, böyükdәn kiçiyә qәdәr ölülәr taxtın önündә dayanıb. Kitablar açıldı vә hәyat kitabı olan başqa bir kitab da açıldı. Ölülәr kitablarda yazılanlara әsasәn öz әmәllәrinә görә mühakimә olundu. 13 Dәniz öz içindә olan ölülәri, ölüm vә ölülәr diyarı da öz qoynunda olan ölülәri tәslim etdi. Hәr biri öz әmәlinә görә mühakimә olundu. 14 Ölüm vә ölülәr diyarı odlu gölә atıldı. Bu odlu göl ikinci ölümdür. 15 Kimin adı hәyat kitabına yazılmayıbsa, o, odlu gölә atıldı.
Vәhy 21
1 Mәn yeni bir göy vә yeni bir yer gördüm. Çünki әvvәlki yerlә әvvәlki göy keçib getmişdi, dәniz dә artıq yox idi. 2 Mәn müqәddәs şәhәrin – yeni Yerusәlimin göydәn, Allahın yanından endiyini gördüm. Şәhәr öz bәyi üçün bәzәdilmiş gәlin kimi hazırlanmışdı. 3 Taxtdan belә deyәn uca bir sәs eşitdim: "Budur, Allahın mәskәni insanların arasındadır. Allah onlarla birgә mәskәn salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq. 4 Allah onların bütün göz yaşlarını silәcәk. Artıq ölüm olmayacaq. Yas, nalә vә ağrı bir daha olmayacaq. Çünki әvvәlki şeylәr keçib getdi". 5 Taxtda Oturan dedi: "Budur, Mәn hәr şeyi yenidәn qururam". Yenә dedi: "Yaz, çünki bu sözlәr etibarlı vә hәqiqidir". 6 O mәnә dedi: "Tamam oldu! Alfa vә Omeqa, Başlanğıc vә Axır Mәnәm. Mәn susayana hәyat suyunun qaynağından müftә su verәcәyәm. 7 Qalib gәlәn bunları irs alacaq; “Mәn ona Allah, o isә Mәnә oğul olacaq”. 8 Qorxaqların, imansızların, iyrәnclәrin, qatillәrin, әxlaqsızların, sehrbazların, bütpәrәstlәrin vә bütün yalançıların aqibәti isә od vә kükürdlә yanan göldә olacaq; bu, ikinci ölümdür". 9 Son yeddi bәla ilә dolu yeddi nimçәsi olan yeddi mәlәkdәn biri gәlib mәnimlә danışaraq dedi: "Gәl, mәn sәnә Quzunun arvadı olacaq gәlini göstәrim". 10 O mәni Ruhda böyük vә uca bir dağın başına apardı. Oradan mәnә göydәn, Allahın yanından enәn müqәddәs şәhәri, Yerusәlimi göstәrdi. 11 Allahın ehtişamı orada idi; oradakı işıq әn qiymәtli daş – büllur yәşәm daşı kimi parıldayırdı. 12 Oranın böyük vә uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mәlәk durmuşdu. Darvazaların üstündә İsrailin on iki qәbilәsinin adı hәkk olunmuşdu. 13 Şәrqdә üç darvaza, şimalda üç darvaza, cәnubda üç darvaza vә qәrbdә üç darvaza var idi. 14 Şәhәr divarının on iki tәmәli var idi vә tәmәllәrin üstündә Quzunun On İki hәvarisinin adı var idi. 15 Mәnimlә danışan mәlәyin әlindә şәhәri, oranın darvazalarını vә divarını ölçmәk üçün bir qızıl ölçü qamışı var idi. 16 Şәhәr dördbucaqlı şәklindә idi vә oranın uzunluğu eninә bәrabәrdir. Mәlәk qamışla şәhәri ölçdü: oranın uzunluğu, eni vә hündürlüyü bәrabәr olub 12,000 stadi idi. 17 O, şәhәrin divarını da ölçdü: onun hündürlüyü mәlәyin istifadә etdiyi insan ölçüsünә görә 144 qulac idi. 18 Divar yәşәm daşından tikilmişdi, şәhәr isә şәffaf şüşәyә bәnzәr saf qızıldan idi. 19 Şәhәr divarının tәmәllәri hәr cür qiymәtli daşla – birinci tәmәl yәşәmlә, ikincisi göy yaqutla, üçüncüsü әqiqlә, dördüncüsü zümrüdlә, 20 beşincisi damarlı әqiqlә, altıncısı qırmızı әqiqlә, yeddincisi sarı yaqutla, sәkkizincisi berillә, doqquzuncusu topazla, onuncusu zәbәrcәdlә, on birincisi sirkonla, on ikincisi ametistlә bәzәdilmişdi. 21 On iki darvaza on iki mirvaridәn idi, hәr darvaza bir mirvaridәn düzәldilmişdi. Şәhәrin baş küçәsi isә şüşә kimi şәffaf olan xalis qızıldan idi. 22 Mәn orada mәbәd görmәdim, çünki oranın mәbәdi Külli-İxtiyar Rәbb Allah vә Quzudur. 23 Şәhәrin işıqlanması üçün nә günәşә, nә dә aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır. 24 Millәtlәr şәhәrin işığında gәzәcәk, yer üzünün padşahları cah-calalını oraya gәtirәcәk. 25 Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecә olmayacaq. 26 Millәtlәrin cah-calal vә şәrәfi oraya gәtirilәcәk. 27 Oraya murdar olan heç bir şey, iyrәnc iş görәn vә yalan danışan heç kim әsla girmәyәcәk, yalnız adları Quzunun hәyat kitabına yazılanlar girәcәk.
Vәhy 22
1 Mәlәk mәnә hәyat suyu axan çayı göstәrdi. Bu çay büllur kimi parlaq olub Allahın vә Quzunun taxtından çıxır 2 vә şәhәrin baş küçәsinin ortasından axırdı. Çayın hәr iki tayında on iki cür meyvә gәtirәn hәyat ağacı var idi. O ağac hәr ay meyvә gәtirir. Onun yarpaqları millәtlәrә şәfa vermәk üçündür. 3 Daha lәnәtlәnәn heç bir şey olmayacaq. Allahın vә Quzunun taxtı orada olacaq vә qulları Ona ibadәt edәcәk. 4 Onlar Onun üzünü görәcәk, alınlarında Onun adını daşıyacaqlar. 5 Artıq gecә olmayacaq, heç kәsin çıraq vә günәş işığına ehtiyacı olmayacaq. Çünki Rәbb Allah onlara işıq verәcәk vә onlar әbәdi olaraq padşahlıq edәcәk. 6 Mәlәk mәnә dedi: "Bu sözlәr etibarlı vә hәqiqidir. Peyğәmbәrlәrin ruhlarına ilham verәn Rәbb Allah mәlәyini göndәrib ki, Öz qullarına tezliklә baş vermәli hadisәlәri göstәrsin". 7 İsa deyir: "Budur, tezliklә gәlirәm! Bu kitabın peyğәmbәrlik sözlәrinә riayәt edәn kәs nә bәxtiyardır!" 8 Mәn Yәhya bunları eşitdim vә gördüm. Eşidib gördükdә bunları mәnә göstәrәn mәlәyә sәcdә etmәk üçün onun ayaqlarına düşdüm. 9 Amma o mәnә dedi: "Yox, olmaz! Mәn sәninlә, peyğәmbәr qardaşlarınla vә bu kitabın sözlәrinә riayәt edәnlәrlә birgә Allah quluyam. Allaha sәcdә et". 10 Yenә dә mәnә dedi: "Bu kitabın peyğәmbәrlik sözlәrini möhürlәmә, çünki vaxt yaxındır. 11 Haqsızlıq edәn qoy daha da haqsızlıq etsin. Murdar olan daha da murdarlansın. Saleh olansa qoy daha da saleh işlәr görsün. Müqәddәs olan daha da müqәddәs olsun". 12 İsa deyir: "Budur, tezliklә gәlirәm. Verәcәyim mükafat Mәnimlәdir vә hәr kәsә öz әmәlinә görә әvәz verәcәyәm. 13 Alfa vә Omeqa, Birinci vә Sonuncu, Başlanğıc vә Axır Mәnәm!" 14 Xalatlarını günahdan tәmizlәyәnlәr nә bәxtiyardır! Bununla da hәyat ağacından yemәyә icazәlәri olacaq, darvazalardan keçib şәhәrә girәcәklәr. 15 İt kimi murdarlar, sehrbazlar, әxlaqsızlar, qatillәr, bütpәrәstlәr vә yalanı sevib danışan hәr kәssә kәnarda qalacaq. 16 Yenә deyir: "Mәn İsa Öz mәlәyimi göndәrdim ki, cәmiyyәtlәrә aid olan bu şәhadәti sizә versin. Mәn Davudun Kökü vә Nәsli, parlaq Dan Ulduzuyam". 17 Ruh da, gәlin dә deyir: "Gәl!" Qoy eşidәn dә desin: "Gәl!" Susayan qoy gәlsin, arzu edәn hәyat suyunu müftә götürsün. 18 Mәn bu kitabın peyğәmbәrlik sözlәrini eşidәn hәr kәsә xәbәrdarlıq edirәm: kim bunlara bir şey artırarsa, Allah da ona bu kitabda yazılan bәlaları artıracaq; 19 kim bu peyğәmbәrlik kitabının sözlәrindәn bir şey götürәrsә, Allah da bu kitabda yazılmış hәyat ağacından vә müqәddәs şәhәrdәn ona düşәn payı götürәcәk. 20 Bunlara şәhadәt edәn deyir: "Bәli, tezliklә gәlirәm!" Amin. Gәl, ya Rәbb İsa! 21 Rәbb İsanın lütfü hamıya yar olsun! Amin. END 

 http://gospelgo.com/u/azeri_nt.htm#Revelation

Nenhum comentário:

Postar um comentário