sábado, 18 de abril de 2015

Yaqub: Azerbaijan


Yaqub 1
1 Allahın vә Rәbb İsa Mәsihin qulu mәn Yaqubdan millәtlәr arasına sәpәlәnmiş on iki qәbilәyә salam! 2 Ey qardaşlarım, müxtәlif sınaqlarla üzlәşәndә bunu böyük bir sevinc hesab edin. 3 Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçmәsi dözüm yaradır. 4 Dözüm dә öz әmәlini kamil etsin ki, siz yetkin vә kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın. 5 Әgәr sizlәrdәn birinin müdrikliyi çatışmırsa, hәr kәsә sәxavәtlә vә mәzәmmәt etmәdәn verәn Allahdan dilәsin vә ona verilәcәk. 6 Amma qoy heç şübhә etmәdәn imanla dilәsin. Çünki şübhә edәn adam külәyin qaldırdığı vә hәrәkәtә gәtirdiyi dәniz dalğasına bәnzәyir. 7 Qoy belә adam düşünmәsin ki, Rәbdәn bir şey alacaq. 8 O qәrarsızdır, heç bir yolunda sabit deyil. 9 Qoy hәqir qardaş öz ucalığı ilә fәxr etsin, 10 varlı qardaşsa öz hәqirliyi ilә fәxr etsin, çünki varlı insan otun çiçәyi kimi solub gedәcәk. 11 Günәş çıxır, bәrk isti olur vә otu qurudur. Otun çiçәyi tökülür vә onun zahiri gözәlliyi itir. Varlı adam da belәcә, işlәyә-işlәyә solacaq. 12 Sınağa dözәn adam nә bәxtiyardır! Çünki sınaqdan keçәndәn sonra Rәbbin Onu sevәnlәrә vәd etdiyi hәyat tacını alacaq. 13 Sınağa düşәndә qoy heç kim "Allah mәni sınağa çәkir"demәsin. Çünki Allah pisliklә sınağa çәkilmir vә Özü dә heç kimi sınağa çәkmir. 14 Lakin hәr kәs öz ehtirası ilә aparılıb yoldan çıxarılaraq sınağa çәkilir. 15 Sonra ehtiras boylu qalıb günah doğurur. Günah da yetişәndә ölüm törәdir. 16 Ey sevimli qardaşlarım, aldanmayın: 17 hәr yaxşı bәxşiş vә hәr kamil hәdiyyә yuxarıdan, Özündә heç bir dәyişiklik ya dönüklük kölgәsi olmayan nurlar Atasından gәlir. 18 O Öz iradәsinә görә hәqiqәt kәlamı ilә doğulmamıza sәbәb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq. 19 Belәliklә, ey sevimli qardaşlarım, qoy hәr bir adam eşitmәkdә cәld, söz söylәmәkdә tәmkinli vә qәzәblәnmәkdә dә tәmkinli olsun. 20 Çünki insanın qәzәbi Allahın salehliyini hasil etmir. 21 Buna görә dә hәr cür murdarlığı vә dolub-daşan pisliyi kәnara ataraq ürәyinizә әkilәn, canlarınızı xilas etmәyә qadir olan kәlamı hәlimliklә qәbul edin. 22 Bu kәlamın icraçısı olun, yalnız eşidәnlәr olub özünüzü aldatmayın. 23 Çünki kәlamı eşidәn, amma icraçısı olmayan şәxs güzgüdә öz üzünün cizgilәrinә baxan adama bәnzәyir: 24 O öz-özünә baxır, kәnara çәkilir vә dәrhal necә olduğunu unudur. 25 Lakin kamil qanuna, azadlıq qanununa diqqәtlә baxıb ona bağlı qalan şәxs unutqan eşidәn deyil, әmәldә icraçıdır; belә adam öz işindә nә bәxtiyardır! 26 Әgәr sizdәn biri özünün mömin olduğunu düşünür, amma ürәyini aldadıb öz dilini yüyәnlәmirsә, onun möminliyi puçdur. 27 Ata Allahın hüzurunda pak vә nöqsansız möminlik budur: yetimlәrә vә dullara onların әziyyәtlәrindә qayğı göstәrmәk vә özünü dünyadan qoruyub lәkәsiz olmaq.
Yaqub 2
1 Qardaşlarım, izzәtli Rәbbimiz İsa Mәsihә iman edәnlәr olaraq insanlar arasında tәrәfkeşlik etmәyin. 2 Mәsәlәn, toplandığınız yerә qızıl üzüklü, gözәl geyinmiş bir adamla eyni vaxtda kasıb, nimdaş paltarlı adam da gәlәrsә, 3 gözәl geyinmiş adama diqqәt yetirib "buyurun, burada әylәşin",kasıba da "sәn orada dur" vә yaxud "yerdә otur" deyәrsinizsә, 4 öz aranızda ayrı-seçkilik edib pis fikirli hakimlәr kimi davranmırsınızmı? 5 Ey sevimli qardaşlarım, dinlәyin: Allah bu dünyada kasıbları imanda zәnginlәşmәk vә Onu sevәnlәrә vәd etdiyi Padşahlığın varisi olmaq üçün seçmәdimi? 6 Sizsә kasıbı hörmәtdәn saldınız. Mәgәr sizi sıxışdıran varlılar deyilmi? Sizi mәhkәmәlәrә çәkәn onlar deyilmi? 7 Sizin mәxsus olduğunuz Şәxsin şәrәfli adına küfr edәn onlar deyilmi? 8 Әgәr siz "qonşunu özün kimi sev" deyәn Müqәddәs Yazıya görә Padşahınız Allahın qanununa hәqiqәtәn әmәl edirsinizsә, yaxşı edirsiniz. 9 Amma әgәr insanlar arasında tәrәfkeşlik edirsinizsә, günah etmiş olursunuz vә Qanuna әsasәn onu pozanlar kimi mәhkum olunursunuz. 10 Çünki kim Qanunun hamısına riayәt edәrәk birindә büdrәyәrsә, o bütün Qanuna qarşı tәqsirkar olur. 11 Çünki "zina etmә" deyәn, "qәtl etmә" dә demişdir. Әgәr zina etmәyib qәtl edirsәnsә, sәn Qanunu pozmuş olursan. 12 Azadlıq qanunu ilә mühakimә olunacaq adamlar kimi danışın vә bu cür davranın. 13 Çünki mәrhәmәt göstәrmәyәn mәrhәmәtsiz mühakimә olunur. Mәrhәmәt mühakimәyә qalib gәlir. 14 Qardaşlarım, әgәr bir kimsә yaxşı әmәllәri olmadığı halda imanının olduğunu bildirirsә, bunun xeyri nәdir? Belә iman onu xilas edә bilәrmi? 15 Әgәr qardaş-bacılardan birinin paltarı vә gündәlik yemәyi yoxdursa 16 vә sizdәn biri ona "arxayın get, isin vә qarnını doydur" deyib onların yaşayışı üçün lazım olanları vermirsә, nә faydası var? 17 İman da elәdir, әgәr yaxşı әmәllәri yoxdursa, özü-özlüyündә ölüdür. 18 Lakin kimsә belә deyә bilәr: "Sәnin imanın var, mәnim dә әmәllәrim". Sәn imanını mәnә әmәlsiz göstәr, mәn dә sәnә imanımı әmәllәrimlә göstәrәcәyәm. 19 Sәn Allahın bir olduğuna inanırsansa, yaxşı edirsәn. Cinlәr dә buna inanır vә әsirlәr! 20 Ey ağılsız adam, әmәlsiz imanın puç olduğuna sübut istәyirsәnmi? 21 Atamız İbrahim öz oğlu İshaqı qurbangahda Allaha tәqdim edәndә әmәllәrlә saleh sayılmadımı? 22 Görürsәn, iman onun әmәllәri ilә birgә fәaliyyәtdә idi vә iman әmәllәrlә tamamlanmışdır. 23 Belәliklә, "İbrahim Allaha iman etdi vә bu ona salehlik sayıldı" deyәn Müqәddәs Yazı belә yerinә yetdi vә İbrahim Allahın dostu adlandırıldı. 24 Görürsünüz ki, insan yalnız imanla deyil, әmәllәri ilә dә saleh sayılır. 25 Eyni tәrzdә mәgәr fahişә Raxav belә, qasidlәri qәbul edib başqa yolla geri göndәrәrәk öz әmәllәri ilә saleh sayılmadımı? 26 Çünki ruhsuz bәdәn ölü olduğu kimi әmәlsiz iman da ölüdür.
Yaqub 3
1 Qardaşlarım, bildiyiniz kimi biz müәllimlәr daha ciddi bir mühakimәdәn keçәcәyik. Bu sәbәbә görә dә çoxunuz müәllim olmayın. 2 Çünki hamımız çox büdrәyirik. Sözlәri ilә büdrәmәyәn bir kimsә bütün bәdәni dә yüyәnlәyә bilәn kamil bir insandır. 3 Bizә itaәt etsinlәr deyә atların ağzına yüyәn taxırıq, belәcә bütün bәdәnlәrini döndәririk. 4 Bax gәmilәr dә böyük olduqları vә güclü külәklәr tәrәfindәn aparıldıqları halda sükançının könlü haraya istәyirsә, kiçicik bir sükanla oraya dönür. 5 Dil dә elәdir, bәdәnin kiçik üzvüdür, amma çox öyünür. Baxın, balaca bir qığılcım böyük bir meşәni yandırır! 6 Dil dә oddur. Dil bәdәn üzvlәrimizin arasında haqsızlıq dünyasıdır. O bütün bәdәnimizi lәkәlәyir vә özü cәhәnnәmdәn odlandırıldığı kimi hәyatımızın gedişatını da odlandırır. 7 Çünki istәr heyvanların, istәrsә dә quşların, istәr sürünәnlәrin, istәrsә dә dәniz mәxluqlarının hәr cinsi insan nәsli tәrәfindәn әhlilәşdirilir vә әhlilәşdirilmişdir. 8 Amma dili heç bir insan әhlilәşdirә bilmir. Dil qarşısıalınmaz bәladır vә öldürücü zәhәrlә doludur. 9 Dilimizlә Rәbb Ataya alqış edirik. Dilimizlә dә Allahın surәtindә yaradılmış insanları lәnәtlәyirik. 10 Alqış vә lәnәt eyni ağızdan çıxır. Qardaşlarım, bu belә olmamalıdır. 11 Bir bulağın eyni gözündәn şirin vә acı su çıxarmı? 12 Qardaşlarım, әncir ağacı zeytun vә üzüm tәnәyi dә әncir yetişdirә bilәrmi? Elәcә dә şor bulaqdan şirin su gәlә bilmәz. 13 Aranızda müdrik vә dәrrakәli olan varmı? Qoy o öz yaxşı hәyat tәrzi ilә, müdriklikdәn yaranan hәlimliklә yaxşı әmәllәrini göstәrsin. 14 Amma ürәyinizdә acı qısqanclıq, xudbin ehtiras varsa, öyünmәyin vә hәqiqәti inkar etmәyin. 15 Belә müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq dünyәvi, ruhani olmayan vә şeytani müdriklikdir. 16 Çünki harada qısqanclıq vә xudbin ehtiras varsa, orada qarışıqlıq vә hәr cür pis әmәl vardır. 17 Amma yuxarıdan nazil olan müdriklik әvvәla safdır, sonra da sülhpәrvәrdir, mülayimdir, itaәtlidir, mәrhәmәt vә xeyirli bәhrәlәrlә doludur, qәrәzsizdir, riyasızdır. 18 Sülh yaradanların әkdiyi sülh toxumlarından salehlik bәhrәsi yetişir.
Yaqub 4
1 Aranızda dava vә çәkişmәlәrin kökü haradandır? Bәdәnlәrinizin üzvlәrindә mübarizә edәn ehtiraslarınızdan deyilmi? 2 Nә isә arzu edib әldә etmәyincә adam öldürürsünüz. Hәsәd aparırsınız, amma istәdiyinizә nail olmayınca çәkişib dava edirsiniz. Әldә edә bilmirsiniz, çünki dilәmirsiniz. 3 Dilәyirsiniz, amma almırsınız, çünki öz kefinizә sәrf etmәk üçün pis niyyәtlә dilәyirsiniz. 4 Ey vәfasızlar, dünya ilә dostluğun Allaha qarşı düşmәnçilik olduğunu bilmirsinizmi? Buna görә dә dünya ilә dost olmaq istәyәn özünü Allaha düşmәn edәr. 5 Bәlkә güman edirsiniz ki, Müqәddәs Yazı әbәs yerә "Allahın daxilimizә verdiyi ruh qısqanclıqla hәsrәt çәkәr" deyir? 6 Lakin Allah daha çox lütf verir. Bunun üçün belә deyilir: "Allah mәğrurlara qarşıdır, İtaәtkarlara isә lütf göstәrәr". 7 Buna görә dә Allaha tabe olun. İblisә qarşı durun vә o sizdәn qaçacaq. 8 Allaha yaxınlaşın, O da sizә yaxınlaşacaq. Ey günahkarlar, әllәrinizi paklayın! Ey qәrarsız insanlar, ürәklәrinizi saflaşdırın! 9 Kәdәrlәnin, yas tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz dә qәmә dönsün! 10 Rәbbin önündә özünüzü aşağı tutun, O da sizi ucaldacaq. 11 Qardaşlar, bir-birinizi pislәmәyin. Qardaşını pislәyәn yaxud qardaşını mühakimә edәn kәs Qanunu pislәyir vә Qanunu mühakimә edir. Amma sәn Qanunu mühakimә edirsәnsә, Qanunun icraçısı deyil, onun hakimisәn. 12 Qanunverәn vә Hakim birdir, xilas etmәyә vә hәlak etmәyә qadir olan Odur. Bәs sәn kimsәn ki, qonşunu mühakimә edirsәn? 13 İndi siz belә deyirsiniz: "Bu gün yaxud sabah biz filan şәhәrә gedib orada bir il qalacağıq vә ticarәtlә mәşğul olub pul qazanacağıq". 14 Әslindә isә sabah nә baş verәcәyini bilmirsiniz. Axı hәyatınız nәdir ki? Qısa bir müddәtә görünüb sonra da yox olan buxardır. 15 Bunun әvәzinә "әgәr Rәbb istәyәrsә, sağ qalarıq, bu vә ya digәr işi görәrik" demәlisiniz. 16 İndi isә siz öz tәkәbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmәlәrin hamısı pisdir. 17 Demәli, kimsә bir yaxşı işi görmәli olduğunu bilib onu etmirsә, günah edir.
Yaqub 5
1 İndi isә, ey varlılar, başınıza gәlәcәk kәdәrli hadisәlәrә görә fәryad edib ağlayın! 2 Var-dövlәtiniz çürüyüb, paltarlarınızı da güvә yeyib. 3 Qızıl-gümüşünüz paslanıb. Onların pası sizә qarşı şahidlik edәcәk vә әtinizi od kimi yandırıb-yaxacaq. Bu axır zamanda var-dövlәt yığmısınız. 4 Bax zәmilәrinizi biçәn işçilәrdәn hiylәgәrcәsinә gizlәtdiyiniz әmәk haqqı sizә qarşı haray çәkir. Biçinçilәrin fәryadı Ordular Rәbbinin qulaqlarına çatıb! 5 Siz yer üzündә firavan yaşayıb kef çәkmisiniz. Boğazlanma günündә dә özünüzü kökәldirsiniz! 6 Sizә müqavimәt göstәrmәyәn salehi mәhkum edib öldürdünüz. 7 Belәliklә, ey qardaşlar, Rәbbin zühuruna qәdәr sәbirli olun. Görün әkinçi birinci vә axırıncı yağış yağanacan sәbir edәrәk torpağın qiymәtli mәhsulunu gözlәyir. 8 Siz dә sәbirli vә ürәkli olun, çünki Rәbbin zühuru yaxındır. 9 Qardaşlar, mühakimә olunmamaq üçün bir-birinizdәn gileylәnmәyin. Budur, Hakim qapı arxasında durur! 10 Qardaşlar, Rәbbin adı ilә danışmış peyğәmbәrlәri әzablara tab gәtirmәk vә sәbir nümunәsi kimi götürün. 11 Budur, biz dözümlü olanları bәxtiyar hesab edirik. Әyyubun dözümü barәsindә eşitmisiniz vә Rәbbin axırda nә etdiyini dә gördünüz, çünki Rәbb çox rәhmli vә mәrhәmәtlidir. 12 Lakin hәr şeydәn әvvәl, qardaşlarım, nә göyә, nә yerә, nә dә başqa bir şeyә and için. Qoy sizdә "bәli" niz bәli, "xeyr" iniz xeyr olsun ki, mühakimәyә düşmәyәsiniz. 13 Aranızda әzab çәkәn varmı? Qoy dua etsin. Şadlanan varmı? Qoy ilahi oxusun. 14 Aranızda xәstә olan varmı? Qoy imanlılar cәmiyyәtinin ağsaqqallarını çağırtdırsın. Onlar da Rәbbin adına onu yağla mәsh edәrәk dua etsinlәr. 15 İmanla edilәn dua xәstәni sağaldacaq vә Rәbb onu ayağa qaldıracaq. Әgәr o adam günah edibsә, bağışlanacaq. 16 Belәliklә, günahlarınızı bir-birinizә etiraf edin vә bir-biriniz üçün dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü vә tәsirlidir. 17 İlyas tәbiәtcә bizim kimi bir adam idi vә o sәylә dua etdi ki, yağış olmasın. Üç il altı ay torpağa yağış yağmadı. 18 O yenә dә dua etdi vә göy yağış yağdırdı, torpaq da barını verdi. 19 Qardaşlarım, әgәr aranızdan biri haqq yolundan azar vә kimsә onu doğru yola qaytararsa, 20 qoy bilsin ki, günahkarı azdığı yolundan qaytaran onun canını ölümdәn xilas edәr vә bir çox günahın üstünü örtәr. 

 http://gospelgo.com/u/azeri_nt.htm#James

Nenhum comentário:

Postar um comentário